← Judges (12/21) → |
1. | Efrayimlilər yığılaraq Safona gedib İftaha dedilər: «Sən nəyə görə Ammon övladları ilə döyüşə çıxıb bizi özünlə getməyə çağırmadın? Buna görə biz səni də, evini də yandıracağıq». |
2. | İftah onlara dedi: «Mən və xalqım Ammon övladları ilə ağır döyüşdə olan vaxt sizi köməyə çağırdım, lakin siz gəlib məni onların əlindən qurtarmadınız. |
3. | Mən də gördüm ki, siz məni qurtarmırsınız, onda həyatımı təhlükəyə atıb Ammon övladlarına qarşı özüm hücuma keçdim və Rəbb onları mənə təslim etdi. Nə üçün bu gün mənimlə davaya çıxmısınız?» |
4. | İftah bütün Gileadlıları toplayıb Efrayimlilərlə döyüşdü və Gileadlılar Efrayimliləri qırdılar, çünki Efrayimlilər belə demişdilər: «Ey Efrayimlə Menaşşe arasında yaşayan Gileadlılar, siz Efrayimdən qaçan fərarilərsiniz!» |
5. | Gileadlılar Efrayimin qarşısındakı İordan çayının keçidlərini tutdular. Əgər qaçıb qurtulmaq istəyən Efrayimlilərdən biri gəlib «qoy çayı keçim» deyərdisə, Gileadlılar ondan «sən Efrayimlisənmi?» deyə soruşardılar. O «xeyr» desəydi, |
6. | o zaman ona «bir “şibbolet” de görək» deyərdilər. O da kəlməni doğru söyləyə bilməyib «sibbolet» deyərdi. Onda Gileadlılar onu tutub İordan çayının keçidlərində öldürərdi. Həmin dövrdə Efrayimlilərdən qırx iki min nəfər qırıldı. |
7. | İftah altı il İsraildə hakimlik etdi. Sonra Gileadlı İftah öldü və Gileadın bir şəhərində dəfn olundu. |
8. | Ondan sonra Bet-Lexemli İvsan İsraildə hakimlik etdi. |
9. | Onun otuz oğlu və otuz qızı var idi. Qızlarını başqa nəsillərə ərə vermiş, oğullarına isə başqa nəsillərdən otuz gəlin gətirmişdi. İvsan İsraildə yeddi il hakimlik etdi. |
10. | Sonra İvsan öldü və Bet-Lexemdə dəfn olundu. |
11. | Ondan sonra Zevulunlu Elon on il İsraildə hakimlik etdi. |
12. | Zevulunlu Elon da öldü və Zevulun torpağında, Ayyalonda dəfn olundu. |
13. | Ondan sonra Piratonlu Hillel oğlu Avdon İsraildə hakimlik etdi. |
14. | Onun yetmiş sıpaya minən qırx oğlu ilə otuz nəvəsi var idi və o, səkkiz il İsraildə hakimlik etdi. |
15. | Piratonlu Hillel oğlu Avdon da öldü və Amaleqlilərin dağlıq bölgəsindəki Efrayim torpağında – Piratonda dəfn olundu. |
← Judges (12/21) → |