← Judges (9/21) → |
1. | Yerub-Baalın oğlu Avimelek Şekemə, dayılarının yanına getdi. Onlara və bütün ana nəslinə belə dedi: |
2. | «Rica edirəm, bütün Şekem başçılarına bunu eşitdirib deyin: “Sizin üçün hansı yaxşıdır, Yerub-Baalın yetmiş oğlu sizə hakimlik etsin, yoxsa bir nəfər? Unutmayın ki, mən sizin sümüyünüzdən və ətinizdənəm”». |
3. | Dayıları onun söylədiyi bu sözləri bütün Şekem əhalisinə çatdırdı. Bundan sonra onların da könülləri Avimelekə meyl etdi və «o bizim soydaşımızdır» dedilər. |
4. | Ona Baal-Beritin ibadət evindən yetmiş şekel gümüş verdilər. Avimelek isə özünə muzdla yaramaz və macəraçı adamlar tutdu. Onlar Avimelekin ardınca getdilər. |
5. | Avimelek Ofraya – öz ata evinə gəldi və qardaşları Yerub-Baalın yetmiş oğlunu bir daş üstündə öldürdü. Təkcə Yerub-Baalın kiçik oğlu Yotam sağ qalmışdı, ona görə ki gizlənə bilmişdi. |
6. | Bütün Şekem və Bet-Millo əhalisi toplaşaraq gedib Şekemdə daş sütunun yanındakı palıd ağacının yaxınlığında Avimeleki padşah elan etdi. |
7. | Bu xəbər Yotama çatanda o gedib Gerizim dağının təpəsində durdu və bərkdən çığırıb onlara belə dedi: «Ey Şekem sakinləri, məni dinləyin ki, Allah da sizi dinləsin. |
8. | Günlərin bir günündə bütün ağaclar özləri üçün padşah məsh etməkdən ötrü gedib zeytun ağacına dedilər: “Bizim padşahımız ol”. |
9. | Zeytun ağacı dedi: “Allahın və insanın şərəfi üçün məndən alınan yağı ataraq ağacların üstündəmi sallanıb qalım?” |
10. | Sonra ağaclar əncir ağacına dedilər: “Gəl sən bizə padşah ol”. |
11. | Əncir ağacı onlara dedi: “Şirinliyimi və gözəl meyvələrimi ataraq ağacların üstündəmi sallanıb qalım?” |
12. | Bu dəfə ağaclar üzüm tənəyinə dedilər: “Gəl sən bizə padşah ol”. |
13. | Üzüm tənəyi isə onlara dedi: “Allahı və insanları sevindirən təzə şərablarımı ataraq ağacların üstündəmi sallanıb qalım?” |
14. | Nəhayət, bütün ağaclar gəlib yabanı göyəmə dedilər: “Gəl sən bizə padşah ol”. |
15. | Yabanı göyəm dedi: “Əgər, həqiqətən, siz məni özünüzə padşah olaraq məsh edirsinizsə, gəlin mənim kölgəmə sığının. Belə olmazsa, qoy yabanı göyəmdən alov çıxsın və Livanın sidr ağaclarını yandırıb-yaxsın”. |
16. | Baxın Avimeleki padşah etməkdə haqq niyyət və doğruluqla iş gördünüzmü? Siz Yerub-Baala və onun nəslinə qarşı yaxşı iş gördünüzmü? Münasibətiniz atama layiqdirmi? |
17. | Axı atam sizin üçün döyüşdü və öz canını təhlükəyə atıb sizi Midyanın əlindən qurtardı. |
18. | Siz isə bu gün atamın nəslinin əleyhinə çıxıb yetmiş oğlunu bir daş üstündə öldürdünüz və sonra cariyəsindən olan oğlu Avimeleki Şekem əhalisinin padşahı etdiniz, çünki o sizin soydaşınızdır. |
19. | Əgər bu gün Yerub-Baalla onun nəsli üçün haqq niyyətlə və doğruluqla rəftar etdinizsə, onda bu Avimeleklə sevinin və qoy o da sizinlə sevinsin. |
20. | Yoxsa qoy Avimelekdən alov çıxıb Şekem başçılarını və Bet-Millo əhalisini yox etsin, onlardan da od çıxıb Avimeleki yox etsin». |
21. | Yotam qaçıb aradan çıxdı və Beerə getdi. Qardaşı Avimelekdən qorxduğu üçün orada qaldı. |
22. | Avimelek üç il İsrail üzərində başçılıq etdi. |
23. | Sonra Allahın izni ilə Avimeleklə Şekem əhalisinin arasına şər ruh girdi və onlar Avimelekə xəyanətlə yanaşdılar. |
24. | Bu ona görə baş verdi ki, həm Avimelek Yerub-Baalın yetmiş oğluna qarşı etdiyi günahın cəzasını çəksin, həm də Avimelekdən və onu bu qətlə sövq edən Şekem əhalisindən tökdükləri qanların qisası alınsın. |
25. | Şekem əhalisi dağların başında Avimelekə qarşı pusqu qurub yolda yanlarından keçənlərin hamısını soyurdular. Bunu Avimelekə xəbər verdilər. |
26. | Evedin oğlu Qaal və qardaşları gəlib Şekemdə məskunlaşdılar. Şekem əhalisi də ona etimad göstərdi. |
27. | Onlar çölə, bağlara gedib üzüm yığdılar. Sonra bu üzümləri əzib şənlik qurdular və öz allahlarının ibadətgahına gedərək yeyib-içib Avimelekə lənət oxudular. |
