← John (20/21) → |
1. | Həftənin ilk günü tezdən, hələ qaranlıq ikən Məcdəlli Məryəm qəbirin yanına gəldi. O gördü ki, daş qəbirin ağzından götürülüb. |
2. | Onda qaçıb Şimon Peterlə İsanın sevimlisi olan o biri şagirdin yanına gəldi və onlara dedi: «Rəbbi qəbirdən aparıblar və hara qoyulduğunu bilmirik». |
3. | Peterlə o biri şagird bayıra çıxıb qəbirə tərəf getdilər. |
4. | İkisi birgə qaçırdı, amma o biri şagird Peterdən daha cəld qaçdı və qabaqca qəbirə o çatdı. |
5. | Əyilib içəri baxdı və kətan bezlərin düşüb-qaldığını gördü, ancaq içəri girmədi. |
6. | O vaxt onun ardınca Şimon Peter də gəlib qəbirə girdi. O, düşüb-qalan kətan bezləri |
7. | və İsanın başına qoyulmuş dəsmalı gördü. Dəsmal kətan bezlərin yanında deyil, başqa bir yerdə bükülü qalmışdı. |
8. | Onda qəbirin yanına qabaqca gələn o biri şagird də içəri girib bunları gördü və iman etdi. |
9. | Çünki onlar İsanın mütləq ölülər arasından diriləcəyini bildirən Müqəddəs Yazını hələ anlamırdılar. |
10. | Beləcə şagirdlər yenə evlərinə qayıtdılar. |
11. | Məryəm isə ağlayaraq qəbirin bayırında dayanmışdı. Ağlaya-ağlaya əyilib qəbirin içinə baxdı. |
12. | Orada ağ paltar geymiş iki mələk gördü: biri İsanın cəsədinin qoyulduğu yerin başında, o biri isə ayağında oturmuşdu. |
13. | Onlar Məryəmdən «Ey qadın, niyə ağlayırsan?» deyə soruşdu. Məryəm də onlara dedi: «Rəbbimi qəbirdən aparıblar və hara qoyduqlarını bilmirəm». |
14. | Bunu deyəndən sonra arxaya dönüb İsanın orada dayandığını gördü, amma Onun İsa olduğunu bilmədi. |
15. | İsa ondan soruşdu: «Ey qadın, niyə ağlayırsan? Kimi axtarırsan?» Məryəm Onun bağban olduğunu güman edərək dedi: «Ağa, əgər Onu Sən aparmısansa, hara qoyduğunu mənə söylə, mən də Onu götürüm». |
16. | İsa ona «Məryəm!» dedi. O da dönüb İsaya ibranicə «Rabbuni!» dedi. «Rabbuni» «Müəllim» deməkdir. |
17. | İsa ona dedi: «Mənə toxunma, çünki Mən hələ Atanın yanına qalxmamışam. Amma qardaşlarımın yanına gedib onlara söylə: Öz Atamın – sizin Atanızın, Öz Allahımın – sizin Allahınızın yanına qalxıram». |
18. | Məcdəlli Məryəm şagirdlərin yanına gəldi, onlara «Rəbbi görmüşəm!» deyib onun özünə bunları söylədiyini bildirdi. |
19. | O gün – həftənin ilk günü axşam çağı Yəhudi başçılarından qorxduqları üçün şagirdlərin olduqları yerin qapıları bağlı olsa da, İsa içəri girdi. O ortada durub onlara «Sizə salam olsun!» dedi. |
20. | Bunu söyləyib onlara əllərini və böyrünü göstərdi. Şagirdlər də Rəbbi görüb sevindilər. |
21. | İsa yenə onlara dedi: «Sizə salam olsun! Ata Məni göndərdiyi kimi Mən də sizi göndərirəm». |
22. | Bunu söylədikdən sonra onların üzərinə üfürərək dedi: «Müqəddəs Ruhu alın! |
23. | Kimin günahlarını bağışlasanız, bağışlanır, kimin günahlarını bağışlamasanız, bağışlanmamış qalır». |
24. | Lakin On İki şagirddən biri «Əkiz» adlanan Tomas İsa gələndə onların yanında deyildi. |
25. | O biri şagirdlər Tomasa «Rəbbi gördük» deyəndə onlara söylədi: «Əgər Onun əllərində mıxların açdığı yaraları görməsəm, mıxların yerinə barmağımla toxunmasam, böyrünə də əlimi qoymasam, buna heç inanmaram». |
26. | Səkkiz gündən sonra İsanın şagirdləri yenə otaqda toplaşanda Tomas da onların yanında idi. Qapılar bağlı olsa da, İsa içəri girdi. O ortada durub «Sizə salam olsun!» dedi. |
27. | Bundan sonra Tomasa söylədi: «Barmağını buraya uzat, əllərimə bax, əlini də uzat, böyrümə qoy. İmansız olma, imanlı ol!» |
28. | Tomas cavab verib Ona «Ya Rəbbim və Allahım!» dedi. |
29. | İsa ona dedi: «Sən Məni gördüyün üçünmü iman etdin? Görmədən iman edənlər nə bəxtiyardır!» |
30. | İsa şagirdlərinin gözü önündə bir çox başqa əlamətlər də göstərdi ki, bu kitabda yazılmayıb. |
31. | Amma buradakılar onun üçün yazılıb ki, siz İsanın Məsih – Allahın Oğlu olduğuna inanasınız və iman edərək Onun adı ilə həyata malik olasınız. |
← John (20/21) → |