| ← John (3/21) → |
| 1. | Fariseylər arasında Nikodim adlı bir Yəhudi rəhbəri var idi. |
| 2. | O, gecə ikən İsanın yanına gəlib dedi: «Rabbi, bilirik ki, Sən Allahın yanından gələn bir müəllimsən. Çünki Allah ona yar olmasa, heç kəs Sənin göstərdiyin əlamətləri edə bilməz». |
| 3. | İsa ona cavab verdi: «Doğrusunu, doğrusunu sənə deyirəm: bir kəs yenidən doğulmasa, Allahın Padşahlığını görə bilməz». |
| 4. | Nikodim Ondan soruşdu: «Yaşa dolmuş bir adam necə yenidən doğula bilər? O, ikinci dəfə anasının bətninə girib doğula bilərmi?» |
| 5. | İsa cavab verdi: «Doğrusunu, doğrusunu sənə deyirəm: bir kəs sudan və Ruhdan doğulmasa, Allahın Padşahlığına daxil ola bilməz. |
| 6. | Bəşərdən doğulan bəşərdir, Ruhdan doğulan ruhdur. |
| 7. | Sənə “yenidən doğulmalısınız” dediyimə heyrət etmə. |
| 8. | Yel istədiyi yerdə əsir, onun səsini eşidirsən, amma haradan gəlib haraya getdiyini bilmirsən. Ruhdan doğulmuş adam da belədir». |
| 9. | Nikodim «Bu şeylər necə ola bilər?» deyə soruşdu. |
| 10. | İsa ona cavab verdi: «Sən İsrailin müəllimisən. Bunları bilmirsənmi? |
| 11. | Doğrusunu, doğrusunu sənə deyirəm: biz bildiyimizi söyləyirik, gördüyümüzə şəhadət edirik, amma siz bizim şəhadətimizi qəbul etmirsiniz. |
| 12. | Əgər Mən sizə yerdəki işlərdən danışanda inanmırsınızsa, göydəki işlərdən danışsam, necə inanacaqsınız? |
| 13. | Heç kəs göyə çıxmayıb, yalnız göydən enmiş Bəşər Oğlu orada olub. |
| 14. | Musa çöldə ilanı yuxarı qaldırdığı kimi Bəşər Oğlu da yuxarı qaldırılmalıdır ki, |
| 15. | Ona iman edən hər kəs əbədi həyata malik olsun». |
| 16. | Çünki Allah dünyanı elə sevdi ki, vahid Oğlunu verdi; bunu ona görə etdi ki, Ona iman edən hər kəs həlak olmasın, amma əbədi həyata malik olsun. |
| 17. | Allah dünyanı mühakimə etmək üçün deyil, Oğlunun vasitəsilə xilas etmək üçün Onu dünyaya göndərdi. |
| 18. | Ona iman edən mühakimə olunmur, iman etməyənsə artıq mühakimə olunub, çünki Allahın vahid Oğlunun adına iman etməyib. |
| 19. | Mühakimə bundan ibarətdir ki, dünyaya nur gəldi, amma insanlar qaranlığı nurdan daha çox sevdilər, çünki əməlləri şər idi. |
| 20. | Pislik edən hər kəs nura nifrət edər, əməllərinin üzə çıxmaması üçün nura tərəf gəlməz. |
| 21. | Həqiqətə əməl edənsə nura tərəf gələr ki, əməllərini Allah naminə etdiyi bəlli olsun. |
| 22. | Bundan sonra İsa və Onun şagirdləri Yəhudeya diyarına gəldilər. İsa bir müddət onlarla orada qalıb vəftiz edirdi. |
| 23. | Yəhya da Şalim yaxınlığındakı Aynonda vəftiz edirdi, çünki orada çoxlu su var idi. Adamlar da gəlib vəftiz olunurdu. |
| 24. | Yəhya hələ zindana salınmamışdı. |
| 25. | Bu zaman Yəhyanın şagirdləri ilə bir Yəhudi arasında paklanma barədə mübahisə düşdü. |
| 26. | Şagirdləri Yəhyanın yanına gəlib dedilər: «Rabbi, İordanın o tayında sənin yanında olan və barəsində şəhadət etdiyin Şəxs indi Özü vəftiz edir və hamı Onun yanına gəlir». |
| 27. | Yəhya cavabında dedi: «İnsana göydən verilməsə, o heç nə ala bilməz. |
| 28. | “Mən Məsih deyiləm, ancaq Ondan əvvəl göndərilmişəm” sözümə özünüz şahidsiniz. |
| 29. | Gəlin kimindirsə, bəy odur. Amma bəyi gözləyərək ona qulaq asan sağdışı bəyin səsini eşidib çox sevinir. Mənim sevincim beləcə tam oldu. |
| 30. | İndi Ona böyümək, mənə kiçilmək gərəkdir». |
| 31. | Yuxarıdan Gələn hamıdan üstündür. Yer üzündən olan yerə məxsusdur və yer barədə danışar, göydən Gələnsə hamıdan üstündür. |
| 32. | Nə görüb-eşidibsə, ona şəhadət edər, amma şəhadətini heç kəs qəbul etməz. |
| 33. | Onun şəhadətini qəbul edən kəs Allahın haqq olduğuna möhür basıb. |
| 34. | Ona görə ki Allahın göndərdiyi Şəxs Allahın sözlərini söyləyər. Çünki Allah Ruhu hədsiz verir. |
| 35. | Ata Oğulu sevir və hər şeyi Onun ixtiyarına verib. |
| 36. | Oğula iman edən şəxs əbədi həyata malikdir, Oğula itaət etməyənsə həyat görməyəcək, lakin Allahın qəzəbi onun üzərində qalır. |
| ← John (3/21) → |