← Leviticus (10/27) → |
1. | Harun oğulları Nadav və Avihu buxurdanlarını götürüb içinə közərmiş kömürlə buxur qoydular və Rəbbin önünə haram od gətirdilər. Belə təqdimi Rəbb əmr etməmişdi. |
2. | Rəbb hüzurundan od göndərib onları məhv etdi. Onlar Rəbbin hüzurunda öldülər. |
3. | Musa Haruna dedi: «Budur, Rəbb belə demişdir: “Mənə yaxınlaşanlar Məni müqəddəs saysınlar; Bütün xalq məni izzətləndirsin”». Harun isə susurdu. |
4. | Musa Harunun əmisi Uzzielin oğulları Mişaellə Elsafanı çağırıb dedi: «Yaxın gəlin və qardaşlarınızın cəsədlərini Müqəddəs yerin önündən düşərgənin kənarına aparıb qoyun». |
5. | Musa bu sözü deyən kimi onlar yaxınlaşdılar və cəsədləri xirqələri əynindəcə düşərgənin kənarına aparıb qoydular. |
6. | Musa Haruna və onun sağ qalan oğulları Eleazar və İtamara dedi: «Siz yas tutaraq saçlarınızı dağıtmayın, geyimlərinizi cırmayın. Yoxsa ölərsiniz və Rəbb bütün icmaya qəzəblənər. Ancaq bütün İsrailli soydaşlarınız Rəbbin yandırdığı adamların yasını tutsun. |
7. | Hüzur çadırının girişindən kənara çıxmayın, yoxsa ölərsiniz, çünki Rəbbin məsh yağı sizin üstünüzdədir». Onlar da Musanın dediyi kimi etdilər. |
8. | Rəbb Haruna dedi: |
9. | «Sən və övladların Hüzur çadırına nə şərab, nə də başqa kefləndirici içki içib girməyin, yoxsa ölərsiniz. Qoy bu, nəsildən-nəslə sizin üçün əbədi qayda olsun. |
10. | Müqəddəslə adi şeyləri ayırd edin, həm də pak və murdar şeylər arasında fərq qoyun. |
11. | Mənim Musa vasitəsilə bəyan etdiyim bütün qaydaları İsrail övladlarına öyrədin». |
12. | Musa Haruna və sağ qalan oğulları Eleazarla İtamara dedi: «Rəbb üçün verilən yandırma təqdimlərindən qalan taxıl təqdimini götürün və mayasız çörək bişirib qurbangahın yanında yeyin, çünki bu ən müqəddəsdir. |
13. | Onu müqəddəs bir yerdə yeyin, mənə verilmiş əmrə görə bu, Rəbb üçün verilən yandırma təqdimlərindən sənin və övladlarının payına düşür. |
14. | Yellədilən döş ətini və qaldırılan bud ətini isə sən, oğulların və qızların pak bir yerdə yeyin; çünki bunlar İsrail övladlarının ünsiyyət qurbanlarından sənin və övladlarının payı kimi ayrılıb. |
15. | Qaldırılan bud ətini və yellədilən döş ətini Rəbbin önündə yellətmək üçün yandırma təqdimi olan piylə birlikdə gətirin. Bu sizin və övladlarınızın əbədi payı olacaq. Rəbb belə əmr etmişdir». |
16. | Musa günah qurbanı olan təkəni axtardı. O isə yandırılmışdı. Musa Harunun sağ qalan oğullarına – Eleazara və İtamara qəzəblənib dedi: |
17. | «Siz nə üçün günah qurbanını müqəddəs sayılan yerdə yemədiniz? Çünki bu qurban ən müqəddəsdir və sizə verilib ki, onunla icmanın günahlarının cəzasını üzərindən götürüb onlar üçün Rəbbin önündə kəffarə edəsiniz. |
18. | Təkənin qanı içəri, Müqəddəs yerə gətirilmədi. Mən sizə əmr etdiyim kimi siz onun ətini mütləq Müqəddəs yerdə yeməli idiniz». |
19. | Harun Musaya dedi: «Bu gün günah qurbanı və yandırma qurbanı Rəbbin önündə təqdim olunmuşdur. Ancaq başıma belə iş gəldi. Əgər mən bu gün günah qurbanını yemiş olsaydım, o, Rəbbə məqbul olardımı?» |
20. | Musa bunu eşidib razılaşdı. |
← Leviticus (10/27) → |