← John (18/21) → |
1. | İsa bunları söylədikdən sonra şagirdləri ilə birgə çıxıb Qidron vadisinin o biri tayına keçdi. Orada bir bağça var idi. İsa və şagirdləri oraya girdilər. |
2. | Ona xəyanət edən Yəhuda da bu yeri tanıyırdı, çünki İsa tez-tez şagirdləri ilə orada yığışırdı. |
3. | Beləcə Yəhuda bir alay əsgərlə başçı kahinlərin və fariseylərin göndərdiyi bəzi mühafizəçiləri götürüb çıraqlar, məşəllər və silahlarla oraya gəldi. |
4. | İsa başına gələcək hər şeyi bildiyi üçün qabağa çıxdı və «Kimi axtarırsınız?» deyə onlardan soruşdu. |
5. | Ona cavab verdilər: «Nazaretli İsanı». İsa onlara «Mənəm» dedi. Ona xəyanət edən Yəhuda da onlarla yanaşı idi. |
6. | İsa onlara «Mənəm» deyəndə geri çəkilib yerə qapandılar. |
7. | Onda yenə «Kimi axtarırsınız?» deyə onlardan soruşdu. Onlar da «Nazaretli İsanı» dedilər. |
8. | İsa cavab verdi: «Sizə dedim ki, Mənəm. Əgər Məni axtarırsınızsa, yanımdakıları buraxın getsinlər». |
9. | Bunu etdi ki, əvvəlcə dediyi «Mənə verdiyin şəxslərin heç birini həlak olmağa qoymadım» sözü yerinə yetsin. |
10. | Şimon Peterin yanında qılınc var idi. Onu çəkib baş kahinin qulunu vuraraq sağ qulağını kəsdi. O qulun adı Məlik idi. |
11. | Onda İsa Peterə dedi: «Qılıncı qınına qoy! Atanın Mənə verdiyi kasanı içməyimmi?» |
12. | Beləcə minbaşı ilə alay və Yəhudi başçılarının mühafizəçiləri İsanı tutub əl-qolunu bağladılar. |
13. | Onu əvvəlcə Xananın yanına apardılar, çünki Xanan o il baş kahin olan Qayafanın qayınatası idi. |
14. | Bu həmin Qayafa idi ki, «bir Adamın xalq uğrunda ölməsi yaxşıdır» deyə Yəhudi başçılarına məsləhət vermişdi. |
15. | Şimon Peter və başqa bir şagird İsanın ardınca gedirdilər. Baş kahin həmin şagirdi tanıdığı üçün o, İsa ilə birlikdə baş kahinin həyətinə girdi. |
16. | Peter isə bayırda qapının yanında durmuşdu. O vaxt baş kahinin tanıdığı bu şagird bayıra çıxıb qapıçı qızla danışdı və Peteri içəri gətirdi. |
17. | Bu arada qapıçı qız Peterdən soruşdu: «Yoxsa sən də bu Adamın şagirdlərindənsən?» O isə «xeyr, deyiləm» dedi. |
18. | Soyuq olduğu üçün qullar və mühafizəçilər orada ocaq qalamışdılar və ətrafında dayanıb isinirdilər. Peter də onlarla yanaşı dayanıb isinirdi. |
19. | O vaxt baş kahin İsadan şagirdləri və təlimi barədə soruşdu. |
20. | İsa ona cavab verdi: «Mən dünyaya açıq söyləmişəm, Yəhudilərin hamısının toplaşdıqları sinaqoqlarda və məbəddə həmişə təlim öyrədirdim, Mən heç nəyi gizli söyləməmişəm. |
21. | Niyə Məndən soruşursan? Nə dediyimi eşidən adamlardan soruş. Axı onlar Mənim söylədiyim şeyləri bilirlər». |
22. | İsa bu sözləri söyləyəndən sonra orada duran mühafizəçilərdən biri «Baş kahinə beləmi cavab verirsən?» deyib Ona bir şillə vurdu. |
23. | İsa ona cavab verdi: «Əgər haqsız danışdımsa, haqsız olduğunu sübut et. Əgər doğru dedimsə, onda Məni nə üçün vurursan?» |
24. | Xanan Onu əl-qolu bağlı halda baş kahin Qayafanın yanına göndərdi. |
25. | Şimon Peter bayırda durub isinirdi. Ondan soruşdular: «Yoxsa sən də Onun şagirdlərindənsən?» O inkar edib «xeyr, deyiləm» söylədi. |
26. | Baş kahinin qullarından biri Peterin vurub qulağını kəsdiyi adamın qohumu idi. Həmin qul «Səni bağçada Onunla birlikdə görmədimmi?» deyə Peterdən soruşdu. |
27. | Peter yenə inkar etdi. Həmin anda xoruz banladı. |
28. | Sonra Yəhudi başçıları İsanı Qayafanın yanından vali sarayına apardılar. Səhər açılırdı. Amma özləri vali sarayına girmədilər ki, murdar olmasınlar və Pasxa yeməyini yeyə bilsinlər. |
29. | Ona görə də Pilat bayıra, onların yanına çıxıb dedi: «Bu Adamı nədə ittiham edirsiniz?» |
30. | Onlar Pilata cavab verdilər: «Əgər bu Adam cinayətkar olmasaydı, Onu sənə təslim etməzdik». |
31. | Pilat onlara dedi: «Onu siz götürüb öz Qanununuza görə mühakimə edin». Yəhudi başçıları Pilata dedi: «Bizim heç kəsi edam etməyə icazəmiz yoxdur». |
32. | Onlar belə dedilər ki, İsanın necə bir ölümlə öləcəyinə işarə edərək söylədiyi söz yerinə yetsin. |
33. | Pilat yenə vali sarayına girdi, İsanı çağırıb Ona dedi: «Yəhudilərin Padşahı Sənsənmi?» |
34. | İsa cavab verdi: «Sən bunu özündənmi söyləyirsən, yoxsa başqaları sənə Mənim barəmdə danışdılar?» |
35. | Pilat dedi: «Məgər mən Yəhudiyəm? Səni Öz millətin və başçı kahinlər mənə təslim etdi. Söylə, nə etmisən?» |
36. | İsa cavab verdi: «Mənim Padşahlığım bu dünyadan deyil. Əgər Mənim Padşahlığım bu dünyadan olsaydı, xidmətçilərim Yəhudi başçılarına təslim edilməməyim üçün döyüşərdi, amma indi Mənim Padşahlığım buradan deyil». |
37. | Pilat ona dedi: «Demək, Sən Padşahsan?» İsa cavab verdi: «Sənin dediyin kimi Mən Padşaham. Mən həqiqət barədə şəhadət etmək üçün doğulub dünyaya gəldim. Həqiqətdən olan hər kəs Mənim səsimə qulaq asar». |
38. | Pilat Ona «Həqiqət nədir?» dedi. Bunu deyəndən sonra yenə bayıra, Yəhudilərin yanına çıxıb onlara dedi: «Mən Onda heç bir təqsir görmürəm. |
39. | Axı sizdə bir adətdir ki, Pasxa zamanı mən sizin üçün bir nəfəri azad edirəm. İndi istəyirsinizsə, sizin üçün Yəhudilərin Padşahını azad edim?» |
40. | Bunun cavabında onlar yenə bağırıb dedi: «Bu adamı yox, Barabbanı azad et!» Barabba isə bir quldur idi. |
← John (18/21) → |