← Judges (15/21) → |
1. | Bir müddət keçəndən sonra, buğda biçini mövsümündə Şimşon bir oğlaq götürüb arvadına baş çəkməyə getdi və dedi: «Arvadımın yanına – gərdəyə girmək istəyirəm». Lakin qadının atası Şimşonu gərdəyə girməyə qoymadı. |
2. | Qızın atası dedi: «Elə bildim ki, sənin ondan, həqiqətən, zəhlən gedir, ona görə də arvadını sənin sağdışına ərə verdim. Bax onun kiçik bacısı var. O ondan da gözəl deyilmi? Rica edirəm, qoy onun yerinə bu sənin olsun». |
3. | Şimşon onlara dedi: «Bu dəfə Filiştlilərə pislik etsəm, heç təqsirkar olmaram». |
4. | Şimşon gedib üç yüz tülkü tutdu və məşəllər götürdü. Tülküləri cüt-cüt quyruq-quyruğa bağladı və quyruqların arasına bir məşəl qoydu. |
5. | Məşəlləri yandırıb tülküləri Filiştlilərin əkinlərinə buraxdı və bununla da taxıl dərzlərinə, əkinlərə, üzümlüklərə, zeytunluqlara od vurdu. |
6. | Filiştlilər bir-birindən soruşdular: «Görəsən bunu kim edib?» Kimsə dedi ki, bunu Timnalının kürəkəni Şimşon edib, çünki qayınatası götürüb onun arvadını sağdışına ərə verib. Filiştlilər çıxıb o qadınla atasına od vurub yandırdılar. |
7. | Şimşon onlara dedi: «İndi ki siz belə etdiniz, mütləq sizdən qisasımı almamış əl çəkməyəcəyəm». |
8. | Şimşon onlara amansızca hücum edərək çoxunun belini qırdı. Özü isə Etam qayasının oyuğuna enib orada qaldı. |
9. | Filiştlilər çıxıb Yəhudada ordugah qurdular və Lexidə yayıldılar. |
10. | Yəhuda adamları dedi: «Nə üçün bizə qarşı çıxmısınız?» Onlar dedilər: «Biz gəlmişik ki, Şimşonun əl-qolunu bağlayaq və bizim başımıza gətirdiyini onun başına gətirək». |
11. | Yəhudadan üç min nəfər Etam qayasının oyuğuna enib Şimşona dedi: «Bilmirsən Filiştlilər bizim üzərimizdə hakimdir? Bu nə işdir başımıza gətirdin?» Şimşon onlara dedi: «Onların mənə elədiklərini onların başına gətirmişəm». |
12. | Yəhudalılar ona dedi: «Biz sənin əl-qolunu bağlayıb Filiştlilərə təslim etməyə gəlmişik». Şimşon onlara dedi: «And için ki, məni öldürməyəcəksiniz». |
13. | Yəhudalılar söz verdilər: «Yox, biz ancaq səni möhkəm bağlayıb onlara təslim edəcəyik və səni əsla öldürmərik». Sonra onu iki təzə iplə sarıdılar və qayadan çıxartdılar. |
14. | Şimşon Lexiyə gələndə Filiştlilər onu bağıra-bağıra qarşıladılar və elə o anda Rəbbin Ruhu qüvvə ilə Şimşonun üstünə endi. Qollarına bağlanan ip alışıb-yanan kətan kimi qırılıb yerə töküldü. |
15. | O, yerdə bir eşşəyin saf çənə sümüyünü tapdı. Əl ataraq sümüyü götürüb onunla min nəfər kişini qırdı. |
16. | Sonra Şimşon belə dedi: «Eşşəyin çənə sümüyü ilə bir-iki qalaq yaratdım. Eşşəyin çənə sümüyü ilə min nəfəri qırıb-çatdım». |
17. | Şimşon bu sözləri söyləyib qurtarandan sonra eşşəyin çənə sümüyünü tulladı. Ona görə də o yerə Ramat-Lexi deyilir. |
18. | Bundan sonra Şimşon bərk susadı və Rəbbə fəryad edib dedi: «Sən quluna bu böyük qələbəni verdin, amma indi mən susuzluqdan ölüb sünnətsizlərin əlinə düşümmü?» |
19. | Onda Rəbb Lexidə çuxur yarıb su axıtdı. Şimşon su içəndə cana gəlib ruhlandı. Buna görə bu çeşmənin adı En-Haqqore qoyuldu və bu bulaq bu günə qədər Lexidədir. |
20. | Filiştlilərin hökmranlığı dövründə Şimşon İsraildə iyirmi il hakimlik etdi. |
← Judges (15/21) → |