← Lamentations (5/5) |
1. | Ya Rəbb, başımıza gələni yada sal Gör bu xəcalətimizi, buna nəzər sal. |
2. | İrs torpağımız yadellilərin əlinə keçib, Evlərimiz əcnəbilərə verilib. |
3. | Atalarımız öldü, yetim qaldıq, Analarımız dul qaldı. |
4. | Suyumuzu pulla alıb içirik, Pulla odun almağa məcburuq. |
5. | Bizi qovub başımızdan basırlar, Yorulmuşuq, bizi rahat qoymurlar. |
6. | Doyunca çörək yemək üçün Misirə, Aşşura əl açmışıq. |
7. | Ata-babalarımız günah işlədərək keçib-getdi, Təqsirlərinin cəzası üstümüzə yükləndi. |
8. | Qullar bizə hökmran olub, Bizi onların əlindən qurtaran yoxdur. |
9. | Çöldəki qılınca görə, Canımız bahasına çörək qazanırıq. |
10. | Aclıq bizi yandırıb-yaxdığına görə Dərimiz qaralıb, kürəyə bənzəyir. |
11. | Sionda qadınlar, Yəhuda şəhərlərindəki bakirə qızlar zorlanır. |
12. | Başçılar əllərindən asılıb, Ağsaqqallar hörmətdən düşüb. |
13. | Məcburiyyət qarşısında cavanlar əl dəyirmanını çəkir, Oğlanlar odun yükləri altında səndələyir. |
14. | Şəhər darvazasında ağsaqqallar oturmur, Gənclər çalğı alətlərində çalmır. |
15. | Ürəyimizdən şadlıq çəkilib, Oyunlarımız yasa çevrilib. |
16. | Başımızın tacı düşüb, Vay halımıza! Çünki günah işlətmişik. |
17. | Buna görə ürəklərimiz çəkilib, Gözlərimiz qaralıb, |
18. | Çünki Sion dağı viran qalıb, Üstündə tülkülər gəzib-dolaşır. |
19. | Sən isə, ya Rəbb, əbədi hökmransan, Nəsildən-nəslə qədər taxtında oturacaqsan. |
20. | Uzun zamandan bəri niyə bizi bu qədər tərk etmisən? Niyə bizi bu qədər uzun müddətə tərk etmisən? |
21. | Ya Rəbb, bizi Özünə qaytar, Təzədən əvvəlki günlərimizə qayıdaq! |
22. | Yoxsa hüzurundan bizi tamamilə atmısan, Bizə qarşı hədsiz qəzəblənmisən? |
← Lamentations (5/5) |