← Leviticus (13/27) → |
1. | Rəbb Musaya və Haruna dedi: |
2. | «Bir adamın dərisində şiş yaxud səpki yaxud ləkə əmələ gəlib dəridə cüzam kimi görünən bir əlaməti olarsa, qoy o adam kahin Harunun yaxud onun nəslindən olan kahinlərin birinin yanına gətirilsin. |
3. | Kahin dəridəki əlamətə baxsın. Əlamət üstündəki tükləri ağardıb dəridən dərin görünsə, bu, cüzamın bir əlamətidir. Kahin baxıb o adamı murdar elan etsin. |
4. | Əgər dərisindəki ləkə ağ olub dəridən dərin görünməsə və üstündəki tükləri ağartmasa, kahin azarlını yeddi gün müddətinə təcrid etsin. |
5. | Yeddinci gün kahin ona baxsın. Onun nəzərində əlamət yerində qalıb dərisinə yayılmayıbsa, kahin onu yenə də yeddi gün müddətinə təcrid etsin. |
6. | Yeddinci gün kahin yenə də ona baxsın. Əlamət dərisinə yayılmayıb, solubsa, kahin o adamı pak elan etsin. Bu azar dəri səpməsidir. Qoy o adam geyimlərini yusun, sonra pak sayılsın. |
7. | Lakin kahin ona baxıb pak saydıqdan sonra səpmə dərisinə yayılırsa, o yenə də özünü kahinə göstərsin. |
8. | Kahin yenə də ona baxsın, dərisindəki səpmə yayılıbsa, kahin o adamı murdar elan etsin. Bu cüzamdır. |
9. | Bir adamın dərisində cüzam əlaməti əmələ gələrsə, qoy o adam kahinin yanına gətirilsin. |
10. | Kahin ona baxsın, dəridəki tükləri ağardan xoralı ağ bir şiş varsa, |
11. | bu, bədəninin dərisində kök salmış cüzamdır. Kahin o adamı murdar elan etsin, amma təcrid etməsin, çünki o murdardır. |
12. | Əgər cüzam dəriyə yayılıb bütün bədəni bürüsə və əlamətin onu təpədən dırnağadək tutması kahinə görünsə, |
13. | qoy kahin diqqətlə baxsın. Cüzam bütün bədəni bürüyübsə, kahin azarlını pak elan etsin. Ağardığı üçün o adam pak sayılsın. |
14. | Lakin o adamda xoralanma görünsə o, murdar sayılsın. |
15. | Kahin o adama baxıb xoralanma görsə, onu murdar elan etsin. Xoralanma murdardır, o, cüzamdır. |
16. | Xoralanma sağalıb ağardığı halda o adam kahinin yanına getsin |
17. | və kahin ona baxsın; əlamət ağarıbsa, o adamı pak elan etsin, çünki o, pakdır. |
18. | Bir adamın dərisində çiban əmələ gəlib sağaldıqdan sonra |
19. | və yerində ağ şiş yaxud qırmızımtıl-ağ parlaq ləkə əmələ gələn halda bu əlamət kahinə göstərilsin. |
20. | Kahin ləkəyə baxsın, üstündəki tükləri ağarıb dəridən dərin görünsə, kahin o adamı murdar elan etsin. Bu, çibanla başlanan cüzamdır. |
21. | Əgər kahin baxıb görsə ki, ləkənin üstündəki ağ tüklər yoxdur və ləkə dəridən dərin deyil, solğundur, onda kahin azarlını yeddi gün müddətinə təcrid etsin. |
22. | Əgər dəridəki ləkə yayılırsa, kahin adamı murdar elan etsin. Çünki bu, əlamətdir. |
23. | Amma ləkə yerində qalıb yayılmayıbsa, bu, çibandan qalan çapıqdır. Kahin o adamı pak elan etsin. |
24. | Bir adamın dərisində olan yanıq yerində qırmızımtıl-ağ yaxud ağ parlaq ləkə əmələ gələrsə, |
25. | kahin ləkəyə baxsın, ləkə üstündəki tükləri ağardıb dəridən dərin görünsə, bu yanıqda başlanan cüzamdır. Kahin o adamı murdar elan etsin, çünki bu cüzamın əlamətidir. |
26. | Əgər kahin baxıb görsə ki, ləkənin üstündə ağ tüklər yoxdur və ləkə dəridən dərin olmayaraq solğun görünür, bu halda kahin azarlını yeddi gün müddətinə təcrid etsin. |
27. | Yeddinci gün kahin yenə azarlıya baxsın. Əgər ləkə dəriyə yayılıbsa, kahin o adamı murdar elan etsin; bu, cüzamın əlamətidir. |
28. | Amma ləkə yerində qalıb dərisində yayılmayıbsa və solubsa, bu, yanıqdan qalan şişdir; kahin o adamı pak elan etsin, çünki bu, yanıqdan qalan izdir. |
29. | Bir kişinin ya qadının başında ya çənəsində əlamət olanda |
30. | kahin ona baxsın. Əlamət dəridən dərin görünürsə və üstündəki tüklər sarı və nazikdirsə, kahin onu murdar elan etsin. Bu başda ya da çənədə iyrənc xəstəlik – qoturdur. |
