← Judges (3/21) → |
1. | Rəbb Kənan döyüşlərindən heç birini görməyən İsrailliləri sınamaq istədi. |
2. | İsrail övladlarının nəsillərindən əvvəldən döyüşə bilməyənlərin hamısına döyüş təlimi vermək üçün Rəbbin ölkədə saxladığı millətlər bunlar idi: |
3. | Beş Filişt ağası, bütün Kənanlılar və Sidonlular, eləcə də Baal-Xermon dağından Xamat keçidinə qədər Livan dağlarında yaşayan Xivlilər. |
4. | Onları orada Rəbb ona görə saxladı ki, İsrailliləri sınasın və Musa vasitəsilə atalarına verdiyi əmrlərə necə itaət edib-etməyəcəklərini öyrənsin. |
5. | Beləliklə, İsrail övladları Kənanlılar, Xetlilər, Emorlular, Perizlilər, Xivlilər və Yevuslular arasında yaşadı. |
6. | İsrail övladları onların qızlarından özlərinə arvad aldı, öz qızlarını da onların oğullarına verdi və onların allahlarına sitayiş etdi. |
7. | Beləliklə, İsrail övladları Rəbbin gözündə pis olan işlər gördülər. Onlar özlərinin Allahı Rəbbi unudaraq Baal və Aşera bütlərinə sitayiş etdilər. |
8. | Ona görə də Rəbbin qəzəbi İsraillilərə qarşı alovlandı və onları Aram-Naharayim padşahı Kuşan-Rişatayimə təslim etdi. İsrail övladları səkkiz il Kuşan-Rişatayimə tabe oldu. |
9. | İsrail övladları Rəbbə fəryad edəndə Rəbb də onlar üçün bir xilaskar yetirdi. Xilaskar Kalevin kiçik qardaşı olan Qenazın oğlu Otniel idi. O, İsrail övladlarını əsarətdən xilas etdi. |
10. | Rəbbin Ruhu Otnielin üzərinə endi. O, İsrailin hakimi oldu və döyüşə çıxdı. Rəbb Aram-Naharayim padşahı Kuşan-Rişatayimi Otnielə təslim etdi. O, Kuşan-Rişatayimdən daha güclü oldu. |
11. | O dövrdə ölkə qırx il rahat yaşadı. Sonra Qenazın oğlu Otniel öldü. |
12. | İsrail övladları yenə də Rəbbin gözündə pis olan işləri gördülər. Rəbb də Moav padşahı Eqlonu İsraillilərə qarşı qaldıraraq qüvvətləndirdi. Çünki onlar Rəbbin gözündə pis olan işləri görmüşdülər. |
13. | Moav padşahı Eqlon Ammon və Amaleq övladlarını öz yanına toplayaraq İsrailliləri məğlub edib Xurma şəhərini aldı. |
14. | Beləliklə, İsrail övladları Moav padşahı Eqlona on səkkiz il tabe oldu. |
15. | Lakin İsrail övladları Rəbbə fəryad edəndə Rəbb Binyaminli Geranın oğlu solaxay Ehudu bir xilaskar kimi onlara yetirdi. İsrail övladları Moav padşahı Eqlona Ehud vasitəsilə xərac göndərdi. |
16. | Ehud özünə uzunluğu bir qulac olan ikiağızlı xəncər düzəltdi və onu paltarının altında sağ buduna bağladı. |
17. | Ehud xəracı Moav padşahı Eqlona təqdim etdi. Eqlon isə çox tosqun adam idi. |
18. | Ehud xərac təqdimini bitirəndən sonra hədiyyə gətirən adamları geri göndərdi. |
19. | Amma özü Qilqalın yaxınlığındakı daş bütlərin yanından geriyə qayıdıb padşaha dedi: «Ey padşah, sənə gizli sözüm var». Padşah «sus» dedi. Onda yanında dayanan adamların hamısı eşiyə çıxdılar. |
20. | Ehud onun yanına gəldi. Padşah üst mərtəbədəki sərin otağında tənha qalırdı. Ehud ona dedi: «Allahdan sənə bir sözüm var». Padşah kürsüsündən qalxdı. |
21. | Ehud isə sol əlini uzadıb sağ buduna bağladığı xəncəri çıxarıb padşahın qarnına soxdu. |
22. | Xəncəri elə bərk vurmuşdu ki, tiyənin ardınca qəbzəsi də onun qarnına girmişdi və bağırsaqları yerə tökülmüşdü. Xəncərin tiyəsini isə piy tutmuşdu, çünki Ehud xəncəri padşahın qarnından çıxarmamışdı. |
23. | Ehud eyvana çıxıb arxasınca yuxarıdakı otağın qapılarını örtüb qıfılladı. |
24. | O çıxanda padşahın qulları gəlib baxdılar. Yuxarı otağın qapısını qıfıllı görəndə dedilər: «Yəqin padşah yuxarı otaqda ayaqyoluna gedir». |
25. | Padşahı gözlədilər, lakin otağın qapısını açan olmadığına görə nigaran qaldılar. Sonra açar götürüb qapıları açanda gördülər ki, ağalarının meyiti yerə sərilib. |
26. | Onlar padşahı gözləyən zaman Ehud artıq aradan çıxmış və daş bütlərin yanından keçib Seiraya qaçmışdı. |
27. | O, İsrailə çatan kimi Efrayimin dağlıq bölgəsində şeypur çaldı və İsrail övladları onunla birgə dağlıq yerdən aşağı düşdülər. Ehud onların qabağında gedirdi. |
28. | Ehud İsraillilərə dedi: «Ardımca gəlin, çünki Rəbb düşmənimiz olan Moavlıları sizə təslim etdi». İsrail övladları da Ehudun ardınca enib Moavlılara qarşı bütün İordan çayının keçidlərini bağladılar ki, heç kim keçə bilməsin. |
29. | O zamankı döyüşdə Moavlılardan on min nəfərə qədər qırıldı. Onların da hər biri qüvvətli bir igid idi və heç kim canını qurtara bilmədi. |
30. | Həmin gün Moav ölkəsi İsraillilərə tabe oldu və İsrail ölkəsi səksən il rahat yaşadı. |
31. | Bundan sonra Anat oğlu Şamqar hakim oldu və o, altı yüz Filiştlini öküz payası ilə qıraraq İsraili xilas etdi. |
← Judges (3/21) → |