| ← John (14/21) → |
| 1. | Qoy ürəyiniz təlaşa düşməsin. Allaha iman edin, Mənə də iman edin. |
| 2. | Atamın evində çoxlu məskən var. Əgər olmasaydı, sizə deyərdim ki, sizin üçün yer hazırlamağa gedirəm? |
| 3. | Gedib sizin üçün yer hazırlayandan sonra yenə gəlib sizi Öz yanıma götürəcəyəm ki, Mənim olduğum yerdə siz də olasınız. |
| 4. | Gedəcəyim yerə aparan yolu tanıyırsınız». |
| 5. | Tomas İsaya dedi: «Ya Rəbb, hara gedəcəyini bilmirik, yolu necə tanıya bilərik?» |
| 6. | İsa ona dedi: «Yol, həqiqət və həyat Mənəm. Mənim vasitəm olmadan heç kim Atanın yanına gələ bilməz. |
| 7. | Əgər Məni tanısaydınız, Atamı da tanıyardınız. İndidən siz Onu tanıyırsınız, Onu görmüsünüz». |
| 8. | Filip Ona dedi: «Ya Rəbb, Atanı bizə göstər, bu bizim üçün kifayətdir». |
| 9. | İsa ona dedi: «Xeyli müddətdir ki, Mən sizinləyəm, Məni tanımadınmı, Filip? Məni görən, Atanı görmüş olur. Bəs sən niyə “Atanı bizə göstər” deyirsən? |
| 10. | Mənim Atada, Atanın da Məndə olduğuna inanmırsanmı? Sizə söylədiyim sözləri Özümdən söyləmirəm, Məndə olan Ata Öz işlərini görür. |
| 11. | Mən Atadayam, Ata da Məndədir, bu sözümə inanın. Heç olmasa o işlərə görə inanın. |
| 12. | Doğrusunu, doğrusunu sizə deyirəm: Mənə iman edən şəxs Mənim etdiyim işləri özü də edəcək, hətta bunlardan da artığını edəcək. Çünki Mən Atanın yanına gedirəm |
| 13. | və Mənim adımla hər nə diləsəniz, onu edəcəyəm ki, Ata Oğulda izzətlənsin. |
| 14. | Əgər Mənim adımla Məndən bir şey diləsəniz, onu edəcəyəm. |
| 15. | Əgər Məni sevirsinizsə, əmrlərimə riayət edəcəksiniz. |
| 16. | Mən də Atadan xahiş edəcəyəm və O sizə başqa bir Vəsatətçi göndərəcək ki, daim sizinlə olsun. |
| 17. | O, həqiqət Ruhudur. Onu dünya qəbul edə bilməz, çünki Onu nə görür, nə də tanıyır. Sizsə Onu tanıyırsınız, çünki sizinlə qalır və daxilinizdə olacaq. |
| 18. | Sizi yetim qoymaram, yanınıza gələcəyəm. |
| 19. | Az bir müddətdən sonra dünya daha Məni görməyəcək, amma siz Məni görəcəksiniz. Mən yaşadığım üçün siz də yaşayacaqsınız. |
| 20. | O gün biləcəksiniz ki, Mən Atamdayam, siz Məndəsiniz və Mən sizdəyəm. |
| 21. | Kim əmrlərimə bağlı qalıb onlara riayət edirsə, Məni sevən odur. Məni sevəni Atam sevəcək. Mən də onu sevib Özümü ona zahir edəcəyəm». |
| 22. | İskaryot deyil, o biri Yəhuda Ona dedi: «Ya Rəbb, necə olacaq ki, Özünü dünyaya deyil, bizə zahir edəcəksən?» |
| 23. | İsa ona cavab verdi: «Kim Məni sevsə, sözümə riayət edər, Atam da onu sevər və Biz onun yanına gəlib onunla məskən salarıq. |
| 24. | Məni sevməyənsə sözlərimə riayət etməz. Eşitdiyiniz söz Mənim deyil, Məni göndərən Atanın sözüdür. |
| 25. | Hələ yanınızda qalarkən sizə bu sözləri söylədim. |
| 26. | Lakin Vəsatətçi – Atanın Mənim adımla göndərəcəyi Müqəddəs Ruh hər şeyi sizə öyrədəcək və söylədiyim bütün sözləri yadınıza salacaq. |
| 27. | Aranızda sülh qoyub gedirəm, Öz sülhümü sizə verirəm. Mən onu sizə dünyanın verdiyi kimi vermirəm. Qoy ürəyiniz təlaşa düşməsin və qorxmayın. |
| 28. | Sizə “indi gedirəm, sonra yenə yanınıza gələcəyəm” söylədiyimi eşitdiniz. Əgər Məni sevsəydiniz, Atanın yanına gedəcəyimə sevinərdiniz, çünki Ata Məndən üstündür. |
| 29. | Bunu indi öncədən sizə söylədim ki, baş verəndə buna inanasınız. |
| 30. | Daha sizinlə çox danışmayacağam, çünki bu dünyanın hökmdarı gəlir. Onun Mənim üzərimdə heç bir səlahiyyəti yoxdur. |
| 31. | Ancaq dünya bilməlidir ki, Mən Atanı sevirəm və Ata Mənə nə əmr etdisə, ona əməl edirəm. İndi isə qalxın buradan gedək. |
| ← John (14/21) → |