← Leviticus (16/27) → |
1. | Harunun iki oğlu Rəbbin hüzuruna yaxınlaşıb öləndən sonra Rəbb Musaya dedi: |
2. | «Qardaşın Haruna söylə ki, istənilən vaxt pərdənin iç tərəfindəki Müqəddəs yerə, sandıq üzərindəki kəffarə qapağının önünə keçməsin ki, özü ölməsin, çünki Mən kəffarə qapağının üzərindəki buludda zahir oluram. |
3. | Buna görə Harun Müqəddəs yerə yalnız belə girə bilər: günah qurbanı üçün bir buğa və yandırma qurbanı üçün bir qoç götürsün; |
4. | müqəddəs kətan xirqə geysin, əynində kətan alt paltarı da olsun, belinə kətan qurşaq bağlasın, başına çalma qoysun. Bunlar müqəddəs geyimlərdir. Qoy Harun əvvəl bədənini su ilə yusun, sonra onları geysin. |
5. | İsrail övladlarının icmasından günah qurbanı iki təkə və yandırma qurbanı üçün bir qoç götürsün. |
6. | Harun özü üçün günah qurbanı olan buğanı təqdim etsin. Bununla həm özü, həm də ailəsi üçün günahını kəffarə etsin. |
7. | Sonra Harun iki təkəni götürüb Rəbbin önündə Hüzur çadırının girişində saxlasın. |
8. | Harun bu təkələrdən birini Rəbb üçün, o birisini Azazel üçün püşklə seçsin. |
9. | Sonra Harun püşklə Rəbbə məxsus olan təkəni günah qurbanı olaraq təqdim etsin. |
10. | Püşklə Azazel olmaq üçün seçilən təkəni isə Rəbbin önündə diri saxlasın ki, onu sonra Azazel olaraq çölə göndərib onunla kəffarə etsin. |
11. | Harun özü ilə ailəsi üçün kəffarə edən günah qurbanını – buğanı kəssin. |
12. | Rəbbin hüzurundan, qurbangahdan gətirilən közərmiş kömürlə dolmuş bir buxurdan götürüb, iki ovuc dolu narın əzilən xoş ətirli buxurla pərdənin iç tərəfinə keçsin. |
13. | Rəbbin hüzurunda buxuru oda qoysun. Beləcə buxur tüstüsü bulud ilə Şəhadət sandığının üzərində olan kəffarə qapağını örtsün ki, özü ölməsin. |
14. | Buğanın qanından götürüb barmağı ilə qapağın ön tərəfinə – qapağın qarşısına da yeddi dəfə çiləsin. |
15. | Sonra xalq üçün günah qurbanı olan təkəni kəssin və onun qanını pərdənin iç tərəfinə gətirib qanını buğanın qanı kimi kəffarə qapağının ön tərəfinə və qarşısına çiləsin. |
16. | Bununla Harun İsrail övladlarının murdarlığına, qanunsuzluğuna və bütün günahlarına görə Müqəddəs yer üçün kəffarə etsin; murdar xalqın arasında yerləşdiyinə görə Hüzur çadırı üçün belə etsin. |
17. | Müqəddəs yerdə kəffarə etməyə girəndən çıxana qədər Hüzur çadırında da heç kim olmasın. Harun özü, ailəsi və bütün İsrail camaatı üçün kəffarə edib |
18. | çıxsın, sonra Rəbbin önündə olan qurbangaha gedib onun üçün kəffarə etsin; buğanın və təkənin qanından götürüb qurbangahın buynuzlarının ətrafına çəksin. |
19. | Harun qurbangahın üstünə barmağı ilə yeddi dəfə qan çiləsin. Beləcə onu İsrail övladlarının murdarlığından pak edib təqdis edin. |
20. | Qoy Harun Müqəddəs yeri, Hüzur çadırını, qurbangahı kəffarə edib qurtarandan sonra sağ qalan təkəni gətirsin |
21. | və iki əlini o təkənin başına qoyub İsraillilərin bütün qanunsuzluğundan və günahlarından ötrü qazandığı cəzanın hamısını onun üzərində etiraf etsin və təkənin başına ötürsün. Sonra bu iş üçün təyin olunan bir adamın vasitəsilə çöldə yola salınsın. |
22. | Təkə onların bütün cəzasını öz üzərində ayaq dəyməmiş torpağa aparsın. O adam təkəni çöldə yola salsın. |
23. | Harun Hüzur çadırına girsin və Müqəddəs yerə girən zaman geymiş olduğu kətan geyimi çıxarıb orada qoysun. |
24. | Müqəddəs bir yerdə bədənini su ilə yusun və öz geyimini geysin. Oradan çıxıb öz yandırma qurbanını və xalqın yandırma qurbanını təqdim etsin. |
25. | Günah qurbanının piyini də qurbangahda tüstülədib yandırsın. |
26. | Azazel olan təkəni yola salan adam da geyimini və bədənini su ilə yusun, sonra düşərgəyə girsin. |
27. | Müqəddəs yerdə kəffarə etmək üçün qanı oraya gətirilən günah qurbanı olan buğa ilə təkənin dəri, ət və bağırsaqları düşərgənin kənarına aparılıb yandırılsın. |
28. | Onları yandıran adam geyimini, bədənini su ilə yusun, ondan sonra düşərgəyə girsin. |
29. | Bu sizin üçün əbədi bir qayda olsun. Yeddinci ayın onuncu günündə özünüzü hər şeydən məhrum edib heç bir iş görməyin; həm yerliləriniz, həm də aranızda yaşayan yadellilər belə etsin. |
30. | Çünki o gün sizin üçün kəffarə olunacaq ki, siz pak olasınız və Rəbbin hüzurunda bütün günahlarınızdan təmizlənəcəksiniz. |
31. | O gün sizin üçün Şənbə gününə bənzər istirahət günüdür. Özünüzü hər şeydən məhrum edin. Bu, əbədi qayda olsun. |
32. | Atasının yerinə kahinlik etmək üçün məsh edilmiş vəzifəli baş kahin belə kəffarə etsin: o, müqəddəs kətan geyimlərini geyib |
33. | Ən Müqəddəs yer, Hüzur çadırı, qurbangah üçün kəffarə etsin; kahinlər və camaatın hər biri üçün də kəffarə etsin. |
34. | İldə bir dəfə İsrail övladlarının bütün günahlarının kəffarə edilməsi üçün bu sizə əbədi qayda olsun». Rəbbin Musaya əmr etdiyi kimi oldu. |
← Leviticus (16/27) → |