← Judges (7/21) → |
1. | Yerub-Baal, yəni Gideon və onunla bərabər bütün xalq tezdən durub Xarod çeşməsinin başında ordugah qurdu. Midyan ordugahı isə onların şimal tərəfində More təpəsinin yanındakı vadidə idi. |
2. | Rəbb Gideona dedi: «Yanında olan xalqın sayı çoxdur, ona görə Midyanlıları onlara təslim etmirəm. Çünki İsraillilər Mənim qarşımda “öz əlimlə özümü qurtardım” deyib öyünəcək. |
3. | İndi sən xalqa bunu eşitdirib de: “Kim qorxudan əsirsə, Gilead dağından geri qayıtsın”». Xalqdan iyirmi iki min nəfəri geri qayıtdı, on min nəfəri qaldı. |
4. | Rəbb Gideona dedi: «Xalqın sayı yenə də çoxdur, onları su kənarına endir və orada adamları sənin üçün ələkdən keçirəcəyəm. “Bu səninlə gedəcək” dediyim adam səninlə gedəcək və “bu səninlə getməyəcək” dediyim bütün adamlar isə getməyəcək». |
5. | Gideon xalqı su kənarına endirəndə Rəbb ona dedi: «Suyu it kimi dili ilə içənlərin hamısını bir tərəfə, su içmək üçün dizüstə oturanların hamısını isə o biri tərəfə ayırıb yığarsan». |
6. | Əllərini ağızlarına aparıb suyu dili ilə içənlərin sayı üç yüz nəfər oldu. Lakin xalqın qalan hissəsi su içmək üçün dizüstə yerə oturdu. |
7. | Rəbb Gideona dedi: «Sizi dili ilə su içən bu üç yüz nəfərlə qurtaracağam və Midyanlıları sənə təslim edəcəyəm. Qoy xalqın qalan hissəsi öz yerinə qayıtsın». |
8. | Bu üç yüz adam xalqın azuqəsini və şeypurlarını əlindən aldı. Gideon qalan İsraillilərin hamısını bir nəfər kimi öz evlərinə göndərdi və üç yüz nəfəri yanında saxladı. Midyan ordugahı Gideonun olduğu yerin aşağısındakı vadidə idi. |
9. | O gecə Rəbb ona dedi: «Qalx, Midyan ordugahına en, çünki onları sənə təslim edirəm. |
10. | Əgər ordugaha enməyə qorxursansa, nökərin Pura ilə bərabər en. |
11. | Orada sən onların söhbətini eşidəcəksən, onda qüvvət alıb ordugaha enərsən». O zaman Gideon və nökəri Pura ordugahın kənarında olan silahlı adamların yanına endilər. |
12. | Vadiyə yığılan Midyanlılar, Amaleqlilər və bütün şərq xalqlarının sayı çəyirtkə qədər çox idi. Dəvələrinin isə dəniz sahilindəki qum qədər sayı-hesabı yox idi. |
13. | Gideon gəlib gördü ki, bir nəfər yoldaşına öz yuxusunu danışır və belə deyir: «Bax yuxumda görmüşəm ki, arpa unundan bişirilmiş bir yumru çörək yuvarlanaraq Midyan ordugahına girib çadıra çatdı, çadırı vurub yıxaraq alt-üst etdi və çadır yerə sərildi». |
14. | Yoldaşı ona cavab verdi: «Bu İsrailli Yoaş oğlu Gideonun qılıncından başqa bir şey deyil. Allah Midyanı və bütün ordugahını ona təslim edib». |
15. | Gideon yuxu danışan adamın hekayəsini və yozumunu eşidəndə Allaha səcdə qıldı və İsrail ordugahına qayıdıb dedi: «Qalxın, çünki Rəbb Midyan ordusunu bizə təslim edib». |
16. | Yanında olan üç yüz nəfəri üç dəstəyə ayırdı. Hamısının əlinə şeypurlar, boş dolçalar və dolçanın içində məşəllər verdi. |
17. | Onlara tapşırdı ki, «mənə baxın, mən necə edirəmsə, siz də elə edin. Bax mən ordugahın kənarına çatan zaman nə etsəm, siz də elə edin. |
18. | Mən və mənimlə bərabər olanların hamısı şeypur çalan kimi siz də ordugahın bütün ətrafında şeypurlarınızı çalın və “Rəbb üçün və Gideon üçün!” deyə bağırın». |
19. | Gideonla yanında olan yüz nəfər kişi orta növbəsinin başlanğıcında – növbətçilər təzə dəyişən zaman ordugahın kənarına çatdılar. Onlar şeypurlarını çalıb əllərindəki dolçaları qırdılar. |
20. | Üç dəstə də şeypur çalıb dolçaları qırdı, sol əllərində məşəl, sağ əllərində isə çaldıqları şeypuru tutub «Rəbbin və Gideonun qılıncı!» deyə bağırdılar. |
21. | Ordugahın ətrafında hamı öz yerində dayandı və bütün Midyan ordusuna vurnuxma düşdü. Onlar bağıra-bağıra qaçdılar. |
22. | Üç yüz nəfər şeypur çalanda Rəbb düşmən ordugahındakıların qılıncını bir-birinə qarşı qaldırdı. Düşmən ordusu Sereraya doğru – Bet-Şittaya qədər, Tabbatın yanında olan Avel-Mexola sərhədinə qədər qaçdı. |
23. | Naftalidən, Aşerdən və bütün Menaşşedən çağırılmış İsraillilər Midyanlıları qovdular. |
24. | Gideon bütün Efrayimin dağlıq bölgəsinə qasid göndərib dedi: «Enin, Midyanlılara hücuma keçin. Onların yolunu kəsmək üçün Bet-Baraya qədər İordan çayının sularını tutun». Bütün Efrayimlilər yığılıb Bet-Baraya qədər İordan çayının sularını tutdular. |
25. | Sonra iki Midyan başçısı Orevlə Zeevi tutdular. Orevi Orev qayasında, Zeevi isə Zeev üzümsıxanında öldürdülər. Midyanlıları qovdular və İordan çayını keçərək Orevlə Zeevin başlarını Gideona gətirdilər. |
← Judges (7/21) → |