| ← John (12/21) → | 
| 1. | Pasxadan altı gün əvvəl İsa Bet-Anyaya gəldi. İsanın ölülər arasından diriltdiyi Lazar da orada idi. | 
| 2. | Orada İsanın şərəfinə ziyafət verdilər. Marta xidmət edirdi. Lazar da İsa ilə birgə süfrə arxasında oturanların arasında idi. | 
| 3. | Məryəm isə bir litra çox qiymətli xalis nard yağını götürərək İsanın ayaqlarına çəkib onları saçları ilə sildi. Yağın ətri evi bürüdü. | 
| 4. | Lakin İsanın şagirdlərindən biri, Ona xəyanət edəcək Yəhuda İskaryot dedi: | 
| 5. | «Nə üçün bu ətir üç yüz dinara satılıb yoxsullara verilmədi?» | 
| 6. | Bu sözü yoxsulların qayğısına qaldığı üçün deyil, oğru olduğuna görə söylədi, çünki özündə olan pul qutusuna qoyulanların bir hissəsini oğurlayırdı. | 
| 7. | Onda İsa dedi: «Qadını rahat burax, qoy bunu Mənim dəfn günüm üçün saxlasın. | 
| 8. | Çünki yoxsullar həmişə sizin yanınızdadır, Mənsə həmişə yanınızda olmayacağam». | 
| 9. | Yəhudilərdən böyük bir kütlə İsanın orada olduğunu öyrənəndə həm İsaya görə, həm də Onun ölülər arasından diriltdiyi Lazarı görmək üçün oraya gəldi. | 
| 10. | Onda başçı kahinlər öz aralarında Lazarı da öldürməyi qərara aldılar. | 
| 11. | Çünki Lazara görə çoxlu Yəhudi gedib İsaya iman edirdi. | 
| 12. | Ertəsi gün bayrama gələn böyük kütlə İsanın Yerusəlimə gələcəyini eşidəndə | 
| 13. | xurma budaqları götürərək Onu qarşılamağa çıxdı. Onlar «Hosanna! Rəbbin ismi ilə gələn İsrailin Padşahına alqış olsun!» deyə qışqırırdı. | 
| 14. | İsa bir sıpa tapıb belinə mindi. Necə ki yazılıb: | 
| 15. | «Ey Sion qızı, qorxma. Bax Padşahın bir sıpaya minib gəlir». | 
| 16. | Şagirdləri o zaman bu şeyləri anlamadılar. Lakin İsa izzətlənəndən sonra barəsində bunun yazıldığını və xalqın Ona nə etdiyini yada saldılar. | 
| 17. | İsanın Lazarı qəbirdən çağırıb ölülər arasından diriltdiyi zaman Onun yanında olan camaat buna şahid idi. | 
| 18. | Xalq İsanın bu əlaməti göstərdiyini eşitmişdi, buna görə də Onu qarşılamağa çıxdı. | 
| 19. | Bu səbəbdən fariseylər bir-birlərinə dedilər: «Baxın əlinizdən bir iş gəlmir. Artıq aləm Onun ardınca getdi». | 
| 20. | Bayramda Yerusəlimə ibadətə gələnlər arasında bəzi Yunanlar da var idi. | 
| 21. | Onlar Qalileyanın Bet-Sayda şəhərindən olan Filipin yanına gəlib «ağa, biz İsanı görmək istəyirik» deyə ondan xahiş etdilər. | 
| 22. | Filip gəlib Andreyə söylədi, Andrey və Filip də birgə gəlib İsaya xəbər verdilər. | 
| 23. | İsa cavabında dedi: «Bəşər Oğlunun izzətlənmək vaxtı gəldi. | 
| 24. | Doğrusunu, doğrusunu sizə deyirəm: əgər bir buğda dənəsi torpağa düşüb ölmürsə, tək qalır, amma ölürsə, çoxlu məhsul verir. | 
| 25. | Öz canını sevən kəs onu itirər, bu dünyada canı üçün qayğı çəkməyənsə onu əbədi həyat üçün qoruyar. | 
| 26. | Kim Mənə xidmət etmək istəsə, ardımca gəlsin. Mən harada olacağamsa, Mənim xidmətçim də orada olacaq. Kim Mənə xidmət etsə, Ata ona hörmət edəcək. | 
