| ← Joel (3/3) |
| 1. | O günlərdə Yəhuda və Yerusəlimin Sərvətlərini geri qaytardığım zaman |
| 2. | Bütün millətləri yığıb Yehoşafat vadisinə endirəcəyəm. İrsim və xalqım İsraildən ötrü Orada millətləri mühakimə edəcəyəm, Çünki xalqımı millətlər arasında dağıtdılar, Torpağımı da böldülər. |
| 3. | Xalqım üçün püşk atdılar, Oğlan uşaqlarını fahişə əvəzinə verdilər, İçki içsinlər deyə Qızları şəraba satdılar». |
| 4. | «Ey Surlular, Sidonlular və bütün Filişt vilayətlərinin əhalisi, siz kimsiniz ki, Məndən qisas alasınız. Əgər siz Məndən qisas alsanız, çox tezliklə Mən sizin etdiyinizin əvəzini öz başınıza döndərəcəyəm. |
| 5. | Siz qızılımı və gümüşümü aldınız və qiymətli şeylərimi məbədlərinizə apardınız, |
| 6. | Yəhuda və Yerusəlim xalqını öz vətənlərindən uzaqlaşdırmaq üçün Yunan xalqına satdınız. |
| 7. | Amma Mən onları satdığınız yerdən götürəcəyəm, etdiyinizin əvəzini öz başınıza döndərəcəyəm. |
| 8. | Oğul-qızlarınızı Yəhuda xalqına satacağam və Yəhuda xalqı isə onları ucqar bir millətə – Səbalılara satacaq». Rəbb belə söylədi. |
| 9. | «Millətlər arasında bunu elan edin: Döyüşə hazırlaşın, İgidləri qızışdırın, Bütün döyüşçülər yaxınlaşıb yuxarı çıxsın. |
| 10. | Kotanlarınızdan qılınc, Dəryazlarınızdan nizə düzəldin. Qoy zəif olan “güclüyəm” desin. |
| 11. | Tələsin, ey hər tərəfdəki millətlər, Gəlin və toplaşın. Ya Rəbb, igidlərini oraya endir. |
| 12. | Millətlər hərəkətə gələrək Yehoşafat vadisinə çıxsın, Çünki hər tərəfdəki bütün millətləri Mühakimə etmək üçün orada oturacağam. |
| 13. | Oraq çalın, Çünki məhsul yetişib. Gəlin ayağınızla əzin, Çünki üzümsıxanlar doludur, Təknələr daşır. Çünki onların pisliyi böyükdür». |
| 14. | Kütlələr, mühakimə vadisində olan kütlələr, Çünki mühakimə vadisində Rəbbin günü yaxındır! |
| 15. | Günəş və ay qaralır, Ulduzlar işıqlarını gizlədir. |
| 16. | Rəbb Siondan nərə çəkəcək, Yerusəlimdən guruldayacaq, Göy və yer sarsılacaq. Lakin Rəbb Öz xalqı üçün sığınacaq yer, İsrail övladları üçün qala olacaq. |
| 17. | «O zaman biləcəksiniz ki, Müqəddəs dağım Sionda məskən salan Allahınız Rəbb Mənəm! Yerusəlim müqəddəs olacaq, Artıq yadellilər oradan keçməyəcək. |
| 18. | O gün belə olacaq: Dağlardan şirin şərab damacaq, Təpələrdən süd axacaq, Yəhudanın bütün dərələrində sular axacaq. Rəbbin evindən bir qaynaq çıxacaq, Əbrişimlər vadisini sulayacaq. |
| 19. | Yəhuda xalqına qəddarlıq etdiyinə, Torpaqlarında günahsız qan tökdüyünə görə Misir viran qalacaq, Edom izsiz bir səhra olacaq. |
| 20. | Lakin Yəhuda əbədi qalacaq, Yerusəlim nəsildən-nəslə keçəcək. |
| 21. | Onların tökdüyü qanları İndiyə qədər bağışlamamışam, Lakin bundan sonra bağışlayacağam. Rəbb Sionda məskən salır». |
| ← Joel (3/3) |