| Jude (1/1) |
| 1. | İsa Məsihin qulu, Yaqubun qardaşı mən Yəhudadan Ata Allahın sevdiyi, İsa Məsih üçün qorunmuş olan çağırılanlara salam! |
| 2. | Mərhəmət, sülh və məhəbbət sizə bol-bol verilsin! |
| 3. | Sevimlilər, ümumi xilasımızla bağlı sizə yazmağa çox səy göstərirdim. Bu arada müqəddəslərə ilk və son dəfə əmanət edilən iman uğrunda mübarizə aparmağa sizi həvəsləndirmək üçün sizə yazmağı özümə borc bildim. |
| 4. | Çünki Allahımızın lütfünü pozğunluq üçün bəhanələrə çevirən, yeganə Pərvərdigarı – Rəbbimiz İsa Məsihi inkar edən bəzi allahsız adamlar gizlicə aranıza girdilər. Onların mühakiməyə uğrayacaqları çoxdan yazılmışdır. |
| 5. | Bütün bunları bildiyiniz halda sizə xatırlatmaq istəyirəm ki, ilk və son dəfə xalqı Misirdən xilas edən Rəbb sonra iman etməyənləri məhv etdi. |
| 6. | Öz başçılıqlarını saxlamayan, məskunlaşdığı yerləri tərk edən mələkləri də böyük qiyamət günü üçün əbədi zəncirlərlə bağlayaraq zülmətdə saxlamışdı. |
| 7. | Sodom, Homorra və ətrafdakı şəhərlər də özlərini buna bənzər tərzdə cinsi əxlaqsızlığa və qeyri-təbii münasibətlərə təslim etdilər; sonra bu şəhərlər əbədi odla yandırılma cəzasını çəkərək bir nümunə oldu. |
| 8. | Eyni şəkildə aranıza girən bu röyagörənlər də öz cismini murdar edir, ağalığı rədd edir, ehtişamlı varlıqlara şər atırlar. |
| 9. | Hətta baş mələk Mikael də Musanın cəsədi barəsində iblisin əleyhinə çıxıb ona şər söyləyərək hökm verməyə cəsarət etmədi, ancaq «Qoy Rəbb sənə qadağan etsin!» dedi. |
| 10. | Amma bu adamlar başa düşmədikləri hər şeyə şər atırlar. Onlar dərrakəsiz heyvanlar kimi qeyri-iradi surətdə nə anlayırlarsa, bunlarla məhv olurlar. |
| 11. | Vay onların halına! Çünki onlar Qabilin yolu ilə getdilər. Qazanca görə özlərini Bilamın yalanına düçar etdilər. Qorah kimi üsyan qaldırdıqları üçün həlak oldular. |
| 12. | Belə adamlar sizin məhəbbət süfrələrinizi ləkələyirlər. Onlar sizinlə birlikdə yeyib-içərək qorxmadan özlərini bəsləyirlər. Bunlar küləklərin tərpətdiyi susuz buludlardır. Payızda meyvə vermədiyi üçün kökündən qoparılmış və iki dəfə ölmüş ağaclardır. |
| 13. | Öz xəcalətini köpük kimi sovuran şiddətli dəniz dalğalarıdır. Səyyar ulduzlardır ki, onlar üçün Allah qatı qaranlığı əbədi saxlayır. |
| 14. | Adəmlə birlikdə yeddinci nəsil sayılan Xanok da bu adamlara aid peyğəmbərlik edərək demişdir: «Budur, Rəbb saysız-hesabsız müqəddəs mələkləri ilə gəldi ki, |
| 15. | hamını mühakimə etsin və Allaha qarşı gördükləri allahsız işlər və allahsız günahkarların Özünə qarşı inadkarcasına dedikləri bütün sözlər üçün məhkum etsin». |
| 16. | Bu adamlar deyinərək öz talelərindən gileylənirlər. Onlar öz ehtiraslarına uyğun hərəkət edirlər. Ağızlarından lovğa sözlər çıxır və öz xeyirlərinə görə yaltaqlanırlar. |
| 17. | Amma siz, ey sevimlilər, Rəbbimiz İsa Məsihin həvarilərinin əvvəlcədən söylədikləri sözləri xatırlayın. |
| 18. | Onlar sizə dedilər: «Axır zamanda öz allahsız ehtiraslarına görə hərəkət edən rişxəndçilər ortaya çıxacaq». |
| 19. | Bunlar ayrılıq salan, öz təbiətinə əsir olan, Ruha malik olmayan insanlardır. |
| 20. | Siz isə, sevimlilər, özünüzü ən müqəddəs olan imanınızın təməli üzərində inkişaf etdirin və Müqəddəs Ruhun idarəsi ilə dua edin. |
| 21. | Rəbbimiz İsa Məsihin əbədi həyata aparan mərhəmətini gözləyərək özünüzü Allah məhəbbətində qoruyun. |
| 22. | Şübhə edən adamlara qarşı mərhəmətli olun; |
| 23. | başqalarını oddan qaparaq xilas edin; digərlərinə isə mərhəmət edin. Amma qorxu içində cismin ləkələdiyi paltardan belə, çəkinin. |
| 24. | Sizi büdrəməkdən qoruyub Öz izzətli hüzuruna böyük sevinclə nöqsansız çıxarmağa qadir olan |
| 25. | Xilaskarımız, yeganə Allaha Rəbbimiz İsa Məsih vasitəsilə əzəldən bəri, indi və əbədi olaraq izzət, əzəmət, qüdrət və səlahiyyət olsun! Amin. |
| Jude (1/1) |