| 27. | İndi ürəyim təlaş keçirir. Nə deyim? “Ey Ata, Məni bu andan xilas et” deyimmi? Lakin Mən elə bu an üçün gəldim. | 
| 28. | Ey Ata, Öz adını izzətləndir!» Bunun cavabında göydən «Öz adımı izzətləndirdim, yenə də izzətləndirəcəyəm» deyə bir səs gəldi. | 
| 29. | Orada duran xalqın bir qismi «göy guruldadı» dedi, başqaları isə «Onunla bir mələk danışdı» söylədi. | 
| 30. | İsa cavab verdi: «Bu səs Mənim üçün deyil, sizin üçün gəldi. | 
| 31. | İndi isə bu dünyaya hökm veriləcək və bu dünyanın hökmdarı bayıra atılacaq. | 
| 32. | Mən yerdən yuxarı qaldırılsam, bütün insanları Özümə cəzb edəcəyəm». | 
| 33. | İsa bu sözü söyləməklə necə bir ölümlə öləcəyinə işarə etdi. | 
| 34. | Xalq Onun cavabında dedi: «Qanundan eşitdiyimizə görə Məsih əbədi qalacaq. Bəs Sən niyə “Bəşər Oğlu yuxarı qaldırılmalıdır” deyirsən? Bu Bəşər Oğlu kimdir?» | 
| 35. | Onda İsa onlara dedi: «Qısa bir müddət də nur sizin aranızda olacaq. Nurunuz olarkən gəzin ki, sizi qaranlıq tutmasın. Çünki qaranlıqda gəzən hara getdiyini bilməz. | 
| 36. | Nurunuz var ikən nura iman edin ki, nur övladları olasınız». İsa bu sözləri söyləyəndən sonra gedib onlardan gizləndi. | 
| 37. | Onların qabağında bu qədər əlamət göstərdiyi halda yenə Ona iman etmirdilər. | 
| 38. | Bunlar ona görə baş verdi ki, Yeşaya peyğəmbərin bu sözləri yerinə yetsin: «Ya Rəbb, xəbərimizə kim inandı, Rəbbin gücü kimə zühur oldu?» | 
| 39. | Onlar iman edə bilmirdilər, ona görə ki Yeşaya başqa yerdə deyib: | 
| 40. | «Allah onların gözlərini kor etdi Və ürəklərini kütləşdirdi ki, Gözləri ilə görməsinlər, Ürəkləri ilə anlamasınlar Və Mənə sarı dönməsinlər ki, Mən onlara şəfa verim». | 
| 41. | Yeşaya İsanın ehtişamını gördüyü üçün bu sözləri deyərək Onun barəsində danışıb. | 
| 42. | Bununla bərabər, rəhbərlərdən bir çoxu İsaya iman etdi, lakin sinaqoqdan qovulmasınlar deyə fariseylərə görə bunu açıq bildirmədilər. | 
| 43. | Çünki insanlardan izzət qazanmağı Allahdan izzət almaqdan artıq sevdilər. | 
| 44. | İsa nida edib dedi: «Mənə iman edən Mənə deyil, Məni Göndərənə iman edir. | 
| 45. | Məni görən də Məni Göndərəni görür. | 
| 46. | Mən dünyaya nur olub gəldim ki, Mənə iman edən hər kəs qaranlıqda qalmasın. | 
| 47. | Kim sözlərimi eşidib onlara riayət etməzsə, Mən onu mühakimə etmərəm, çünki dünyanı mühakimə etmək üçün deyil, onu xilas etmək üçün gəldim. | 
| 48. | Məni rədd edib sözlərimi qəbul etməyəni mühakimə edən bir şey var: bu da Mənim söylədiyim sözdür ki, son gündə onu mühakimə edəcək. | 
| 49. | Çünki Mən Özümdən söyləmədim, Məni göndərən Ata nə deyəcəyim və nə söyləyəcəyim haqqında Mənə əmr verdi. | 
| 50. | Mən bilirəm ki, Onun əmri əbədi həyatdır. Beləcə Mənim söylədiklərimi Ata Mənə necə dedisə, eləcə də söyləyirəm». | 
| ← John (12/21) → |