| ← Jonah (3/4) → | 
| 1. | Rəbbin sözü Yunusa ikinci dəfə nazil oldu: | 
| 2. | «Qalx, Ninevaya – o böyük şəhərə get və sənə söyləyəcəyim sözləri onlara car çək». | 
| 3. | Yunus Rəbbin sözünə görə qalxıb Ninevaya getdi. Nineva Allahın nəzərində böyük şəhər idi. Oranı üç günə gəzib-dolaşmaq olardı. | 
| 4. | Yunus şəhəri gəzməyə başlayıb bir günlük yol getdi və car çəkərək dedi: «Qırx gündən sonra Nineva dağılacaq!» | 
| 5. | Ninevalılar Allaha inandılar, oruc elan edərək böyükdən kiçiyə qədər hamı çul geyindi. | 
| 6. | Bu xəbər Nineva padşahına çatanda o, taxtından qalxaraq şahlıq libasını əynindən çıxartdı və çul geyinib külün üstündə oturdu. | 
| 7. | Padşah özünün və əyanlarının adından buyurdu ki, Ninevada elan edib desinlər: «Nə insanlar, nə heyvanlar, nə mal-qara, nə də ki qoyun-keçi heç nə yeməsin, otlağa getməsin və su içməsin. | 
| 8. | İnsanlar da, heyvanlar da çul geyinsin və var gücləri ilə Allaha fəryad etsin. Hər kəs öz pis yolundan və əllərinin zorakılığından dönsün. | 
| 9. | Kim bilir, bəlkə Allah rəhmə gəlib, qızğın qəzəbini bizdən döndərər və biz məhv olmarıq». | 
| 10. | Allah onların işlərini, pis yoldan döndüklərini gördü. Ona görə də rəhm edib əvvəlcə onların üstünə göndərmək istədiyi bəlanı göndərmədi. | 
| ← Jonah (3/4) → |