← Lamentations (4/5) → |
1. | Qızıl necə də tutqunlaşdı, Saf qızıl parıltıdan düşdü. Müqəddəs daşlar Hər küçə başına dağılmışlar. |
2. | Sion övladları tərəziyə qoyulanda Saf qızıldan da qiymətli idi. İndi isə onlar saxsı qablara, Dulusçunun əl işinə bərabər olublar. |
3. | Çaqqallar belə, balalarına əmcək verir, Onları əmizdirir. Əziz xalqım isə insafı atır, Səhra dəvəquşularına oxşayır. |
4. | Südəmər körpənin dili Susuzluqdan damağına yapışır. Uşaqlar yemək istəyir, verən yoxdur. |
5. | Ən ləziz yeməkləri yeyənlər İndi küçələrdə taqətdən düşüblər. Al rəngli paltar geyib-böyüyənlər Zibillikdə yatırlar. |
6. | Axı əziz xalqımın təqsiri Sodomun günahını keçdi, Bu şəhər əl toxunmadan Bir andaca yerlə yeksan oldu. |
7. | Yerusəlimin başçıları qardan da təmiz idi, Süddən də bəyaz idi, Vücudları qıpqırmızı yaqut kimi idi, Zahirən göy yaquta bənzəyirdi. |
8. | İndisə üzləri kömür kimi qaralıb, Küçələrdə heç birini tanımaq olmur, Onlar cılızlaşaraq bir sümük, bir də dəri qalıb, Ağac kimi quruyub. |
9. | Bu aclığın qurbanındansa Qılınc qurbanı olan bəxtiyardır. Zəminin məhsulundan məhrum olmuşdular, Əriyən canlarında can qalmayıb. |
10. | Hətta ən qəlbiyumşaq qadınlar Öz əlləri ilə balalarını bişirirdi. Əziz xalqım qırılarkən Balalarının ətini yeyirdi. |
11. | Rəbb hiddətini boşaltdı, Qızğın qəzəbini yağdırdı, Sionda alovunu alışdırdı, Onu təməlinədək yandırıb-yaxdı. |
12. | Dünyada heç bir padşah inanmazdı ki, Yerusəlimin darvazalarından keçib Yağılar və düşmənlər Bu şəhəri zəbt edər. |
13. | Bu iş şəhərdə salehlərin qanının tökülməsi Peyğəmbərlərin günahları, kahinlərin təqsirləri üzündən oldu, |
14. | Kor kimi küçələrdə dolanırdılar, Qanla murdar oldular, Onların libaslarına belə, Kimsə toxuna bilməz. |
15. | İnsanlar onlara qışqırır: «Ey murdarlar, rədd olun! İtilin buradan, bizə dəyməyin, rədd olun!» Onlar qaçqın, sərgərdan dolanarkən Başqa millətlər deyir: «Bunlar burada qalmasın!» |
16. | Rəbb Özü onları pərən-pərən saldı, Onlara yenidən baxmaz, O daha kahinlərə hörmət etmir, Ağsaqqallara xeyirxahlıq göstərmir. |
17. | Hər an boş yerə yardım gözləməkdən Gözlərimiz taqətdən düşdü, Bizi qurtara bilməyən milləti Hey gözlədik, gəlmədi. |
18. | Ardımızca düşmən düşüb, Küçələrdə gəzə bilmirik. Sonumuz çatdı, günlərimiz bitdi, Aqibətimiz sona yetdi. |
19. | Bizi təqib edənlər Göylərdəki qartallardan sürətlidirlər, Dağlarda ardımızca düşdülər, Pusqu qurub səhrada gözlədilər. |
20. | Rəbbin məsh etdiyi, həyatımızın nəfəsi Onların xəndəklərində yaxalandı, Halbuki deyirdik: «Onun kölgəsində Millətlərin içində yaşayacağıq». |
21. | Ey Us ölkəsində yaşayan Edom xalqı, Sevin, fərəhlən! Sən də bu kasadan içəcəksən, Sərxoş olub, çılpaq qalacaqsan. |
22. | Ey Sion qızı, təqsirinin cəzası sona çatdı, Rəbb səni bir daha sürgünə göndərməyəcək, Ey Edom xalqı, təqsirini cəzasına çatdıracaq, Günahlarını meydana çıxaracaq. |
← Lamentations (4/5) → |