| ← John (4/21) → |
| 1. | Fariseylər İsanın Özünə Yəhyadan daha çox şagird toplayıb vəftiz etdiyi barədə eşitdilər; |
| 2. | əslində İsanın Özü deyil, şagirdləri vəftiz edirdi. |
| 3. | İsa bundan xəbər tutan kimi Yəhudeyanı tərk edib Qalileyaya qayıtdı. |
| 4. | Onun yolu Samariyadan keçirdi. |
| 5. | O, Yaqubun öz oğlu Yusifə verdiyi torpağa yaxın olan Samariyanın Sixar adlanan şəhərinə gəldi. |
| 6. | Yaqubun quyusu orada idi. Yol İsanı yorduğu üçün quyunun yanında oturdu. Altıncı saat radələri idi. |
| 7. | Samariyalı bir qadın quyudan su çəkməyə gəldi. İsa ona «Mənə su ver, içim» dedi. |
| 8. | Çünki şagirdləri yemək almaq üçün şəhərə getmişdi. |
| 9. | Samariyalı qadın Ona dedi: «Sən bir Yəhudisən, mənsə Samariyalı bir qadın. Sən necə məndən su istəyə bilərsən?» Çünki Yəhudilər Samariyalılarla ünsiyyət etmir. |
| 10. | İsa ona cavab verdi: «Əgər sən Allahın bəxşişini və “Mənə su ver, içim” deyənin Kim olduğunu bilsəydin, özün Ondan su istəyərdin, O da sənə həyat suyu verərdi». |
| 11. | Qadın Ona dedi: «Ağa, su çəkmək üçün bir qabın yox, quyu da dərindir. Bəs o həyat suyunu haradan götürəcəksən? |
| 12. | Məgər Sən bu quyunu bizə verən, oğulları və mal-qarası ilə buradan su içən atamız Yaqubdan da üstünsən?» |
| 13. | İsa ona cavab verdi: «Bu sudan içən hər kəs yenə susayar, |
| 14. | amma Mənim ona verəcəyim sudan kim içsə, heç vaxt susamaz. Lakin ona verəcəyim su onun daxilində əbədi həyat verən bir su qaynağına çevriləcək». |
| 15. | Qadın Ona dedi: «Ağa, bu suyu mənə ver ki, mən heç vaxt susamayım və su çəkmək üçün buraya gəlməyim». |
| 16. | İsa qadına «get ərini çağır və buraya gəl» dedi. |
| 17. | Qadın da Ona «ərim yoxdur» söylədi. İsa ona dedi: «“Ərim yoxdur” deməklə düz söylədin, |
| 18. | çünki beş kişin olub, indi səninlə yaşayan da ərin deyil, sən bunu düz söylədin». |
| 19. | Qadın Ona dedi: «Ağa, görürəm ki, Sən peyğəmbərsən. |
| 20. | Bizim ata-babalarımız bu dağda ibadət edirdi, amma siz deyirsiniz ki, ibadət etmək üçün lazımi yer Yerusəlimdədir». |
| 21. | İsa ona dedi: «Ey qadın, Mənə inan, artıq o zaman yetişir ki, Ataya nə bu dağda, nə də Yerusəlimdə ibadət edəcəksiniz. |
| 22. | Siz bilmədiyinizə ibadət edirsiniz, bizsə bildiyimizə ibadət edirik, çünki xilas Yəhudilərdəndir. |
| 23. | Amma o zaman gəlir və artıq gəlib ki, həqiqi ibadət edənlər Ataya ruhda və həqiqətdə ibadət etsin. Ata da Özünə belə ibadət edənlər axtarır. |
| 24. | Allah ruhdur və Ona ibadət edənlər ruhda və həqiqətdə ibadət etməlidir». |
| 25. | Qadın Ona dedi: «Bilirəm ki, “Məsih” deyilən məsh olunmuş Şəxs gələcək və gələndə bizə hər şeyi bildirəcək». |
| 26. | İsa ona dedi: «Səninlə danışan Odur, O Mənəm». |
| 27. | Bu arada İsanın şagirdləri gəldilər və Onun bir qadınla söhbət etməsinə heyrətləndilər, ancaq heç biri «Nə istəyirsən?» yaxud «Niyə o qadınla danışırsan?» demədi. |
