← Judges (11/21) → |
1. | Bir fahişədən doğulan Gileadlı İftah igid döyüşçü idi. Onun atası Gilead idi. |
2. | Gileadın arvadı ona oğullar doğdu və bu qadının oğulları böyüyən zaman İftahı qovub belə dedilər: «Atamızın evindən sənə miras düşmür, ona görə ki sən başqa qadının oğlusan». |
3. | İftah qardaşlarının yanından qaçıb Tov diyarında yaşadı. İftahın başına macəraçı adamlar yığıldı və onunla birgə basqınçılıq edirdilər. |
4. | Bir müddətdən sonra Ammon övladları İsraillilərə qarşı döyüşə çıxdılar. |
5. | Ammon övladları İsraillilərə qarşı çıxan zaman Gilead ağsaqqalları İftahı Tov diyarından gətirmək üçün onun yanına getdilər. |
6. | Onlar İftaha dedilər: «Gəl bizə sərkərdəlik et və Ammon övladlarına qarşı birgə vuruşaq». |
7. | İftah Gilead ağsaqqallarına dedi: «Mənə nifrət edib atamın evindən məni qovan siz deyildinizmi? Bəs indi niyə çətinliyə düşəndə mənim yanıma gəlmisiniz?» |
8. | Gilead ağsaqqalları İftaha dedilər: «Sənin yanına ona görə gəlmişik ki, indi sən bizimlə gedib Ammon övladlarına qarşı döyüşəsən və bizə – bütün Gilead əhalisinə sərkərdə olasan». |
9. | İftah Gilead ağsaqqallarına dedi: «Yaxşı, Ammon övladlarına qarşı döyüşmək üçün məni geri aparırsınız. Bəs Rəbb qarşımda onları mənə təslim edəndə sizin başçınız mən olacağammı?» |
10. | Gilead ağsaqqalları İftaha dedilər: «Səninlə bizim aramızda qoy Rəbb şahid olsun! Biz mütləq sənin sözünə əməl edəcəyik». |
11. | İftah Gilead ağsaqqalları ilə bərabər getdi və xalq da onu özünə başçı – sərkərdə etdi. İftah Mispada, Rəbbin önündə bütün şərtlərini təkrar etdi. |
12. | Bundan sonra Ammon padşahının yanına qasidlər göndərib dedi: «Bizim aramızda nə olub ki, torpağımda mənimlə vuruşmağa gəlmisiniz?» |
13. | Ammon padşahı İftahın qasidlərinə dedi: «Ona görə ki İsraillilər Misirdən çıxan zaman mənim torpaqlarımı Arnondan Yabboq və İordan çaylarına qədər alıb. Gəlin onları mənə sülh yolu ilə geri qaytarın». |
14. | İftah yenə də Ammon xalqının padşahının yanına qasidlər göndərib dedi: |
15. | İftah belə deyir: «İsraillilər Moav torpağını, Ammon övladlarının torpağını almayıb. |
16. | Amma İsraillilər Misirdən çıxanda Qırmızı dənizə qədər səhradan keçərək Qadeşə gəlib və |
17. | Edom padşahının yanına qasidlər göndərib belə demişdilər: “Rica edib torpağından keçmək üçün səndən izin istəyirəm”. Lakin Edom padşahı onlara qulaq asmadı və sonra İsraillilər Moav padşahının yanına adamlar göndərdi, o da razı olmadı. Ona görə də İsraillilər Qadeşdə qalmışdılar. |
18. | İsraillilər səhra ilə gedib Edomla Moav torpaqlarının ətrafından keçərək Moav ölkəsinin şərqinə çatdı və Arnon vadisinin o biri tərəfində düşərgə saldılar. Lakin Moavın sərhədini keçmədilər, ona görə ki Arnon Moavın sərhədi idi. |
19. | İsraillilər Emorluların padşahı – Xeşbon padşahı Sixonun yanına qasidlər göndərib demişdi: “Rica edirik, öz ölkəmizə çatana qədər sənin torpağından keçmək üçün bizə izin verəsən”. |
