| ← John (17/21) → |
| 1. | İsa bunları söylədikdən sonra başını göyə qaldırıb dedi: «Ey Ata, vaxt gəldi; Öz Oğlunu izzətləndir ki, Oğul da Səni izzətləndirsin. |
| 2. | Sən Ona bütün bəşər üzərində səlahiyyət verdin ki, Ona verdiyin şəxslərin hamısına əbədi həyat versin. |
| 3. | Əbədi həyat da budur ki, Səni – yeganə həqiqi Allahı və göndərdiyin İsa Məsihi tanısınlar. |
| 4. | Mən yerinə yetirməyi tapşırdığın işi tamamlamaqla Səni yer üzündə izzətləndirdim. |
| 5. | Ey Ata, dünya yaranmazdan əvvəl Mən Sənin yanında olarkən malik olduğum izzəti indi Mənə Öz yanında ver. |
| 6. | Dünyadan Mənə verdiyin adamlara Sənin adını aşkar etdim. Onlar Səninki idi. Sən onları Mənə verdin və onlar Sənin sözünə riayət etdilər. |
| 7. | İndi də bilirlər ki, Mənə verdiyin bütün şeylər Səndəndir. |
| 8. | Çünki Mənə bildirdiyin sözləri onlara bildirdim, onlar da qəbul etdilər. Sənin yanından çıxıb gəldiyimi əminliklə bildilər və Məni Sən göndərdiyinə inandılar. |
| 9. | Mənim onlar üçün xahişim var. Dünya üçün deyil, Mənə verdiyin kəslər üçün xahişim var, çünki onlar Səninkidir. |
| 10. | Mənim olan hər şey Sənindir, Sənin olanlar da Mənimdir və Mən onlarda izzətlənmişəm. |
| 11. | Mən artıq dünyada deyiləm, onlarsa dünyadadır və Mən Sənin yanına gəlirəm. Ey Müqəddəs Ata, onları Mənə verdiyin adınla qoru ki, Bizim kimi bir olsunlar. |
| 12. | Onlarla birlikdə olduğum zaman onları Mənə verdiyin adınla qoruyurdum. Onları saxladım və Müqəddəs Yazı yerinə yetsin deyə həlaka gedən adamdan başqa, onlardan heç biri həlak olmadı. |
| 13. | İndi isə Sənin yanına gəlirəm. Dünyada ikən bu sözləri söyləyirəm ki, Mənim sevincim onlarda kamil olsun. |
| 14. | Mən onlara Sənin sözünü verdim. Dünya isə onlara nifrət etdi, çünki Mən dünyadan olmadığım kimi onlar da dünyadan deyil. |
| 15. | Onları dünyadan götürməyi deyil, şər olandan qorumağı Səndən xahiş edirəm. |
| 16. | Mən dünyadan olmadığım kimi onlar da dünyadan deyil. |
| 17. | Onları həqiqətlə təqdis et. Sənin sözün həqiqətdir. |
| 18. | Sən Məni dünyaya göndərdiyin kimi Mən də onları dünyaya göndərdim. |
| 19. | Mən Özümü onların uğrunda təqdis edirəm ki, onlar da həqiqətlə təqdis olunsun. |
| 20. | Yalnız onlar üçün deyil, onların sözü ilə Mənə iman edənlər üçün də xahiş edirəm ki, |
| 21. | hamısı bir olsun. Ey Ata, Sən Məndə, Mən də Səndə olduğum kimi onlar da Bizdə olsun ki, dünya Sənin Məni göndərdiyinə inansın. |
| 22. | Mənə verdiyin izzəti Mən də onlara verdim ki, Biz bir olduğumuz kimi onlar da bir olsun. |
| 23. | Mən onlarda, Sən də Məndə olmaqla bütünlüklə bir olsunlar ki, dünya Sənin Məni göndərdiyini, Məni sevdiyin kimi onları da sevdiyini bilsin. |
| 24. | Ey Ata, istəyirəm ki, Mənə verdiyin şəxslər də Mənim olduğum yerdə Mənimlə birlikdə olub Mənim izzətimi görsünlər. Bu izzəti dünya yaranmazdan əvvəl Məni sevdiyin üçün Mənə verdin. |
| 25. | Ey ədalətli Ata, dünya Səni tanımadı, Mənsə Səni tanıdım, bunlar da Sənin Məni göndərdiyini bildilər. |
| 26. | Sənin adını onlara bildirdim və yenə bildirəcəyəm ki, Sənin Mənə bəslədiyin məhəbbət onlarda olsun, Mən də onlarda olum». |
| ← John (17/21) → |