| ← John (6/21) → |
| 1. | Bu hadisələrdən sonra İsa Qalileya – Tiberiya gölünün o biri sahilinə keçdi. |
| 2. | Böyük bir izdiham Onun ardınca gedirdi, çünki Onun xəstələrlə göstərdiyi əlamətləri görürdü. |
| 3. | İsa dağa çıxıb şagirdləri ilə oturdu. |
| 4. | Yəhudilərin Pasxa bayramı yaxınlaşırdı. |
| 5. | İsa başını qaldıraraq böyük bir izdihamın yanına gəldiyini görüb Filipə dedi: «Haradan çörək alıb bu adamları yedirək?» |
| 6. | Bu sözləri onu sınamaq məqsədi ilə söylədi, çünki Özü nə edəcəyini bilirdi. |
| 7. | Filip Ona cavab verdi: «Bunlara iki yüz dinarlıq çörək də çatmaz ki, hərəsi bir tikə yemək yesin». |
| 8. | Şagirdlərindən biri olan Şimon Peterin qardaşı Andrey Ona dedi: |
| 9. | «Burada beş kiçik arpa çörəyi ilə iki balığı olan bir oğlan var, amma bu qədər adam üçün bunlar nədir ki?» |
| 10. | İsa «xalqı yerə oturdun» dedi. Ora otla örtülmüşdü. Xalq da oturdu. Kişilərin sayı beş minə yaxın idi. |
| 11. | O zaman İsa çörəkləri götürüb şükür edərək balıqlarla birgə, oturanlara – hər kəsə istədiyi qədər payladı. |
| 12. | Onlar yeyib-doyandan sonra İsa şagirdlərinə dedi: «Artıq qalan hissələri toplayın ki, heç bir şey zay olmasın». |
| 13. | Bunları topladılar və beş arpa çörəyini yeyənlərin qabağından qalan hissələrdən on iki zənbil doldurdular. |
| 14. | O zaman İsanın göstərdiyi əlaməti görən adamlar «Həqiqətən, dünyaya gəlməli olan peyğəmbər Budur!» deyirdi. |
| 15. | İsa bildi ki, adamlar gəlib Onu padşah etmək üçün zorla aparmağa hazırlaşır, buna görə də təkbaşına dağa çəkildi. |
| 16. | Axşam çatanda İsanın şagirdləri gölə enib |
| 17. | bir qayığa mindilər. Onlar gölün o biri sahilində olan Kefernahuma gedirdilər. Qaranlıq düşmüşdü, amma İsa hələ onların yanına gəlməmişdi. |
| 18. | Güclü külək əsdiyindən göl dalğalanırdı. |
| 19. | Onlar beləcə avar çəkib iyirmi beş ya otuz stadi gedəndən sonra gördülər ki, İsa gölün üstü ilə yeriyir və qayığa yaxınlaşır. Qorxdular, |
| 20. | amma İsa onlara «Mənəm, qorxmayın» dedi. |
| 21. | Onda şagirdlər Onu məmnunluqla qayığa götürdülər. Sonra qayıq o andaca getdikləri sahilə çatdı. |
| 22. | Ertəsi gün gölün o biri sahilində qalan xalq başa düşdü ki, orada yalnız bir qayıq olub, İsa Öz şagirdləri ilə həmin qayığa minməyib, şagirdləri Onsuz gedib. |
| 23. | O arada Tiberiyadan digər qayıqlar Rəbb şükür edəndən sonra yemək yedikləri yerin yaxınlığına gəldilər. |
| 24. | Beləcə xalq İsanın da, şagirdlərinin də orada olmadığını görüb qayıqlara minərək İsanı axtara-axtara Kefernahuma gəldi. |
| 25. | İsanı gölün o biri sahilində görəndə «Rabbi, buraya nə vaxt gəldin?» deyə soruşdular. |
| 26. | İsa onlara cavab olaraq dedi: «Doğrusunu, doğrusunu sizə deyirəm: əlamətlər gördüyünüz üçün deyil, çörək yeyib doyduğunuz üçün Məni axtarırsınız. |
| 27. | Keçib-gedən yemək üçün deyil, əbədi həyat verən, daim qalan yemək üçün işlər görün, onu sizə Bəşər Oğlu verəcək. Çünki Ata Allah Ona Öz möhürünü vurub». |
| 28. | Onlar İsadan soruşdular: «Allahın istədiyi işləri görmək üçün biz nə edək?» |
| 29. | İsa onlara cavab verdi: «Allahın istədiyi iş budur: Onun göndərdiyi Şəxsə iman edin». |
| 30. | Onlar İsaya dedilər: «Sən nə əlamət göstərərsən ki, görüb Sənə inanaq? Nə iş görəcəksən? |
| 31. | Ata-babalarımız çöldə manna yedi; bu barədə yazılıb: “Onlara yemək üçün göydən çörək verdi”». |
| 32. | Onda İsa onlara dedi: «Doğrusunu, doğrusunu sizə deyirəm: sizə göydən çörək verən Musa deyildi, göydən həqiqi çörəyi sizə verən Atamdır. |
| 33. | Çünki Allahın çörəyi budur ki, göydən enir və dünyaya həyat verir». |
| 34. | Ona dedilər: «Ağa, Sən daim bizə bu çörəyi ver». |
| 35. | İsa onlara dedi: «Həyat çörəyi Mənəm. Mənim yanıma gələn heç vaxt acmaz, Mənə iman edən heç vaxt susamaz. |
