← Judges (6/21) → |
1. | İsrail övladları yenə də Rəbbin gözündə pis işlər gördülər və Rəbb də onları yeddi il Midyanlılara təslim etdi. |
2. | Midyanlıların güclü əli İsraillilərin əleyhinə qalxdı və Midyanlıların üzündən İsrail övladları özləri üçün dağlarda sığınacaq yerləri, mağaralar və qalalar qurdular. |
3. | İsraillilər əkin əkəndə Midyanlılar, Amaleqlilər və şərq xalqları gəlib İsrailə hücum edirdi. |
4. | İsraildə ordugah quraraq Qəzzəyə çatana qədər torpağın məhsullarını məhv edirdilər. İstər qoyun, istər öküz, istərsə də eşşək olsun, İsraillilərə dolanmaq üçün heç nə qoymazdılar. |
5. | Çünki onlar öz heyvanları və çadırları ilə çıxırdılar. Gələndə isə çəyirtkə kimi o qədər çox gəlirdilər ki, nə özlərinin, nə də dəvələrinin sayı-hesabı olmazdı. Onlar İsraili viran qoymaq üçün gəlirdilər. |
6. | İsraillilər Midyanlıların əlindən çox yoxsullaşdı. Ona görə də İsrail övladları Rəbbə fəryad qopardı. |
7. | Midyanlıların əlindən İsrail övladları Rəbbə fəryad edəndə |
8. | Rəbb İsrail övladlarına bir peyğəmbər göndərdi. O, İsraillilərə belə dedi: «İsrailin Allahı Rəbb belə deyir: “Mən sizi Misirdən çıxardaraq köləlik diyarından qurtardım. |
9. | Sizi Misirlilərin və bütün zülmkarların əlindən azad edərək onları qarşınızdan qovdum və torpaqlarını sizə verdim. |
10. | Sizə dedim ki, Allahınız Rəbb Mənəm, torpağında yaşadığınız Emorluların allahlarına sitayiş etməyin. Siz isə Mənim sözümə qulaq asmadınız”». |
11. | Rəbbin mələyi gəlib Aviezerli Yoaşın Ofra şəhərindəki palıd ağacının altında durdu. Yoaş oğlu Gideon üzüm sıxılan yerdə Midyanlılardan gizlətdiyi taxılı döyürdü. |
12. | Rəbbin mələyi ona görünüb dedi: «Ey cəsur cəngavər, Rəbb səninlədir». |
13. | Gideon dedi: «Ah mənim ağam, əgər Rəbb bizimlədirsə, bəs bütün bu işlər başımıza niyə gəldi? Atalarımız “Rəbb bizi Misirdən çıxarmadımı?” deyərək danışdıqları bütün möcüzələr görəsən indi harada qaldı? İndi Rəbb bizi atmışdır, ona görə də bizi Midyanlılara təslim edib». |
14. | Rəbb ona tərəf çevrilib dedi: «Bu qüvvətinlə get, İsraili Midyanlıların əlindən qurtar. Səni göndərən Mən deyiləmmi?» |
15. | Gideon ona dedi: «Ey Xudavənd, İsraili mən necə qurtarım? Mənim nəslim Menaşşe qəbiləsində ən zəif nəsildir, mən də atamın evində ən kiçiyəm». |
16. | Rəbb ona dedi: «Mən mütləq səninlə olacağam və sən də Midyanlıların hamısını bir nəfər kimi qıracaqsan». |
17. | Gideon dedi: «Əgər indi Sənin gözündə lütf tapmışamsa, mənə bir əlamət göstər, bilim ki, mənimlə danışan Rəbdir. |
18. | Rica edirəm, mən sənin yanına qurbanımı gətirib təqdim edənə qədər buradan getmə». Rəbb Gideona dedi: «Sən geri qayıdana qədər Mən burada gözləyirəm». |
19. | Gideon içəri girdi. Bir oğlaq kəsib bir efa undan mayasız çörəklər bişirdi və əti səbətə qoydu, ətin suyunu isə qazana tökdü. Sonra onları palıd ağacının altına – Rəbbin yanına gətirib Ona təqdim etdi. |
20. | Allahın mələyi ona dedi: «Əti və mayasız çörəkləri götür, bu qayanın üstünə qoy və ətin suyunu da oraya tök». Gideon belə də etdi. |
