← John (2/21) → |
1. | Bunun üçüncü günü Qalileyanın Qana kəndində toy oldu. İsanın anası orada idi. |
2. | İsa ilə şagirdləri də toya çağırılmışdı. |
3. | Şərab qurtaranda anası İsaya dedi: «Şərabları qalmadı». |
4. | İsa dedi: «Ana, məndən nə istəyirsən? Mənim vaxtım hələ çatmayıb». |
5. | Anası xidmətçilərə dedi: «Sizə nə desə, edin». |
6. | Yəhudilərin paklanma mərasimi üçün orada hər biri iki-üç ölçü su tuta bilən altı daş küp var idi. |
7. | İsa xidmətçilərə dedi: «Küpləri su ilə doldurun». Onları ağzına qədər doldurdular. |
8. | O, xidmətçilərə dedi: «İndi bir az götürüb toyağasına aparın». Onlar da apardı. |
9. | Toyağası şəraba çevrilmiş suyun dadına baxdı. O bunun haradan gətirildiyini bilmirdi, bunu yalnız suyu götürən xidmətçilər bilirdi. Toyağası bəyi çağırıb ona dedi: |
10. | «Hər kəs əvvəlcə əla şərabı, çox içiləndən sonra isə adi şərabı təqdim edir. Amma sən əla şərabı indiyə saxlamısan». |
11. | İsa Qalileyanın Qana kəndində bu ilk əlamətini göstərdi və izzətini üzə çıxardı. Şagirdləri də Ona iman etdi. |
12. | Bundan sonra anası, qardaşları və şagirdləri ilə birgə Kefernahuma gedib orada bir neçə gün qaldı. |
13. | Yəhudilərin Pasxa bayramı yaxınlaşırdı. İsa Yerusəlimə getdi. |
14. | Məbəddə öküz, qoyun, göyərçin satanların və sərrafların oturduğunu gördü. |
15. | İplərdən bir qamçı düzəldib hamını qoyun və öküzlərlə birgə məbəddən qovdu, sərrafların masalarını çevirib pullarını yerə tökdü, |
16. | göyərçin satanlara da dedi: «Bunları buradan götürün. Atamın evini bazara döndərməyin». |
17. | Şagirdləri də «evinin qeyrəti Məni yandırıb-yaxacaq» deyə yazıldığını xatırladılar. |
18. | Sonra Yəhudi başçıları Ondan soruşdular: «Bunları etməyə ixtiyarın olduğunu bizə hansı əlamətlə göstərə bilərsən?» |
19. | İsa onlara cavab verdi: «Bu məbədi dağıdın, üç günə Mən onu təzədən quraram». |
20. | Onda Yəhudi başçıları dedilər: «Bu məbəd qırx altı ilə tikilib, Sən onu üç günəmi quracaqsan?» |
21. | Lakin İsa məbəd deyəndə Öz bədənini nəzərdə tuturdu. |
22. | İsa ölülər arasından dirildiyi zaman şagirdləri Onun bu sözləri söylədiyini xatırladılar, Müqəddəs Yazıya və İsanın söylədiyi sözə inandılar. |
23. | İsa Pasxa bayramı zamanı Yerusəlimdə olanda göstərdiyi əlamətləri görən bir çox adam Onun adına iman etdi. |
24. | Amma İsa bütün adamların daxilini bildiyi üçün onlara güvənməzdi. |
25. | Bir adam haqqında kiminsə Ona şəhadət etməsinə ehtiyacı yox idi, çünki insanın ürəyindən keçənləri bilirdi. |
← John (2/21) → |