20. | Amma Sixon öz torpağını yol keçmək üçün İsraillilərə etibar etmədi və bütün xalqını toplayaraq Yahsada ordugah qurub İsraillilərə qarşı döyüşdü. |
21. | İsrailin Allahı Rəbb Sixonu və onun bütün xalqını İsraillilərə təslim edəndə onları məğlub etdilər. Beləliklə, İsraillilər o yerdə yaşayan Emorluların torpağını irs olaraq aldı. |
22. | Arnondan Yabboq çayına qədər, səhradan İordan çayına qədər bütün Emor torpaqlarını İsraillilər irs olaraq aldı. |
23. | İndi İsrailin Allahı Rəbb Öz xalqı İsraillilərin qarşısından Emorluları qovandan sonra sənmi buraya sahib çıxacaqsan? |
24. | Allahın Kemoşun sənə verdiyi torpağı özünə irs etməzsənmi? Biz də Allahımız Rəbbin bizə verdiyi torpağı özümüzə irs edəcəyik. |
25. | İndi sənin Moav padşahı Sippor oğlu Balaqdan nəyin yaxşıdır? Gör o, İsraillə heç çəkişdimi? Yaxud onlara qarşı heç döyüşdümü? |
26. | Üç yüz il İsrail Xeşbon ilə Aroerdə, bunların ətraf qəsəbələrində və Arnon vadisi boyunca yerləşən bütün şəhərlərdə yaşadığı müddətdə niyə bu torpaqları geri almadınız? |
27. | Mən sənə qarşı günah etmədim. Lakin sən mənə qarşı döyüşməklə mənə pislik edirsən. Qoy hakim olan Rəbb bu gün İsrail övladları ilə Ammon övladları arasında hökm etsin». |
28. | Lakin Ammon padşahı İftahın ona göndərdiyi sözlərə qulaq asmadı. |
29. | İftahın üzərinə Rəbbin ruhu endi. O, Gileaddan və Menaşşedən keçdi, sonra Gileaddakı Mispadan keçib Ammon övladlarının üstünə getdi. |
30. | İftah Rəbbə əhd edib dedi: «Əgər Ammon övladlarını, həqiqətən, mənə təslim etsən, |
31. | o zaman Ammon övladları ilə döyüşdən sağ-salamat qayıdanda mənim evimin darvazasından qarşıma birinci nə çıxarsa, Rəbbin olacaq və onu yandırma qurbanı edəcəyəm». |
32. | İftah Ammon övladları ilə döyüşə çıxdı. Rəbb də Ammon övladlarını İftaha təslim etdi. |
33. | Aroerdən Minnitə çatana qədər iyirmi şəhəri və Avel-Keramimə qədər Ammon övladlarını çox böyük məğlubiyyətə uğratdı. Onlar İsraillilərə tabe oldular. |
34. | İftah Mispaya, öz evinə qayıtdı. Budur, İftahın qızı dəf çalıb oynayaraq onu qarşılamağa çıxdı. Bu onun yeganə övladı idi, ondan başqa nə oğlu, nə də qızı var idi. |
35. | O, qızını görəndə paltarını cırıb dedi: «Vay, qızım! Belimi əydin, qəddimi əyənlərdən biri də sən oldun! Mən Rəbbə əhd etmişəm, artıq sözümdən dönə bilmərəm». |
36. | Qızı ona dedi: «Ata, sən Rəbbə əhd etmisən. Madam ki Rəbb düşmənlərindən, Ammon övladlarından sənin üçün qisas aldı, söz ağzından necə çıxıbsa, mənə eləcə də et». |
37. | Sonra qız atasına dedi: «Ancaq bu arzumu yerinə yetir: mənə iki ay izin ver, qoy rəfiqələrimlə dağları gəzib-dolaşaraq öz nakam qızlığım üçün ağlayım». |
38. | Atası ona «yaxşı, gedə bilərsən» deyərək ona iki ay müddətinə izin verdi. O da rəfiqələri ilə bərabər gedib dağlarda öz nakam qızlığına ağladı. |
39. | İki ay keçəndən sonra atasının yanına qayıtdı və atası onun barəsində etdiyi əhdi yerinə yetirdi. Qız ərə getməmişdi. Bundan sonra İsraildə belə bir adət oldu: |
40. | hər il İsrail qızları gedib Gileadlı İftahın qızı üçün ildə dörd gün yas tutdular. |
← Judges (11/21) → |