Joshua (23/24)  

1. Rəbb İsraillilərə hər tərəfdən düşmənlərindən əmin-amanlıq verəndən sonra uzun müddət keçdi. Artıq Yeşua qocalıb yaşa dolmuşdu.
2. O bütün İsraili, ağsaqqalları, başçıları, hakimləri və məmurları çağırdı və onlara dedi: «Mən qocalmışam, yaşım çoxdur.
3. Allahınız Rəbbin sizin uğrunuzda bütün bu millətlərə nə etdiyini gördünüz, çünki Allahınız Rəbb Özü sizin üçün döyüşdü.
4. Budur, İordan çayından qərb tərəfə Böyük dənizə qədər qırdığım bütün millətlərin torpaqları ilə birlikdə qalan bu millətlərin də torpaqlarını qəbilələriniz üçün irs olaraq payladım.
5. Allahınız Rəbb Özü onları qarşınızdan silib atacaq və onları gözünüzün qarşısından qovacaq. Allahınız Rəbbin sizə söz verdiyi kimi onların torpağına sahib olacaqsınız.
6. Musanın Qanun kitabında yazılan hər şeyi saxlayıb yerinə yetirmək üçün çox diqqətli olun ki, ondan nə sağa, nə də sola dönəsiniz.
7. Sizinlə qalan bu millətlərə qarışmayın, allahlarının adını çəkməyin, onlara and içməyin, onlara qulluq etməyin, onlara səcdə qılmayın.
8. Yalnız bu günə qədər etdiyiniz kimi Rəbbə etibar edin.
9. Çünki Rəbb qarşınızdan böyük və qüvvətli millətləri qovdu, ona görə də bu günə qədər sizin qarşınızda heç kim dura bilmədi.
10. Sizdən bir adam min adamı qova bildi, çünki Allahınız Rəbb sizə dediyi kimi sizin üçün Özü döyüşdü.
11. Öz canınız xatirinə Allahınız Rəbbi sevməyə cəhd edin.
12. Əgər geri dönsəniz, sizin aranızda yaşayan bu millətlərdən qalanlara bağlansanız, onlarla qohum olsanız, onlarla qaynayıb-qarışsanız,
13. yaxşı bilin ki, Allahınız Rəbb bu millətləri gözünüz qarşısından bir daha qovmayacaq. Allahınız Rəbbin verdiyi bu nemətli torpaq üzərindən yox olana qədər onlar sizin üçün kəmənd, tələ, böyürlərinizə qamçı və gözlərinizə tikan olacaq.
14. Budur, bu gün mən də hamı kimi dünyadan köçəcəyəm. Bütün qəlbinizlə və varlığınızla bilirsiniz ki, Allahınız Rəbbin haqqınızda dediyi bütün yaxşı şeylərdən heç biri boşa çıxmadı. Hamısı sizin üçün yerinə yetdi. Onun sözlərindən heç biri boşa çıxmadı.
15. Allahınız Rəbbin sizə vəd etdiyi bütün nemətli şeylər necə yerinə yetdisə, verdiyi bu yaxşı torpaq üzərindən sizi həlak edənə qədər bütün pis şeyləri də Rəbb beləcə sizin başınıza gətirəcək.
16. Əgər Allahınız Rəbbin sizə buyurduğu əhdi pozsanız, gedib başqa allahlara qulluq etsəniz, onlara səcdə qılsanız, Rəbbin qəzəbi sizə qarşı alovlanacaq və sizə verdiyi nemətli torpaq üzərindən tezliklə yox olacaqsınız».

  Joshua (23/24)