← Judges (19/21) → |
1. | İsraildə padşah olmayan dövrdə Efrayimin dağlıq bölgəsinin ucqar bir hissəsində bir Levili yaşayırdı. O, Yəhudanın Bet-Lexem şəhərindən özü üçün bir cariyə almışdı. |
2. | Bu cariyə ona qarşı zina etdi və ondan ayrılıb atasının evinə, Yəhudanın Bet-Lexem şəhərinə qayıdaraq orada dörd ay qaldı. |
3. | Əri cariyənin könlünü alıb geri qaytarmaq üçün onun dalınca getdi. O özü ilə nökərini və bir cüt eşşək götürdü. Cariyə ərini ata evinə apardı və atası kişini görəndə onu sevinclə qarşıladı. |
4. | Bu kişinin qayınatası – gənc qadının atası onu evində qonaq saxladı. Kişi onlarda üç gün qaldı və onlar yeyib-içib orada gecələdilər. |
5. | Dördüncü gün sübh tezdən durdular. Kişi getməyə hazırlaşanda gənc qadının atası kürəkəninə dedi: «Bir loğma çörək ye ki, ürəyində taqət olsun, ondan sonra gedərsiniz». |
6. | Onlar oturdular və ikisi də birlikdə yeyib-içdilər. Sonra gənc qadının atası bu kişiyə dedi: «Rica edirəm, bu gecəni də bizimlə qal, qoy ürəyin şad olsun». |
7. | Kişi isə yola düşmək üçün ayağa qalxdı, lakin qayınatası təkidlə onun qalmasını istədiyinə görə o gecəni orada keçirdi. |
8. | Beşinci gün kişi geri qayıtmaq üçün sübh tezdən qalxanda gənc qadının atası ona dedi: «Rica edirəm, bir az yemək ye ki, ürəyində taqət olsun. Günortadan sonraya qədər ləngisəniz, nə olar?» Onlar ikisi də birlikdə yedilər və içdilər. |
9. | Kişi cariyəsi və nökəri ilə getmək üçün ayağa qalxanda qayınatası – gənc qadının atası ona dedi: «Bax gün günortanı keçib, axşama çatır. Rica edirəm, bu gecəni də burada qal, qoy ürəyin şad olsun. Sabah səhər tezdən durub evinizə qayıdarsınız». |
10. | Lakin bu kişi gecəni onunla qalmaq istəməyərək ayağa qalxıb yola düşdü. O, Yevus, yəni indiki Yerusəlim şəhərinin qarşısına gəlib çıxdı. Onun palanlı iki eşşəyi var idi, cariyəsi də yanında idi. |
11. | Onlar Yevusa yaxınlaşanda artıq gün batmaqda idi. Nökəri ağasına dedi: «Rica edirəm, gəl Yevusluların bu şəhərinə girək və burada gecələyək». |
12. | Ağası ona dedi: «Yox, İsrail övladlarından olmayan yadellilərin şəhərinə girməyək, Giveaya gedək». |
13. | Sonra ağası nökərinə dedi: «Gəl çalışaq Giveaya ya da ki Ramaya çataq. Onların birində gecələyək». |
14. | Onlar oradan keçib getdilər. Binyaminin Givea şəhərinə yaxınlaşarkən artıq günəş batmışdı. |
15. | Gecəni Giveada keçirmək üçün oranın yoluna döndülər. Kişi şəhərə girib meydanda oturdu, amma onları gecələmək üçün evinə aparan kimsə yox idi. |
16. | Bu zaman axşam bir qoca tarladan – işdən evə qayıdırdı. O, Efrayimin dağlıq bölgəsindən idi, amma Giveada yaşayırdı. Oranın sakinləri isə Binyaminlilərdən ibarət idi. |
17. | Bu qoca başını qaldırıb şəhərin meydanındakı yolçunu görüb dedi: «Haradan gəlib, hara gedirsən?» |
18. | Kişi ona dedi: «Biz Yəhudanın Bet-Lexem şəhərindən Efrayimin dağlıq bölgəsinin ucqar bir hissəsinə gedirik. Mən oralıyam. Yəhudanın Bet-Lexem şəhərinə getmişdim, indi isə Rəbbin evinə qayıdıram, amma məni evinə aparan yoxdur. |
19. | Halbuki eşşəklərimizin samanı da var, yemi də var. Mənim, qarabaşımın və yanımdakı nökərin çörəyi və şərabı var, heç nəyə ehtiyacımız yoxdur». |
20. | Qoca dedi: «Canın sağ olsun! Təki mənim üzərimə sənin ehtiyacların düşsün, ancaq meydanda gecələmə». |
21. | Onu götürüb evinə gətirdi və eşşəklərinə yem verdi. Hamı ayaqlarını yuyandan sonra yeyib-içdilər. |
22. | Onlar könüllərini şad edərkən, budur, şəhər sakinlərindən bir dəstə yaramaz adam evi əhatəyə alıb qapını döydü. Bu adamlar ev sahibi qocaya dedi: «Evinə gələn kişini bayıra çıxar, onunla cinsi əlaqədə olaq». |
23. | Ev sahibi bayıra çıxıb onlara dedi: «Yox, soydaşlarım, yalvarıram pislik etməyin. Madam ki bu adam mənim evimə gəlib, bu alçaqlığı etməyin. |
24. | Bax mənim evdə ərə getməmiş qızım və o kişinin cariyəsi var. Qoy onları bura çıxarım, bu biabırçılığı onlarla edin, onlarla gözünüzə xoş görünəni edin, lakin bu kişi ilə belə alçaqlıq etməyin». |
25. | Lakin bu adamlar ona qulaq asmaq istəmədilər. Ona görə də Levili cariyəsinin qolundan tutub bayıra – onların yanına çıxardı. Onlar onunla cinsi münasibətdə olub bütün gecəni səhərəcən pis işlər gördülər. Dan yeri söküləndə isə qadını buraxdılar. |
26. | Qadın gün ağaranda ağasının qaldığı yerə – qocanın evinə qayıdıb darvazanın yanında yerə sərildi və hava açılana qədər orada qaldı. |
27. | Ağası səhər qalxıb evin qapılarını açdı və yoluna davam etmək üçün çıxanda cariyəsini evin darvazasında əlləri astanada yerə sərilmiş gördü. |
28. | Kişi qadına dedi: «Dur, gedək». Lakin ondan heç bir cavab gəlmədi. Sonra kişi cariyəsini eşşəyin üstünə qoyub öz şəhərinə yola düşdü. |
29. | O, evinə çatanda bir bıçaq götürüb cariyəsinin cəsədini hissə-hissə on iki parçaya böldü. O doğradığı hissələri bütün İsrail ərazisinə göndərdi. |
30. | Bu hissələri görən hər kəs belə dedi: «İsrail övladları Misirdən çıxandan bu günədək belə bir hadisə olmamışdır və görünməmişdir. Bu barədə düşünün, məsləhətləşib bir qərar verin». |
← Judges (19/21) → |