21. | Rəbbin mələyi əlində olan əsanın ucunu oraya uzadıb ətlə mayasız çörəklərə toxunanda qayadan alov çıxdı və ətlə mayasız çörəkləri udub yox etdi. Sonra Rəbbin mələyi onun gözü önündəcə qeyb oldu. |
22. | Gideon Onun Rəbbin mələyi olduğunu anlayıb dedi: «Ay aman, ya Xudavənd Rəbb! Mən Sənin mələyinin sifətini gördüm». |
23. | Rəbb ona dedi: «Salamat qal, qorxma, ölməyəcəksən». |
24. | Gideon orada Rəbbə bir qurbangah düzəltdi və onun adını Yahve-Şalom qoydu. Bu qurbangah bu günə qədər Aviezerlilərin Ofra şəhərindədir. |
25. | Həmin gecə Rəbb Gideona dedi: «Get, atanın ikinci yeddiillik buğasını götür. Sonra get, atanın Baal bütünə düzəltdiyi qurbangahı dağıt və yanındakı Aşera bütünü kəs. |
26. | Bu təpənin başında Allahın Rəbbə layiq qurbangah düzəlt. Sonra kəsdiyin Aşeranın ağac bütünə od vuraraq götürdüyün ikinci buğanı yandırma qurbanı olaraq təqdim et». |
27. | Gideon qulluqçularından on nəfəri özü ilə götürüb Rəbbin tapşırdığı kimi etdi. Lakin atasının ev xalqından və şəhər sakinlərindən qorxduğu üçün işi gündüz deyil, gecə etdi. |
28. | Şəhər sakinləri səhər tezdən qalxıb gördülər ki, Baal qurbangahı tamamilə dağıdılıb və yanındakı Aşera bütü kəsilib. Qurulan yeni qurbangah üzərində isə ikinci buğa yandırma qurbanı olaraq təqdim olunub. |
29. | Adamlar bunu görüb bir-birlərinə dedilər: «Görəsən bu işi kim görüb?» Onlar bunu araşdırandan sonra bildilər ki, bu işi görən Yoaşın oğlu Gideondur. |
30. | Şəhər sakinləri Yoaşa dedilər: «Oğlunu buraya gətir ki, öldürülsün. Çünki o, Baalın qurbangahını dağıdıb, yanındakı Aşera bütünü isə kəsib». |
31. | Yoaş ona qarşı çıxanların hamısına belə dedi: «Bu Baal bütünün əvəzinə sizmi mübarizə aparacaqsınız? Ya sizmi onu qurtaracaqsınız? Baal üçün mübarizə aparan səhərə qədər öləcək. Əgər o, həqiqətən, allahdırsa, onun qurbangahını dağıdan adamla qoy özü mübarizə aparsın». |
32. | Bundan sonra «qoy Baal onunla özü mübarizə aparsın, çünki o, Baalın qurbangahını dağıdıb» deyərək Gideonun adını Yerub-Baal qoydular. |
33. | Bu vaxt bütün Midyanlılar, Amaleqlilər və şərq xalqları bir yerə yığılaraq İordan çayını keçib İzreel vadisində ordugah qurdular. |
34. | Gideonun üzərinə Rəbbin ruhu endi və o, şeypur çalıb Aviezerliləri öz yanına yığdı. |
35. | O bütün Menaşşeyə qasidlər göndərdi və onları da öz yanına yığdı. Sonra Aşerə, Zevuluna və Naftaliyə qasid göndərdi. Onlar qasidləri qarşılamağa çıxdılar. |
36. | Gideon Allaha dedi: «Söz verdiyin kimi İsraili mənim əlimlə qurtaracaqsansa, |
37. | qoy mən xırmanın üstünə qoyundan qırxılan yun qoyum. Əgər şeh yalnız yunu isladarsa, torpaq isə quru qalarsa, onda biləcəyəm ki, Sən dediyin kimi İsraili mənim əlimlə qurtaracaqsan». |
38. | Belə də oldu. Gideon ertəsi gün tezdən qalxıb yunu sıxdı. Yundan bir kasa dolu su çıxartdı. |
39. | Sonra Gideon Allaha dedi: «Qoy mənə qarşı qəzəbin alovlanmasın, yenə bir ricam var. Bu yunla bir də bu işi sınamaq istəyirəm. İndi də qoy yalnız bu yun quru qalsın və bütün yer şehlə islanmış olsun». |
40. | Allah o gecə belə də etdi. Bütün torpaq şehə büründü, qırxılmış yun isə quru qaldı. |
← Judges (6/21) → |