31. | Kahin qotur əlamətinə baxsın. Əlamət dəridən dərin görünməyib üstündə qara tüklər olmayan halda kahin qotur adamı yeddi gün müddətinə təcrid etsin. |
32. | Kahin yeddinci gün yenə də əlamətə baxsın, qoturluq yayılmayıbsa, üstündəki tüklər saralmayıbsa, qoturluq da dəridən dərin görünmürsə, |
33. | qoy o adam qoturluq olan yerdən başqa bütün bədənini qırxsın. Sonra kahin onu yenə də yeddi gün müddətinə təcrid etsin. |
34. | Yeddinci gün kahin yenə də əlamətə baxsın. Əgər qotur dəriyə yayılmayıbsa və dəridən dərin görünməsə, kahin o adamı pak elan etsin. Qoy o adam geyimlərini yusun, sonra da pak sayılsın. |
35. | Lakin əgər kahin xəstəni pak saydıqdan sonra qoturluq dəriyə yayılırsa, |
36. | kahin ona təkrarən baxsın. Qoturluq dərisinə yayılıbsa, kahin üstündəki sarı tükün olub-olmamasına baxmasın. O adam murdar sayılsın. |
37. | Lakin kahinin nəzərində qoturluq yerində qalıbsa və üstündə qara tük əmələ gəlirsə, qotur keçir və onda o adam pak sayılsın, kahin onu pak elan etsin. |
38. | Bir kişinin yaxud qadının dərisində ağ parlaq ləkələr olarsa, |
39. | qoy kahin baxsın; dərisində donuq ağ ləkələr varsa, bu başlanan dəmrovdur. O adam pak sayılsın. |
40. | Başının təpəsində saçı tökülmüş kişi dazdır. O pak sayılsın. |
41. | Əgər alnından saçı tökülübsə, o adamın alnı açılmışdır və o pak sayılsın. |
42. | Lakin daz və yaxud alnı açılmış adamın saçı tökülən yerdən qırmızımtıl-ağ ləkə çıxarsa, bu həmin yerdə başlanan cüzamdır. |
43. | Kahin oraya baxsın, saçı tökülmüş yerdəki şiş qırmızımtıl-ağdırsa və cüzam kimi görünürsə, |
44. | o kişi iyrənc xəstəliyə tutulduğu üçün murdar sayılsın. Başındakı əlamətə görə kahin mütləq onu murdar elan etsin. |
45. | Belə iyrənc xəstəliyə tutulan adamın geyimləri cırıq, saçı isə dağınıq olmalıdır. O adam üzünün aşağı hissəsini örtüb “Murdaram! Murdaram!” deyə çığırsın. |
46. | Dərisində əlamət olduğu bütün müddət o murdar sayılsın. Murdarlığına görə düşərgədən kənarda tək yaşasın. |
47. | Üstündə iyrənc kif əlaməti olan hər cür parça: yun ya da kətan geyim |
48. | yaxud hər cür toxunma parça yaxud dəri və hər dəri məmulatı haqqında təlimat budur. |
49. | Ya geyimdə, dəridə ya da hər cür parçada, dəridən düzəlmiş hər bir əşyada əmələ gələn əlamət yaşıltəhər və ya qırmızımtıl olsa, bu, iyrənc kif əlamətidir. Qoy bu, kahinə göstərilsin. |
50. | Kahin ona baxıb, əşyanı yeddi gün müddətinə təcrid etsin. |
51. | Yeddinci gün yenə də ona baxıb görsə ki, geyimə, parçaya, dəriyə yaxud dəridən düzəlmiş məmulata əlamət yayılıb, bu əlamət təhlükəli iyrənc kifdir, murdar sayılsın. |
52. | Üstündə əlamət olan yun ya da kətan geyimi yaxud parçanı yaxud dəridən olan əşyanı kahin yandırsın. Bu, iyrənc təhlükəli kifdir, yandırılsın. |
53. | Amma əgər kahin baxıb görsə ki, geyimə, parçaya yaxud dəridən olan əşyaya əlamət yayılmayıb, |
54. | kahin əmr versin ki, üstündə əlamət olan hər şey yuyulsun. Sonra onu yenə də yeddi gün müddətinə təcrid etsin. |
55. | Əlamət yuyulduqdan sonra kahin yenə də o şeyə baxsın. Əlamət yayılmadığı halda görkəmini dəyişməyibsə, o şey murdar sayılsın. Əlamət istər ön, istərsə arxa tərəfindən olsun, onu yandırmalısınız. |
56. | Lakin kahin baxıb görsə ki, əlamət yuyulduqdan sonra rəngi solub, qoy onu geyimdən, dəridən yaxud parçadan qopartsın. |
57. | Əgər bundan sonra əlamət geyimdə, parçada yaxud dəri əşyada yenidən əmələ gələrsə, o əşyanın sahibi onu yandırsın. |
58. | Yuyulduqdan sonra əlamət üstündən yox olan paltar, parça yaxud dəri əşya yenə də yuyulub pak sayılsın. |
59. | Bu, yun və ya kətan geyimdə, hər toxunma parçada və dəridən olan hər əşyada əmələ gələn iyrənc kif əlamətinə əsasən onu pak ya murdar saymaq üçün təlimatdır». |
← Leviticus (13/27) → |