| ← Jonah (2/4) → |
| 1. | Yunus balığın qarnından Allahı Rəbbə dua edib dedi: |
| 2. | «Əzab içində Rəbbi çağırdım, O mənə cavab verdi. Ölülər diyarının bağrından fəryad etdim, Sən mənim səsimi eşitdin. |
| 3. | Sən məni dərinə, dənizin qoynuna atdın, Məni sellər sarıdı, Sənin bütün ləpələrin və dalğaların Üstümdən keçdi. |
| 4. | Mən dedim: “Sənin gözlərinin önündən qovuldum”, Lakin yenə Sənin müqəddəs məbədini görəcəyəm. |
| 5. | Nəfəsim kəsilənə qədər məni sular bürüdü, Məni dərinliklər aldı, Başıma yosunlar sarıldı. |
| 6. | Dağların dibinə qədər endim, Arxamca əbədilik dünya bağlandı. Lakin, ya Rəbb Allahım, Sən canımı dərin çuxurdan çıxartdın. |
| 7. | Daxilimdə canım üzüləndə Rəbbə üz tutdum, Mənim duam Sənə, Sənin müqəddəs məbədinə çatdı. |
| 8. | Puç olan bütlərə səcdə edənlər Onlara verilən lütfdən imtina edərlər. |
| 9. | Amma mən Sənə şükür nəğməsi ilə qurban gətirəcəyəm, Əhdimi yerinə yetirəcəyəm. Xilas Rəbdədir!» |
| 10. | Rəbb balığa əmr etdi və balıq Yunusu ağzından quruya qaytardı. |
| ← Jonah (2/4) → |