| ← John (15/21) → |
| 1. | Mən həqiqi Meynəyəm, Atam da Bağbandır. |
| 2. | Məndə olub bəhrə verməyən hər budağı Atam qoparır. Bəhrə verən hər budağı isə budayıb təmizləyir ki, daha çox bəhrə versin. |
| 3. | Sizə söylədiyim söz sayəsində siz artıq təmizsiniz. |
| 4. | Məndə qalın, Mən də sizdə qalım. Budaq meynədə qalmasa, özündən bəhrə vermədiyi kimi siz də Məndə qalmasanız, bəhrə verə bilməzsiniz. |
| 5. | Meynə Mənəm, sizsə budaqlarsınız. Kim Məndə qalsa, Mən də onda qalsam, çoxlu bəhrə verər, çünki Mənsiz heç nə edə bilməzsiniz. |
| 6. | Kim Məndə qalmasa, budaq kimi kənara atılıb quruyar. Belə budaqlar yığılıb oda atılaraq yanar. |
| 7. | Əgər Məndə qalsanız və sözlərim sizdə qalsa, nə istəyirsinizsə, diləyin, sizə veriləcək. |
| 8. | Sizin çoxlu bəhrə verərək Mənim şagirdlərim olmağınızla Atam izzətlənir. |
| 9. | Ata Məni sevdiyi kimi Mən də sizi sevdim. Mənim məhəbbətimdə qalın. |
| 10. | Əgər əmrlərimə riayət etsəniz, Mənim məhəbbətimdə qalacaqsınız, necə ki Mən Atamın əmrlərinə riayət edərək Onun məhəbbətində qalıram. |
| 11. | Bu sözləri sizə söylədim ki, sevincim sizdə olsun və sevinciniz kamil olsun. |
| 12. | Mənim əmrim belədir: Mən sizi sevdiyim kimi siz də bir-birinizi sevin. |
| 13. | Heç kəsin məhəbbəti dostları uğrunda canını qurban verən adamın məhəbbətindən üstün ola bilməz. |
| 14. | Əgər sizə əmr etdiyim şeylərə əməl etsəniz, siz Mənim dostlarımsınız. |
| 15. | Artıq sizə qul demirəm, çünki qul ağasının nə etdiyini bilmir. Mən sizə dost deyirəm, çünki Atamdan eşitdiyim bütün sözləri sizə bildirdim. |
| 16. | Siz Məni seçmədiniz, Mən sizi seçib təyin etdim ki, gedib bəhrə verəsiniz və bəhrəniz çox qalsın. Beləcə Mənim adımla Atadan nə diləyirsinizsə, O sizə verəcək. |
| 17. | Beləliklə, sizə əmr edirəm: bir-birinizi sevin. |
| 18. | Əgər dünya sizə nifrət edərsə, onda yada salın ki, sizdən əvvəl Mənə nifrət edib. |
| 19. | Əgər dünyadan olsaydınız, dünya özündən olan sizləri sevərdi. Amma siz dünyadan deyilsiniz, Mən sizi dünyadan seçdim, buna görə dünya sizə nifrət edir. |
| 20. | Mənim sizə söylədiyim sözü yadınıza salın: “Qul ağasından üstün deyil”. Əgər Məni təqib etdilərsə, sizi də təqib edəcəklər, Mənim sözümə riayət etdilərsə, sizin də sözünüzə riayət edəcəklər. |
| 21. | Lakin bunların hamısını sizə Mənim adıma görə edəcəklər, çünki Məni Göndərəni tanımırlar. |
| 22. | Əgər gəlib onlara söyləməsəydim, günahları olmazdı, amma indi günahları üçün bəhanələri yoxdur. |
| 23. | Mənə nifrət edən Atama da nifrət edir. |
| 24. | Əgər Məndən başqa heç kəsin etmədiyi işləri onların arasında etməsəydim, günahları olmazdı. Amma indi Mənim nə etdiyimi gördülər, həm Mənə, həm də Atama nifrət etdilər. |
| 25. | Lakin bu ona görə baş verdi ki, öz Qanunlarında yazılan “Mənə nahaqdan nifrət etdilər” sözü yerinə yetsin. |
| 26. | Atadan sizə göndərəcəyim Vəsatətçi – Atanın yanından çıxan həqiqət Ruhu gəldiyi zaman Mənim barəmdə şəhadət edəcək. |
| 27. | Siz də şəhadət edəcəksiniz, çünki başlanğıcdan Mənimlə birlikdəsiniz. |
| ← John (15/21) → |