Jonah (1/4) → |
1. | Rəbbin sözü Amittay oğlu Yunusa nazil oldu: |
2. | «Qalx, Ninevaya – o böyük şəhərə get və ona qarşı car çək, çünki oradakıların pisliyi gəlib Mənə qədər çatmışdır». |
3. | Lakin Yunus Rəbbin hüzurundan Tarşişə qaçmaq üçün qalxdı. Yafoya enib Tarşişə gedən bir gəmi tapdı. Yol haqqını verib Rəbbin hüzurundan getmək üçün onlarla birlikdə Tarşişə gedən gəmiyə mindi. |
4. | Lakin Rəbb dəniz üzərində güclü külək qaldırdı, dənizdə böyük bir fırtına qopdu və gəmi az qala parçalanacaqdı. |
5. | Gəmiçilər qorxuya düşüb hər biri öz allahını çağırdı və gəmi yüngülləşsin deyə orada olan yükləri dənizə atdılar. Yunus isə gəminin aşağı hissəsinə enmişdi və uzanıb bərk yuxuya getmişdi. |
6. | Gəmi rəisi onun yanına gəlib dedi: «Sən nə yatırsan? Qalx, öz allahını çağır. Bəlkə sənin allahın bizi yada salar və biz məhv olmarıq». |
7. | Gəmiçilər bir-birlərinə dedi: «Gəlin püşk ataq, görək kimə görə bu bəla başımıza gəldi?» Püşk atdılar və püşk Yunusa düşdü. |
8. | O zaman Yunusdan soruşdular: «Bizə de, başımıza gələn bu bəla kimə görədir? Sənin sənətin nədir? Haradan gəlirsən? Vətənin haradır? Hansı xalqdansan?» |
9. | Yunus cavab verdi: «Mən İbraniyəm. Dənizi və torpağı yaradan göylərin Allahı Rəbdən qorxuram». |
10. | Onlar çox qorxdu və dedi: «Sən bunu nə üçün etdin?» Çünki Yunusun Rəbdən uzaqlaşmaq üçün qaçdığını bilirdilər, bunu onlara özü nəql etmişdi. |
11. | Dəniz get-gedə coşduğuna görə onlar Yunusdan soruşdular: «Səninlə nə edək ki, dəniz qarşımızda sakitləşsin?» |
12. | Yunus onlara dedi: «Məni götürüb dənizə atın, onda dəniz qarşınızda sakitləşər, çünki bilirəm, bu böyük fırtına mənə görə baş verib». |
13. | Lakin gəmiçilər sahilə yan almaq üçün səylə avar çəkməyə başladı, amma bacarmadı. Ona görə ki dəniz onlara qarşı get-gedə coşurdu. |
14. | O zaman onlar Rəbbə fəryad edərək dedilər: «Ya Rəbb, Sənə yalvarırıq, qoyma bu adamın canından ötrü məhv olaq. Günahsız qan üstümüzdə qalmasın! Çünki Sən, ya Rəbb, Öz istədiyini etmisən». |
15. | Onlar Yunusu götürüb dənizə atdı və dənizdəki fırtına yatdı. |
16. | Onda adamlar Rəbdən bərk qorxdu və Rəbbə qurban təqdim edərək əhd etdi. |
17. | Yunusu udmaq üçün Rəbb böyük bir balıq yetirdi və Yunus üç gün-üç gecə balığın qarnında qaldı. |
Jonah (1/4) → |