← Judges (5/21) → |
1. | Həmin gün Devora və Avinoam oğlu Baraq bu ilahini oxudular: |
2. | Başçılar İsraildə rəhbərlik edəndə, Xalq özünü könüllü təqdim edəndə Rəbbə alqış edin! |
3. | Dinləyin, ey padşahlar! Qulaq asın, əmirlər! Mən Rəbbi tərənnüm edəcəyəm, İsrailin Allahı Rəbbə nəğmə söyləyəcəyəm! |
4. | Ya Rəbb, Sən Seirdən çıxarkən, Edom çölündən keçərkən Yer titrədi, göylər damdı. Bəli, buludlardan sular axdı. |
5. | Sina dağına sahib olan Rəbbin qarşısında, İsrailin Allahı Rəbbin qarşısında Dağlar titrədi. |
6. | Anat oğlu Şamqar zamanında, Həm də Yael zamanında Karvanlar buraya gəlişini kəsdi, Səyyahlar dolanbac yollarla getdi. |
7. | Mən Devora ayağa qalxanadək, İsraildə ana kimi meydana çıxanadək İsraildə kəndlilər artıq yaşamırdı. |
8. | İsraillilər yeni allahlar seçərkən Döyüşlər darvazalardan keçdi. O zaman qırx min İsraillinin əlində Nə nizə, nə də ki qalxan göründü. |
9. | Mənim könlüm İsrailə hökm edənlərlədir, Xalq içində özünü könüllü təqdim edənlərlədir. Rəbbə alqış edin! |
10. | Bu nəğməni söyləyin, ey ağappaq eşşəklərə minənlər, Ey əlvan xalılar üstündə əyləşənlər, Ey bütün yoldan keçənlər! |
11. | Oxatanların səs-küyündən uzaqda, Su çəkənlər arasında – Orada Rəbbin zəfərlərindən, İsraildəki igidlərin zəfərlərindən nəql ediləcək. O zaman Rəbbin xalqı darvazalara endi. |
12. | Oyan, ey Devora, oyan! Oyan, ilahi oxu, oyan! Ayağa qalx, ey Baraq! Sən, ey Avinoam oğlu, gəl əsirlərini apar! |
13. | O zaman sağ qalanlar əyanların yanına endi. Rəbbin xalqı cəngavər tək yanıma endi. |
14. | Amaleq soyundan olanlar Efrayimdən gəldi, Sənin ardınca gələn xalq arasında Binyamin də var idi. Makirdən əmirlər, Zevulundan sərkərdə əsasını daşıyanlar gəldilər. |
15. | İssakardakı ağalar Devora ilə gəldilər. İssakar necədirsə, Baraq da elə idi, Onun ardınca vadiyə hücum çəkirdilər. Ruven qəbiləsinin bölmələri çaşıb qalmışdı. |
16. | Çobanların sürülərinə çaldığı tütək səsini dinləmək üçün Niyə ağıllar arasında qaldınız? Ruven qəbiləsinin bölmələri çaşıb qalmışdı. |
17. | Gilead xalqı İordan çayının o tayında qaldı. Bəs niyə Dan gəmilərin yanında sakin oldu? Aşer dənizlərin sahilində qaldı, Öz limanlarında məskən saldı. |
18. | Döyüş meydanının yüksək yerlərində, Zevulunla Naftali Canlarını ölüm təhlükəsinə atan bir xalq oldu. |
19. | O zaman padşahlar gəlib vuruşdular. Taanakda, Megiddo suları kənarında Kənan padşahları vuruşdular. Nə gümüş, nə də qənimət alan oldu. |
20. | Ulduzlar göydən döyüşdü, Sisraya qarşı öz dövrəsində döyüşdülər. |
21. | Düşmənləri Qişon çayı apardı, Qişon çayı coşub-daşandı. Ey canım, sən qüvvətlə irəli get! |
22. | O zaman at dırnaqları vurdu o yerə damğalar, Dördnala, dördnala qaçarkən köhlən atlar. |
23. | Rəbbin mələyi dedi: «Meroza lənət edin, Onun xalqına ağır lənət söyləyin. Çünki Rəbbin köməyinə, Cəngavərlərə qarşı Rəbbin köməyinə gəlmədilər». |
24. | Qenli Xeverin arvadı Yael Qadınlar arasında hamıdan artıq xeyir-dua alsın, Çadırda yaşayan qadınlardan daha bəxtiyar olsun! |
25. | Su istəyəndə Sisra Yael ona süd verdi. Ağalara layiq bir camda ayran verdi. |
26. | Sol əlinə payanı, Sağ əlinə isə işçi toxmağını götürdü, Onlarla Sisranı vurdu, başını əzdi. Sındırıb gicgahlarını, deşib yerə keçirtdi. |
27. | O yıxılıb ayaqlar altına sərildi, Yerə döşəndi, O yıxılıb ayaqlar altına sərildi, Yıxıldığı yerə sərilib öldü. |
28. | Sisranın anası məhəccər arxasından, Pəncərədən nigaran-nigaran baxıb çığırdı: «Nə üçün onun döyüş arabası bu qədər gecikir? Döyüş arabalarının səsi axı niyə ləngiyir?» |
29. | Müdrik əsilzadə xanımlar ona cavab verirdi, O da öz-özünə təkrar-təkrar deyirdi: |
30. | «Bəlkə qənimət malını tapıb bölüşdürürlər, Yəqin ki hər igidə bir-iki qız düşür. Sisraya talan malından düşür əlvan geyimlər, Bəli, talan malından naxışlı əlvan geyimlər. Qarət etdiklərinin içindən tapıb bölüşdürdülər, Talançıların boyunları üçün İki tərəfdən əlvan naxışlı geyimlər». |
31. | Ya Rəbb, bütün düşmənlərin belə yox olur. Amma səni sevənlər qüdrəti ilə doğan günəş kimi olur! Bundan sonra ölkə qırx il rahat yaşadı. |
← Judges (5/21) → |