| Judges (1/21) → |
| 1. | Yeşuanın ölümündən sonra İsrail övladları Rəbdən soruşdu: «Bizim üçün Kənanlılara qarşı döyüşə birinci kim çıxacaq?» |
| 2. | Rəbb dedi: «Yəhudalılar çıxacaq, budur, Mən torpağı onlara təslim edirəm». |
| 3. | Yəhudalılar soydaşları Şimeonlulara dedi: «Torpağın bizə düşən hissəsinə gəlin, Kənanlılara qarşı vuruşmaq üçün bizimlə döyüşə çıxın. Sonra da torpağın sizə düşən hissəsinə gəlib sizinlə bərabər biz döyüşə çıxarıq». |
| 4. | Yəhudalılar döyüşə çıxdı. Rəbb Kənanlılarla Perizliləri onlara təslim etdi və Yəhudalılar Bezeqdə onlardan on min nəfər adamı qırdı. |
| 5. | Bezeqdə Adoni-Bezeqi tapıb vuruşdular və həm Kənanlıları, həm də Perizliləri qırdılar. |
| 6. | Lakin Adoni-Bezeq qaçdı və Yəhudalılar onun ardınca qaçıb əllərinin və ayaqlarının baş barmaqlarını kəsdilər. |
| 7. | Adoni-Bezeq dedi: «Mənim masamın altında yetmiş padşah əl və ayaqlarının baş barmaqları kəsilmiş halda çörək qırıntıları dənləyirdi. Mən necə etmişdimsə, Allah da mənə əvəzini elə verdi». Yəhudalılar Adoni-Bezeqi Yerusəlimə gətirdi və o orada öldü. |
| 8. | Yəhuda övladları Yerusəlimə hücum edib vuruşdu və oranı alıb əhalisini qılıncdan keçirdilər. Şəhərə isə od vurub yandırdılar. |
| 9. | Bundan sonra Yəhuda övladları dağlıq bölgədə, Negevdə və yamaclı-düzənlikli bölgədə yaşayan Kənanlılara qarşı vuruşmaq üçün endilər. |
| 10. | Əvvəlki adı Qiryat-Arba olan Xevronda yaşayan Kənanlılara qarşı yürüş edib Şeşayı, Aximanı və Talmayı məğlub etdilər. |
| 11. | Oradan da əvvəlki adı Qiryat-Sefer olan Devir əhalisinə qarşı yürüş etdilər. |
| 12. | Kalev dedi: «Kim Qiryat-Seferə hücum edib oranı alarsa, qızım Aksanı ona ərə verəcəyəm». |
| 13. | Oranı Kalevin kiçik qardaşı Kenazın oğlu Otniel aldı. Kalev qızı Aksanı arvad olaraq ona verdi. |
| 14. | Qız Otnielə ərə gedəndə ərini atasından bir tarla yeri istəməyə sövq etdi. Qız eşşəkdən düşəndə Kalev ona dedi: «Nə istəyirsən?» |
| 15. | Aksa Kalevə dedi: «Mənə bir pay da ver. Madam ki mənə Negev torpağını verdin, onda su qaynaqlarını da ver». Kalev ona yuxarıdakı və aşağıdakı su qaynaqlarını verdi. |
| 16. | Musanın Qenli qayınatasının nəslindən olanlar Yəhudalılarla birgə Xurma şəhərindən çıxaraq Aradın cənubunda olan Yəhuda səhrasında xalqın arasında məskunlaşdılar. |
| 17. | Yəhudalılar soydaşları Şimeonlularla birgə gedib Sefatda qalan Kənanlıları qıraraq tamamilə məhv etdilər. O şəhərin adı Xorma adlandırıldı. |
| 18. | Yəhudalılar Qəzzəni və bütün ərazisini, Aşqelonu və bütün ərazisini, Eqronu və bütün ərazisini aldılar. |
| 19. | Rəbb Yəhudalılarla idi. Yəhudalılar dağlıq bölgəsini ələ keçirdilər. Vadi sakinlərini isə qova bilmədilər, çünki onların dəmir döyüş arabaları var idi. |
| 20. | Musanın söylədiyi kimi Xevronu Kalevə verdilər. O da Anaqın üç oğlunu oradan qovdu. |
| 21. | Lakin Binyamin övladları Yerusəlimdə qalan Yevusluları qovmadılar və Yevuslular bu günə qədər Binyamin övladları ilə birgə Yerusəlimdə yaşayırlar. |
| 22. | Yusif nəsli də Bet-Elə hücum etdi və Rəbb onlarla idi. |
| 23. | Yusif nəsli Bet-Elə kəşfiyyata adamlar göndərdi. Şəhərin əvvəlki adı Luz idi. |
| 24. | Kəşfiyyatçılar şəhərdən çıxan bir adamı görüb dedilər: «Rica edirik, bizə şəhərə girmək üçün yol göstərəsiniz və biz də sizinlə yaxşı rəftar edərik». |
| 25. | Bu adam onlara şəhərə girmək üçün yol göstərdi. Onlar şəhərə girib əhalisini qılıncdan keçirdilər, lakin həmin adama və qohumlarına dəymədilər. |
| 26. | Bu adam Xetlilərin torpağına getdi və orada bir şəhər salıb adını Luz qoydu. Oranın bu günə qədər adı belədir. |
| 27. | Menaşşe qəbiləsi Bet-Şeanla qəsəbələrinin əhalisini, Taanakla qəsəbələrinin əhalisini, Dorla qəsəbələrinin əhalisini, İvleamla qəsəbələrinin əhalisini və Megiddo ilə qəsəbələrinin əhalisini qovmadı. Kənanlılar bu ölkədə qalmaq iddiasını etdi. |
| 28. | İsraillilər bu torpaqlarda möhkəmlənəndə Kənanlıların üzərinə mükəlləfiyyət qoydular, amma tamamilə qovmadılar. |
| 29. | Efrayim qəbiləsi Gezerdə olan Kənanlıları qovmadı. Bununla da Kənanlılar Gezerdə – onların arasında yaşadı. |
| 30. | Zevulun qəbiləsi Qitron əhalisini və Nahalol əhalisini qovmadı. Kənanlılar da onların arasında qalıb mükəlləfiyyətçi oldular. |
| 31. | Aşer qəbiləsi Akko əhalisini, Sidon, Axlav, Akziv, Xelba, Afeq və Rexov əhalisini qovmadı. |
| 32. | Aşerlilər bu ölkənin sakinləri olan Kənanlılar arasında yaşadı və onları qovmadı. |
| 33. | Naftali qəbiləsi Bet-Şemeş və Bet-Anat əhalisini qovmadı, bu ölkənin sakinləri olan Kənanlılar arasında yaşadı. Bet-Şemeş və Bet-Anat əhalisi onlar üçün mükəlləfiyyətçi oldu. |
| 34. | Emorlular Dan övladlarını dağlıq bölgəsinə köçməyə vadar etdi və onları vadiyə düşməyə qoymadı. |
| 35. | Emorlular Har-Xeresdə, Ayyalonda və Şaalvimdə qalıb orada yaşadı. Ancaq Yusif nəsli qüvvətlənəndə Emorlular onlar üçün mükəlləfiyyətçi oldu. |
| 36. | Emorluların sərhədi Aqrabbim keçidindən – Seladan yuxarıya uzanırdı. |
| Judges (1/21) → |