| ← John (11/21) → |
| 1. | Lazar adlı bir adam xəstələnmişdi. O, Məryəmlə bacısı Martanın yaşadığı Bet-Anya kəndindən idi. |
| 2. | Rəbbin üzərinə ətirli yağ çəkib ayaqlarını saçları ilə silən həmin Məryəm idi. Xəstələnən Lazar onun qardaşı idi. |
| 3. | Bu səbəbdən iki bacı «ya Rəbb, sevdiyin adam xəstədir» deyə İsaya xəbər göndərdi. |
| 4. | İsa bunu eşidib dedi: «Bu xəstəliyin nəticəsi ölüm yox, Allahın izzəti və Allah Oğlunun bununla izzət qazanması olacaq». |
| 5. | İsa Martanı, onun bacısını və Lazarı sevirdi. |
| 6. | Buna görə də Lazarın xəstələndiyini eşidəndə olduğu yerdə daha iki gün qaldı. |
| 7. | Sonra isə şagirdlərə «yenə Yəhudeyaya gedək» dedi. |
| 8. | Şagirdlər Ona dedilər: «Rabbi, oradakı Yəhudilər bir az əvvəl Səni daşqalaq etməyə çalışırdı. Sən yenə də oraya qayıdırsan?» |
| 9. | İsa cavab verdi: «Gündə on iki saat yoxdurmu? Kim gündüz vaxtı gəzərsə, büdrəməz, çünki bu dünyanın nurunu görür. |
| 10. | Lakin kim gecə vaxtı gəzərsə, büdrəyər, çünki daxilində nur yoxdur». |
| 11. | İsa bu sözləri söylədikdən sonra onlara dedi: «Dostumuz Lazar uyuyub. Mən onu oyatmaq üçün gedirəm». |
| 12. | Onda şagirdlər Ona dedilər: «Əgər uyuyubsa, sağalacaq». |
| 13. | İsa onun ölümü barədə danışmışdı, amma onlar elə bildilər ki, yuxuya getdiyini söyləyib. |
| 14. | Onda İsa onlara açıqca dedi: «Lazar ölüb. |
| 15. | Mən də sizin uğrunuzda, iman etməyiniz üçün orada olmadığıma sevinirəm. Amma gəlin onun yanına gedək». |
| 16. | «Əkiz» adlanan Tomas o biri şagirdlərə dedi: «Biz də gedək ki, Onunla ölək». |
| 17. | İsa gəlib Lazarın artıq dörd gündən bəri qəbirdə olduğunu bildi. |
| 18. | Bet-Anya ilə Yerusəlim arasında on beş stadi məsafə var idi. |
| 19. | Bir çox Yəhudi Marta və Məryəmə qardaşlarının ölümünə görə təsəlli verməyə gəlmişdi. |
| 20. | Marta İsanın gəldiyini eşidəndə Onu qarşılamağa çıxdı, ancaq Məryəm evdə oturmuşdu. |
| 21. | Marta İsaya dedi: «Ya Rəbb, əgər Sən burada olsaydın, qardaşım ölməzdi. |
| 22. | Ancaq bilirəm ki, Sən indi də Allahdan nə diləsən, O Sənə verəcək». |
| 23. | İsa ona «qardaşın diriləcək» dedi. |
| 24. | Marta Ona dedi: «Bilirəm ki, dirilmə zamanı, son gündə o da diriləcək». |
| 25. | İsa ona dedi: «Dirilmə və həyat Mənəm. Mənə iman edən ölsə də, yaşayar, |
| 26. | yaşayıb Mənə iman edən də heç vaxt ölməz. Buna inanırsanmı?» |
| 27. | Marta Ona cavab verdi: «Bəli, ya Rəbb, inanıram ki, dünyaya gəlməli olan Allahın Oğlu Məsih Sənsən». |
| 28. | Marta bunu söylədikdən sonra gedib bacısı Məryəmi gizlicə çağırdı və dedi: «Müəllim buradadır, səni çağırır». |
| 29. | Məryəm bunu eşidən kimi tez qalxıb İsanın yanına getdi. |
| 30. | İsa hələ kəndə girməyib Martanın Onu qarşıladığı yerdə qalmışdı. |
| 31. | Məryəmlə birgə evdə olan və ona təsəlli verən Yəhudilər qadının tez qalxıb bayıra çıxdığını görəndə elə bildilər ki, ağlamaq üçün qəbirin yanına gedir. Buna görə də onun ardınca getdilər. |
