| ← Judges (21/21) |
| 1. | İsraillilər «bizdən heç kim qızını Binyaminliyə ərə verməyəcək» deyə Mispada and içmişdilər. |
| 2. | Xalq Bet-Elə gedib orada axşama qədər Allahın hüzurunda oturaraq və fəryad edərək bərkdən ağladı. |
| 3. | Onlar dedilər: «Ey İsrailin Allahı Rəbb, niyə İsraildə belə hadisə baş verdi? Nə üçün bu gün İsraildən bir qəbilə əskildi?» |
| 4. | Ertəsi gün xalq tezdən qalxıb orada Rəbbə bir qurbangah tikərək yandırma və ünsiyyət qurbanları təqdim etdi. |
| 5. | İsrail övladları dedi: «Bütün İsrail qəbilələrindən Rəbbin önündəki toplantımıza gəlməyən varmı?» Çünki Mispada olan Rəbbin önündəki toplantıya gəlməyənlər haqqında möhkəm and içmişdilər ki, onlar öldürülməlidirlər. |
| 6. | İsrail övladları öz soydaşları Binyaminlilərdən ötrü kədərlənib dedilər: «Bu gün İsraildən bir qəbilə kəsildi. |
| 7. | Onlardan sağ qalanlara arvad tapmaq üçün nə edək? Axı onlara qızlarımızı ərə verməmək üçün Rəbbin haqqına and içmişik». |
| 8. | Sonra İsrail övladları soruşdu: «İsrail qəbilələrindən Mispaya, Rəbbin hüzuruna kim gəlməyib?» Toplantı üçün ordugaha Yaveş-Gileaddan heç kimin gəlmədiyini öyrəndilər, |
| 9. | çünki xalq siyahıya alınanda orada Yaveş-Gilead əhalisindən heç kimin olmadığı məlum oldu. |
| 10. | İcma oraya on iki min igid cəngavər göndərərək onlara əmr edib dedi: «Gedin, qadınlar və uşaqlar da daxil olmaqla Yaveş-Gilead əhalisinin hamısını qılıncdan keçirin. |
| 11. | Edəcəyiniz iş belə olacaq: hər kişini və kişi ilə yatan qadınların hamısını tamamilə məhv edin». |
| 12. | Yaveş-Gilead əhalisi arasında ərə getməmiş dörd yüz qız tapdılar və onları Kənan torpağında olan Şilodakı ordugaha gətirdilər. |
| 13. | Bütün icma Rimmon qayasında olan Binyamin övladlarının yanına adam göndərib danışdı və onları barışığa çağırdı. |
| 14. | O vaxt Binyaminlilər qayıtdılar və Yaveş-Gilead qadınlarından sağ qalan qadınlar onlara verildi, lakin gətirilənlər onların hamısına çatmadı. |
| 15. | Xalq Binyaminlilərdən ötrü kədərləndi, çünki Rəbb İsrail qəbilələri arasında bir yarıq açmışdı. |
| 16. | İcmanın ağsaqqalları dedi: «Qalanlar üçün necə arvad tapaq? Çünki Binyamindəki qadınlar həlak olmuşdu». |
| 17. | Ağsaqqallar sözlərinə davam etdi: «İsraildən bir qəbilə silinməsin deyə Binyamində sağ qalan oğulların varisi olmalıdır. |
| 18. | Biz qızlarımızı onlara ərə verə bilmərik, çünki İsrail övladları “Binyaminliyə qız verən lənətə gəlsin” deyə and içmişdilər». |
| 19. | Onlar sonra dedilər: «Baxın Bet-Elin şimalında, Bet-Eldən Şekemə çıxan əsas yolun şərqində və Levonanın cənubunda olan Şiloda ilbəil Rəbbin bayramı olur». |
| 20. | Beləliklə, Binyamin övladlarına belə əmr etdilər: «Gedib üzüm bağlarında pusquda durun, |
| 21. | baxın, güdün, Şilo qızları rəqsə çıxanda cəld bağlardan çıxın, hər kəs özünə arvad etmək üçün bir Şilo qızı götürüb Binyamin torpağına qaçsın. |
| 22. | Əgər onların ataları ya da qardaşları bizim yanımıza şikayətə gəlsələr, onlara belə deyərik: “Bizim xatirimizə Binyaminliləri bağışlayın, çünki əsir aldığımız qızlar hamısına çatmadı. Siz də onlara qız vermədiyinizə görə təqsirkar deyilsiniz”». |
| 23. | Binyamin övladları belə də etdilər və öz saylarına görə rəqs edən qızlardan götürüb qaçdılar. Sonra öz irs olan torpaqlarına qayıtdılar və şəhərləri bərpa edib o yerlərdə yaşadılar. |
| 24. | O vaxt İsrail övladları oranı tərk etdilər. Hər biri öz qəbiləsinə və öz nəslinin yanına qayıtdı, hər biri öz irs olan torpağına getdi. |
| 25. | O dövrdə İsraildə padşah yox idi, hərə öz gözündə doğru görünən işi edirdi. |
| ← Judges (21/21) |