| 28. | Bu zaman qadın səhəngini yerə qoydu və şəhərə gedib adamlara dedi: |
| 29. | «Gəlin, etdiyim bütün əməlləri mənə söyləyən Adamı görün. Bəlkə elə Məsih Odur?» |
| 30. | Adamlar da şəhərdən çıxıb İsanın yanına gəldilər. |
| 31. | Bu arada şagirdlər «Rabbi, yemək ye» deyə Ondan xahiş etdilər. |
| 32. | Lakin İsa onlara dedi: «Məndə elə yemək var ki, siz ondan xəbərsizsiniz». |
| 33. | Onda şagirdlər «Görəsən kimsə Ona yemək gətirdimi?» deyə bir-birindən soruşdular. |
| 34. | İsa onlara dedi: «Mənim yeməyim Məni Göndərənin iradəsini yerinə yetirmək, Onun işini tamamlamaqdır. |
| 35. | Siz “biçinə dörd ay qalıb” demirsinizmi? Budur, Mən sizə deyirəm: başınızı qaldırıb tarlalara baxın; məhsul bar verib, biçilməyə hazırdır. |
| 36. | Əkən də, biçən də birlikdə sevinsin deyə indi biçinçi zəhmət haqqı alır və əbədi həyat üçün məhsul toplayır. |
| 37. | Bu işlə bağlı “biri əkər, biri biçər” ifadəsi doğru deyilib. |
| 38. | Mən sizi zəhmətini çəkmədiyiniz bir məhsulu biçməyə göndərdim. Başqaları zəhmət çəkdi, sizsə onların zəhmətindən bəhrələndiniz». |
| 39. | «Etdiyim bütün əməlləri mənə söylədi» deyə şəhadət edən qadının sözünə görə o şəhərdən olan Samariyalıların bir çoxu İsaya iman etdi. |
| 40. | Sonra Samariyalılar İsanın yanına gəlib Ondan xahiş etdilər ki, onların yanında qalsın. İsa da iki gün orada qaldı. |
| 41. | Daha çox adam da İsanın sözünə görə iman etdi. |
| 42. | Onlar qadına deyirdilər: «Biz artıq sənin sözlərinə görə iman etmirik, elə özümüz də eşidib bildik ki, həqiqətən, dünyanın Xilaskarı Budur». |
| 43. | İsa iki gündən sonra oranı tərk edib Qalileyaya tərəf yola düşdü. |
| 44. | Çünki peyğəmbərin öz yurdunda hörməti olmadığı barədə İsa Özü bir vaxt şəhadət etmişdi. |
| 45. | İndi Qalileyaya gələndə Qalileyalılar Onu qəbul etdi, çünki onlar da bayram zamanı Yerusəlimə gəlib Onun orada etdiyi hər şeyi görmüşdülər. |
| 46. | Beləcə İsa suyu şəraba çevirdiyi Qalileyanın Qana kəndinə yenə gəldi. Kefernahumda hökmdarın bir məmuru var idi. Onun oğlu xəstələnmişdi. |
| 47. | O, İsanın Yəhudeyadan Qalileyaya gəldiyini eşidib yanına getdi və Ondan xahiş etdi ki, gəlib oğlunu sağaltsın, çünki oğlu ölüm ayağında idi. |
| 48. | Onda İsa ona dedi: «Siz əlamətlər və xariqələr görməyincə iman etməyəcəksiniz». |
| 49. | Hökmdarın məmuru Ona dedi: «Ağa, uşağım ölməzdən qabaq gəl!» |
| 50. | İsa ona «get, oğlun sağ-salamatdır» dedi. O adam da İsanın sözünə inanıb getdi. |
| 51. | Evə gələrkən qulları onu qarşılayaraq oğlunun sağ-salamat olduğunu söylədilər. |
| 52. | Oğlunun nə vaxt yaxşılaşdığını qullarından soruşdu, onlar da dedilər: «Dünən yeddinci saatda qızdırması düşdü». |
| 53. | O zaman ata başa düşdü ki, İsa elə həmin vaxt ona «oğlun sağ-salamatdır» demişdi. Onda özü də, bütün ev əhli də İsaya iman etdi. |
| 54. | Bu, İsanın göstərdiyi ikinci əlamət idi. Onu Yəhudeyadan Qalileyaya gələndə etmişdi. |
| ← John (4/21) → |