← Leviticus (15/27) → |
1. | Rəbb Musaya və Haruna dedi: |
2. | «İsrail övladlarına belə deyin: “Bir nəfərin xəstəliyə görə bədən axıntısı olarsa, o murdar sayılsın. |
3. | Xəstəliyə görə bədən axıntısı istər sərbəst axsın, istərsə də qatılaşsın, o şəxs murdar sayılır. |
4. | Üstündə yatdığı hər yataq və oturduğu hər şey murdar sayılsın. |
5. | Kim onun yatağına toxunarsa, geyimini yusun, su ilə yuyunsun; sonra axşama qədər murdar sayılsın. |
6. | Xəstəliyə görə bədən axıntısı olan şəxs üstündə oturduğu əşyanın üstündə oturan hər kəs də geyimlərini yusun, su ilə yuyunsun, sonra axşama qədər murdar sayılsın. |
7. | Xəstəliyə görə bədən axıntısı olan şəxsin bədəninə toxunan hər kəs də geyimini yusun və özü su ilə yuyunsun, sonra axşama qədər murdar sayılsın. |
8. | Xəstəliyə görə bədən axıntısı olan şəxs pak adama tüpürsə, o adam geyimini yusun, su ilə yuyunsun. O, axşama qədər murdar sayılsın. |
9. | Xəstəliyə görə bədən axıntısı olan şəxsin mindiyi hər yəhər murdar sayılsın. |
10. | Onun altında olmuş hər şeyə toxunan hər kəs də geyimlərini yusun, su ilə yuyunsun, sonra axşama qədər murdar sayılsın; belə şey daşıyan hər kəs də geyimini yusun. |
11. | Xəstəliyə görə bədən axıntısı olan şəxs əllərini yumamış kimə toxunarsa, o adam geyimlərini yusun və su ilə yuyunsun, sonra axşama qədər murdar sayılsın. |
12. | Xəstəliyə görə bədən axıntısı olan şəxsin toxunduğu hər saxsı qab sındırılsın, taxta qab isə su ilə yuyulsun. |
13. | Bu adam öz axıntısı kəsildiyi halda paklanmaq üçün yeddi gün gözləsin, geyimini yusun, bədənini axar su ilə yusun, sonra pak sayılsın. |
14. | Səkkizinci gün iki qumru quşu ya iki göyərçin götürüb Rəbbin hüzuruna – Hüzur çadırının girişinə gəlsin və bunları kahinə versin. |
15. | Kahin quşların birini günah qurbanı, o birini isə yandırma qurbanı kimi təqdim etsin. Bunlarla kahin o şəxs üçün axıntısına görə Rəbbin önündə kəffarə etsin. |
16. | Toxumu tökülən hər kişi bütün bədənini su ilə yusun, sonra axşama qədər murdar sayılsın. |
17. | Üstünə toxum tökülüb bulaşan hər geyim ya da dəri əşya yuyulsun, sonra axşama qədər murdar sayılsın. |
18. | Kişi qadınla yaxınlıq edəndə toxumu tökülsə, hər ikisi su ilə yuyunsun. Sonra onlar axşama qədər murdar sayılsın. |
19. | Aybaşı vaxtı qanaxması olan hər qadın yeddi gün murdar sayılsın, ona toxunan hər kəs isə axşama qədər murdar sayılsın. |
20. | Aybaşı müddəti qadın nəyin üzərində uzanıb və yaxud otursa, hər şey murdar sayılsın. |
21. | O qadının yatağına toxunan hər kəs öz geyimlərini yusun, su ilə yuyunsun və axşama qədər murdar sayılsın. |
22. | O qadının oturduğu hər şeyə toxunan hər kəs də geyimlərini yusun, su ilə yuyunsun, sonra axşama qədər murdar sayılsın. |
23. | Əgər bir adam o qadının yatağına ya üstündə oturduğu şeyə toxunsa, o adam axşama qədər murdar sayılsın. |
24. | Əgər kişi qadınla yaxınlıq edən zaman qadın aybaşı görsə və kişi onunla bulaşsa, kişi də yeddi gün murdar sayılsın; kişinin yatdığı hər yataq da murdar sayılsın. |
25. | Bir qadının aybaşı vaxtından kənar ya da sonra neçə gün davam edən qanaxması olarsa, bütün bu axıntı müddəti aybaşı murdarlığı dövründəki kimi murdar sayılsın. |
26. | Bütün axıntı vaxtı aybaşı murdarlığı vaxtı kimi üstündə yatdığı yataq və oturduğu hər şey murdar sayılsın. |
27. | Onlara toxunan hər kəs də murdar sayılsın. Qoy o, geyimini yusun, su ilə yuyunsun və axşama qədər murdar sayılsın. |
28. | Əgər axıntısı kəsilsə, o qadın yeddi gün gözləsin, sonra pak sayılsın. |
29. | Səkkizinci gün həmin o qadın iki qumru quşu yaxud iki göyərçin götürüb Hüzur çadırının girişinə, kahinin yanına gətirsin. |
30. | Kahin quşların birini günah qurbanı, o birisini isə yandırma qurbanı kimi təqdim etsin. Bunlarla kahin bu qadın üçün axıntısının murdarlığını Rəbbin önündə kəffarə etsin. |
31. | Beləcə İsrail övladlarını öz murdarlığından ayırın ki, aralarında olan Mənim məskənimi murdarlığı ilə murdar edib ölməsinlər”». |
32. | Bu təlimat xəstəliyə görə bədən axıntısı olan adamlar üçün, toxumu tökülməklə murdarlanan hər kişi üçün, |
33. | aybaşı olub murdarlanan hər qadın üçün, axıntı növünə görə olan hər kişi və hər qadın üçün, murdar qadınla yaxınlıq edən hər kişi üçündür. |
← Leviticus (15/27) → |