← Judges (4/21) → |
1. | Ehud öləndən sonra İsrail övladları yenə də Rəbbin gözündə pis olan işlər gördülər. |
2. | Buna görə də Rəbb onları Xasorda padşahlıq edən Kənan padşahı Yavinə təslim etdi. Yavinin ordu başçısı Sisra idi. O, Xaroşet-Haqqoyimdə yaşayırdı. |
3. | İsrail övladları Rəbbə fəryad etdilər, çünki doqquz yüz dəmir döyüş arabasına malik olan Yavin iyirmi il idi ki, İsrail övladlarına zülm edib əziyyət verirdi. |
4. | O vaxtlar Lappidotun arvadı peyğəmbər Devora İsraildə hakimlik edirdi. |
5. | Bu qadın Efrayimin dağlıq bölgəsində Rama ilə Bet-El arasında olan Devoranın xurma ağacı altında yaşayırdı. İsrail övladları da hökm çıxarmaq üçün onun yanına qalxırdılar. |
6. | Devora adam göndərib Naftali bölgəsində Qedeş şəhərindən Avinoam oğlu Baraqı çağırıb dedi: «İsrailin Allahı Rəbb sənə əmr etdi ki, yanına Naftali və Zevulun övladlarından on min nəfər kişini alıb Tavor dağına aparasan. |
7. | Mən də Yavinin ordu başçısı Sisranı və onun döyüş arabaları ilə əsgərlərini yolundan döndərib Qişon çayına – sənin yanına gətirəcəyəm və sənə təslim edəcəyəm». |
8. | Baraq Devoraya dedi: «Əgər sən mənimlə bərabər getsən, mən də gedəcəyəm, yox, əgər mənimlə bir getməsən, mən də getməyəcəyəm». |
9. | Devora dedi: «Mən mütləq səninlə bir gedəcəyəm, amma bunu da bil ki, getdiyin yolun şöhrəti sənin olmayacaq, çünki Rəbb Sisranı bir qadına təslim edəcək». Devora ayağa qalxdı və Baraqla birgə Qedeşə getdi. |
10. | Baraq Zevulun və Naftali övladlarını Qedeşə topladı və on min nəfər kişi onun ardınca getdi. Devora da Baraqla birgə yola düşdü. |
11. | Qenli Xever, Musanın qaynı Xovavın nəslindən olan o biri Qenlilərdən ayrılmışdı. O, Qedeş yaxınlığında, Saanayimdəki palıd ağacının yanında öz çadırını qurmuşdu. |
12. | Sisraya xəbər çatdı ki, Avinoam oğlu Baraq Tavor dağına çıxıb. |
13. | Sisra doqquz yüz dəmir arabadan ibarət bütün döyüş arabalarını və yanındakı bütün xalqı Xaroşet-Haqqoyimdən Qişon çayına topladı. |
14. | Devora Baraqa dedi: «Qalx, çünki Rəbbin Sisranı təslim etdiyi gün bu gündür. Sənin qarşında gedən Rəbb deyilmi?» Baraq da arxasınca gələn on min nəfər kişi ilə birgə Tavor dağından endi. |
15. | Rəbb Sisranı və bütün döyüş arabaları ilə ordusunu Baraqın qarşısında qılıncdan keçirərək məğlub etdi. Sisra isə öz döyüş arabasından düşüb qaçdı. |
16. | Baraq Xaroşet-Haqqoyimə qədər onların döyüş arabaları ilə ordusunu qovdu. Sisranın bütün ordusu qılıncdan keçirildi və heç kim sağ qalmadı. |
17. | Sisra Qenli Xeverin arvadı Yaelin çadırına qaçdı, çünki Xasor padşahı Yavinlə Qenli Xever arasında sülh var idi. |
18. | Yael Sisranı qarşılamaq üçün bayıra çıxıb dedi: «Gəl içəri, ağam, qorxma, bizə gəl». Sisra onun çadırına girdi və qadın onun üstünü kilimlə örtdü. |
19. | Sisra qadına dedi: «Susamışam, rica edirəm, mənə bir içim su ver». Qadın süd tuluğunu açıb ona süd içirtdi və üstünü örtdü. |
20. | Sisra qadına dedi: «Çadırın qapısında dayan, əgər bir adam gəlib səndən “Burada kimsə varmı?” deyə soruşsa, deyərsən ki, yox». |
21. | Lakin Xeverin arvadı Yael əlinə bir çadır payası və bir də toxmaq götürüb yavaş-yavaş ona yaxınlaşdı. Sisra isə çox yorulduğundan dərin yuxuya getmişdi. Yael çadır payasını onun gicgahına zərblə elə vurdu ki, paya onun başından keçib yerə girdi və Sisra belə öldürüldü. |
22. | Bu vaxt Baraq Sisranın izinə düşmüşdü. Yael onun qarşısına çıxıb dedi: «Gəl, axtardığın adamı sənə göstərim». O, Yaellə birgə çadıra girəndə gördü ki, Sisra gicgahında paya ölüb yerə sərilmişdir. |
23. | Beləcə o gün Allah Kənan padşahı Yavini İsrail övladlarına tabe etdi. |
24. | İsrail övladlarının əli Kənan padşahı Yavinə qarşı get-gedə qüvvətləndi və axırda Kənan padşahı Yavini məhv etdi. |
← Judges (4/21) → |