| 32. | Məryəm İsanın olduğu yerə gəlib Onu gördü və ayaqlarına düşüb dedi: «Ya Rəbb, əgər Sən burada olsaydın, qardaşım ölməzdi». |
| 33. | İsa onun və yanında gələn Yəhudilərin ağladığını görəndə əhvalı pozuldu və təlaşa düşdü. |
| 34. | İsa onlardan «Mərhumu haraya qoymusunuz?» deyə soruşdu. Ona «Ağa, gəl bax» dedilər. |
| 35. | İsa ağladı. |
| 36. | Onda Yəhudilər «Bax onu necə də sevirmiş!» söylədilər. |
| 37. | Lakin onlardan bəzisi dedi: «Korun gözlərini açan bu Şəxs bir şey edə bilməzdi ki, bu adam ölməsin?» |
| 38. | O zaman İsa yenə əhvalı pozulmuş halda qəbirin yanına gəldi. Qəbir bir mağara idi və ağzına daş qoyulmuşdu. |
| 39. | İsa «daşı götürün» dedi. Mərhumun bacısı Marta Ona dedi: «Ya Rəbb, artıq iylənib, çünki öldüyü dörd gündür». |
| 40. | İsa dedi: «Axı Mən sənə söyləmədimmi, iman etsən, Allahın izzətini görəcəksən?» |
| 41. | Beləcə daşı götürdülər. İsa da başını yuxarı qaldırıb dedi: «Ey Ata, Məni eşitdiyin üçün Sənə şükür edirəm. |
| 42. | Bilirəm ki, Məni həmişə eşidirsən. Lakin bunu ətrafımda duran xalq üçün söylədim ki, Məni Sən göndərdiyinə inansınlar». |
| 43. | Bu sözləri söylədikdən sonra «Lazar, bayıra çıx!» deyə bərkdən qışqırdı. |
| 44. | Ölü də bayıra çıxdı. Onun əl-ayağı sarğılarla və üzü dəsmalla bağlanmışdı. İsa onlara «onu açın və buraxın getsin» dedi. |
| 45. | Onda Məryəmin yanına gələn və İsanın nə etdiyini görən Yəhudilərin bir çoxu Ona iman etdi. |
| 46. | Lakin onlardan bəzisi fariseylərin yanına gedib İsanın nə etdiyini onlara danışdı. |
| 47. | Onda başçı kahinlər və fariseylər Ali Şuranı toplayıb dedilər: «Nə edək? Bu Adam çoxlu əlamət göstərir. |
| 48. | Əgər Ona mane olmasaq, hamı Ona iman edəcək. Romalılar da gəlib məbədimizi və millətimizi məhv edəcək». |
| 49. | Orada olanlardan biri, həmin il baş kahin olan Qayafa onlara dedi: «Siz heç nə bilmirsiniz. |
| 50. | Başa düşmürsünüz ki, bütün bu millətin məhv olmağındansa bir Adamın xalq uğrunda ölməsi sizin üçün daha yaxşıdır?» |
| 51. | O bu sözləri özündən söyləmədi, lakin o il baş kahin olduğu üçün peyğəmbərlik edib xəbər verdi ki, İsa bu millətin uğrunda – |
| 52. | təkcə millətin uğrunda deyil, Allahın hər tərəfə səpələnmiş övladlarını bir yerə toplamaq üçün öləcək. |
| 53. | Beləcə o gündən etibarən İsanı öldürməyi qərara aldılar. |
| 54. | Buna görə də İsa daha Yəhudilərin arasında açıq gəzmirdi. Oradan çöllüyə yaxın diyara, Efrayim adlanan şəhərə getdi və şagirdlərlə orada qaldı. |
| 55. | Yəhudilərin Pasxa bayramı yaxınlaşırdı. Çoxlu adam paklanmaq üçün Pasxadan qabaq kəndlərdən Yerusəlimə getdi. |
| 56. | Onlar İsanı axtarırdılar və məbəddə dayanıb bir-birlərinə deyirdilər: «Necə fikirləşirsiniz? O, bayrama heç gəlməyəcəkmi?» |
| 57. | Başçı kahinlər və fariseylər Onu tutmaq məqsədi ilə «harada olduğunu kim bilirsə, göstərsin» deyə əmr vermişdilər. |
| ← John (11/21) → |