| 36. | Lakin sizə dedim ki, Məni görürsünüz, amma iman etmirsiniz. |
| 37. | Atanın Mənə verdiyi şəxslərin hamısı yanıma gələcək və yanıma gələni heç vaxt kənara atmaram. |
| 38. | Çünki Öz iradəmi deyil, Məni Göndərənin iradəsini yerinə yetirmək üçün göydən enmişəm. |
| 39. | Məni Göndərənin iradəsi budur ki, Mənə verdiyi şəxslərin heç birini həlak olmağa qoymayım, lakin son gündə onları dirildim. |
| 40. | Çünki Atamın iradəsi budur ki, Oğulu görüb Ona iman edən hər şəxs əbədi həyata malik olsun və Mən onu son gündə dirildim». |
| 41. | Bunun cavabında Yəhudilər İsanın «göydən enmiş çörək Mənəm» sözünə görə deyinib |
| 42. | dedilər: «Bu, ata-anasını tanıdığımız, Yusifin Oğlu olan İsa deyilmi? İndi necə olur ki, “göydən enmişəm” deyir?» |
| 43. | İsa onlara cavab verdi: «Öz-özünüzə deyinməyin. |
| 44. | Əgər Məni göndərən Ata bir kəsi cəzb etməsə, o Mənim yanıma gələ bilməz. Yanıma gələni isə Mən son gündə dirildəcəyəm. |
| 45. | Peyğəmbərlərin kitablarında yazılıb: “Onların hamısını Allah öyrədəcək”. Atadan eşidib öyrənən hər kəs Mənim yanıma gəlir. |
| 46. | Əlbəttə, Allahdan gələn Şəxsdən savayı Atanı heç kəs görməyib, yalnız O, Atanı görüb. |
| 47. | Doğrusunu, doğrusunu sizə deyirəm: iman edən əbədi həyata malikdir. |
| 48. | Həyat çörəyi Mənəm. |
| 49. | Ata-babalarınız çöldə manna yedilər və öldülər. |
| 50. | Bu isə göydən enən elə bir çörəkdir ki, ondan yeyən şəxs heç vaxt ölməz. |
| 51. | Göydən enmiş canlı çörək Mənəm. Əgər kimsə bu çörəkdən yesə, əbədi yaşayar. Dünyanın həyatı üçün verəcəyim çörək Öz ətimdir». |
| 52. | Bunun cavabında Yəhudilər «Bu Adam yemək üçün Öz ətini bizə necə verə bilər?» deyib bir-birləri ilə mübahisə etdilər. |
| 53. | Onda İsa onlara dedi: «Doğrusunu, doğrusunu sizə deyirəm: Bəşər Oğlunun ətindən yeyib qanından içməsəniz, daxilinizdə həyat olmayacaq. |
| 54. | Mənim ətimdən yeyib qanımdan içən əbədi həyata malikdir və Mən onu son gündə dirildəcəyəm. |
| 55. | Çünki Mənim ətim həqiqi yemək, qanım da həqiqi içkidir. |
| 56. | Mənim ətimdən yeyib qanımdan içən Məndə qalır, Mən də onda qalıram. |
| 57. | Var olan Ata Məni göndərdiyi kimi, Mən də Atanın sayəsində yaşadığım kimi Məndən yeyən də Mənim sayəmdə yaşayacaq. |
| 58. | Göydən enmiş çörək budur, ata-babalarınızın yediyi kimi deyil. Onlar öldülər, amma bu çörəyi yeyən əbədi yaşayacaq». |
| 59. | İsa bu sözləri Kefernahumda, sinaqoqda təlim öyrədərkən söylədi. |
| 60. | Şagirdlərindən bir çoxu bu sözləri eşidəndə dedi: «Bu söz qəlizdir. Bunu kim anlaya bilər?» |
| 61. | Lakin İsa şagirdlərinin buna görə deyindiklərini duyaraq onlara dedi: «Bu söz sizi büdrədirmi? |
| 62. | Yaxşı, bəs Bəşər Oğlunun əvvəllər olduğu yerə qalxdığını görsəniz, necə? |
| 63. | Həyat verən Ruhdur, cismani təbiətinsə heç faydası yoxdur. Sizə söylədiyim sözlər Ruh və həyat gətirir. |
| 64. | Lakin sizin aranızda iman etməyənlər də var». Çünki İsa iman etməyənlərin və Ona xəyanət edəcək adamın kim olduğunu əvvəlcədən bilirdi. |
| 65. | O dedi: «Buna görə də sizə söylədim ki, əgər Ata bir kəsə imkan verməsə, o Mənim yanıma gələ bilməz». |
| 66. | Bunlardan sonra şagirdlərinin çoxu İsadan ayrılıb daha Onunla gəzmirdi. |
| 67. | Onda İsa On İki şagirdə dedi: «Yoxsa siz də Məni tərk etmək istəyirsiniz?» |
| 68. | Şimon Peter Ona cavab verdi: «Ya Rəbb, biz kimin yanına gedək? Əbədi həyatın sözlərini söyləyən Sənsən. |
| 69. | Biz də iman etmişik və bilirik ki, Allahın Müqəddəsi Sənsən». |
| 70. | İsa onlara dedi: «Siz On İki şagirdi Mən seçmədimmi? Amma sizdən biri iblisdir». |
| 71. | O bu sözləri Şimon İskaryot oğlu Yəhuda barədə söylədi, çünki On İki şagirddən biri olduğu halda İsaya xəyanət edəcəkdi. |
| ← John (6/21) → |