28. | Eved oğlu Qaal dedi: «Avimelek kimdir ki, biz Şekem sakinləri ona xidmət edək? Yerub-Baalın oğlu deyilmi? Onun müavini də Zevul deyilmi? Gəlin Şekemin atası Xamorun adamlarına xidmət edin! Axı nəyə görə biz Avimelekə xidmət etməliyik? |
29. | Kaş bu xalq mənim əlimdə olaydı! O zaman Avimeleki qovardım». Sonra Qaal Avimelekə dedi: «Ordunu yığ, meydana çıx!» |
30. | Şəhər başçısı Zevul Evedin oğlu Qaalın bu sözlərini eşidəndə qəzəbdən alışıb yandı. |
31. | Hiylə işlədərək Avimelekin yanına qasidlər göndərib dedi: «Budur, Eved oğlu Qaal ilə qardaşları Şekemə gəlib şəhəri sənin əleyhinə qaldırırlar. |
32. | İndi sən və adamların bu gecə qalxıb çöldə pusquda durun. |
33. | Səhər açılanda günəş doğar-doğmaz qalxıb şəhərə hücum edərsən. Bax Qaal ilə adamları sənə qarşı çıxarkən əlindən gələni et». |
34. | Avimeleklə adamları gecə ikən qalxdılar və dörd dəstə olub Şekemin yaxınlığında pusquda durdular. |
35. | Eved oğlu Qaal çıxıb şəhər darvazasının giriş yerində duranda Avimelek və adamları pusqudan çıxdılar. |
36. | Qaal onları görüb Zevula dedi: «Bax dağların təpəsindən bir dəstə xalq enir». Zevul ona dedi: «Gördüyün dağların kölgəsidir, adamlara oxşadırsan». |
37. | Qaal sözünə davam edərək dedi: «Bax ölkənin orta hissəsindən xalq enir. Gələcəyideyənlər palıdı yolundan da bir dəstə gəlir». |
38. | O zaman Zevul ona dedi: «“Avimelek kimdir ki, biz ona xidmət edək” deyə lovğalanan dilin haradadır? Həqarətlə baxdığın xalq bu xalq deyilmi? İndi meydana çıx, onunla döyüş». |
39. | Qaal Şekem əhalisinin qabağına çıxıb Avimeleklə döyüşdü. |
40. | Avimelek onu qovdu, Qaal onun qabağından qaçdı. Adamların çoxu yaralanaraq darvazanın giriş yerinə qədər yerə sərildi. |
41. | Avimelek Arumada yaşadı. Zevul isə Qaal ilə qardaşlarını Şekemdə yaşamağa qoymayıb qovdu. |
42. | Ertəsi gün Şekem xalqı çölə çıxanda bu barədə Avimelekə xəbər verildi. |
43. | O, ordusunu götürüb üç dəstəyə ayırdı və onlar çöldə pusqu qurub güddülər. Avimelek xalqın şəhərdən çıxdığını görəndə qalxıb hücuma keçdi. |
44. | Avimeleklə dəstəsi cəld irəli keçərək şəhər darvazasının girişində dayandılar. O biri iki dəstə isə çöldəki xalqın üstünə düşüb onları qırdı. |
45. | Avimelek bütün günü şəhərə hücum edərək şəhəri aldı. Orada olan adamları qırdı, şəhəri viran edib yerinə duz əkdi. |
46. | Şekemin qülləsindəki adamlar bunu eşidəndə El-Berit məbədinin qalasına girdilər. |
47. | Bütün Şekem qülləsindəkilərin oraya yığıldığını Avimelekə xəbər verdilər. |
48. | Avimelek bütün adamları ilə bərabər Salmon dağına çıxdı. Əlinə balta götürüb ağacdan bir budaq kəsdi və onu çiyinlərinin üstünə qoyub yanındakı xalqa belə dedi: «Cəld olun, mən necə edirəmsə, siz də elə edin». |
49. | Bütün xalq bir-bir budaqları kəsərək Avimelekin arxasınca getdi və budaqları qalanın ətrafında qoyub od vurdu. Şekem qülləsindəki adamlardan minə qədər kişi və qadın yanaraq öldü. |
50. | Avimelek Tevesə getdi və oranı mühasirə edib aldı. |
51. | Şəhərin ortasında möhkəm bir qüllə var idi. Bütün şəhər əhalisi – kişi və qadınlar qülləyə qaçaraq qapını arxalarınca bağlayıb qüllənin başına çıxdılar. |
52. | Avimelek gəlib qülləyə hücum etdi. Oraya od vurmaq üçün qüllənin qapısına yaxınlaşdı. |
53. | Onda bir qadın dəyirmanın üst daşını Avimelekin başına tullayaraq kəlləsini əzdi. |
54. | Avimelek tez silah daşıyan gənc nökərini çağırıb dedi: «Çək qılıncını, məni öldür. Qoy mənim üçün deməsinlər ki, onu bir arvad öldürdü». Nökər qılıncı ilə onu vuranda Avimelek öldü. |
55. | İsraillilər görəndə ki Avimelek ölüb, hamısı öz yerinə qayıtdı. |
56. | Bununla da Allah Avimelekin yetmiş qardaşını öldürməklə atasına etdiyi pisliyi öz başına gətirdi. |
57. | Allah Şekem əhalisinin də bütün pisliyini öz başlarına gətirdi. Yerub-Baalın oğlu Yotamın lənəti onların üstünə düşdü. |
← Judges (9/21) → |