← Judges (17/21) → |
1. | Efrayimin dağlıq bölgəsindən olan Mikeya adlı bir adam var idi. |
2. | O, anasına belə dedi: «Səndən oğurlanan min yüz şekel gümüşdən ötrü lənət etdin və bunu mənə eşitdirdin. Budur, o gümüş məndədir, onu mən götürmüşəm». Anası ona dedi: «Oğlum, qoy Rəbb sənə xeyir-dua versin». |
3. | O, min yüz şekel gümüşü anasına qaytardı. Anası ona dedi: «Bu gümüşün hamısını Rəbb üçün təqdis edirəm. Qoy oğlum ondan bir oyma və bir tökmə büt düzəltsin. İndi bu gümüşü sənə qaytarıram». |
4. | Gümüşü anasına geri qaytararkən anası iki yüz şekel gümüş götürüb zərgərə verdi. Ondan bir oyma və bir tökmə büt düzəltdirdi. Bu bütləri Mikeyanın evinə qoydular. |
5. | Mikeyanın ibadətgahı var idi. O, bir efod və ev bütləri düzəldib oğullarından birini özünə kahin təyin etdi. |
6. | O dövrdə İsraildə padşah yox idi, hərə öz gözündə doğru görünən işi edirdi. |
7. | Yəhudanın Bet-Lexem şəhərindən olan bir Yəhudalının ailəsində yaşayan gənc Levili var idi. |
8. | Həmin adam yaşamağa bir yer tapmaq üçün Yəhudanın Bet-Lexem şəhərindən çıxdı. Səfərə çıxarkən Efrayimin dağlıq bölgəsinə – Mikeyanın evinə gəldi. |
9. | Mikeya ona dedi: «Haradan gəlirsən?» O, Mikeyaya dedi: «Mən Yəhudanın Bet-Lexem şəhərindən gələn bir Leviliyəm, bir yer tapıb yaşamaq istəyirəm». |
10. | Mikeya ona dedi: «Mənimlə qal, mənə ata və kahin ol. Mən də sənə ildə on şekel gümüş, bir dəst paltar və yeməyini verərəm». Levili onunla getdi. |
11. | O, Mikeya ilə qalmağa razı oldu və bu gənc ona bir oğul kimi oldu. |
12. | Mikeya Levilini özünə kahin təyin etdi və bu gənc onun evində yaşadı. |
13. | Mikeya dedi: «İndi bilirəm ki, Rəbb mənə yaxşılıq edəcək, çünki bir Levili kahinim var». |
← Judges (17/21) → |