Joel (1/3) → |
1. | Petuelin oğlu Yoelə nazil olan Rəbbin sözü budur: |
2. | Ey ağsaqqallar, bunu dinləyin. Ey bütün ölkə əhalisi, buna qulaq asın, Sizin və atalarınızın dövründə Belə bir şey olubmu? |
3. | Siz bunu övladlarınıza danışın. Övladlarınız da öz övladlarına, Onların övladları isə gələcək nəslə danışsın. |
4. | Kəsici çəyirtkələrdən qalanı qaynaşan çəyirtkə yedi, Qaynaşan çəyirtkədən qalanı tullanan çəyirtkə yedi, Tullanan çəyirtkədən qalanı dağıdıcı çəyirtkə yeyib-qurtardı. |
5. | Ayılın, ey sərxoşlar və ağlayın. Ey şirin şərab içənlər, hamınız nalə çəkin, Ona görə ki, şirin şərab ağzınızdan alındı. |
6. | Çünki mənim torpağımın üzərinə Qüvvətli və saysız-hesabsız bir millət gəldi. Onların dişləri aslan dişləri kimidir, Onlarda dişi aslanın köpək dişləri var. |
7. | Tənəyimi məhv etdi, Əncir ağacımı gəmirdi, Qabıqlarını tamamilə soyub yerə atdı, Budaqları ağ qaldı. |
8. | Cavanlıqda nişanlısını itirən, Büsbütün çul geyinən Bir qız kimi yas tutun. |
9. | Rəbbin evindən Taxıl təqdimi və içmə təqdimi kəsildi, Rəbbə xidmət edən kahinlər yas tutur. |
10. | Zəmi viran qalıb, torpaq ağlayır, Çünki taxıl zay oldu, təzə şərab qurudu, Zeytun yağı qurtardı. |
11. | Buğda və arpaya görə Ey əkinçilər, utanın! Ey bağbanlar, nalə çəkin! Çünki torpağın məhsulları yoxa çıxdı, |
12. | Tənək qurudu, Əncir ağacı soldu, Nar, xurma, alma, Çölün bütün ağacları qurudu. Görün ki, bəşər övladları arasından sevinc yox oldu. |
13. | Ey kahinlər, çul geyinərək yas tutun! Ey qurbangah xidmətçiləri, nalə çəkin! Ey Allahıma xidmət edənlər, Gəlin çulda gecələyin, Çünki Allahınızın evindən Taxıl təqdimi və içmə təqdimi yox oldu. |
14. | Oruc üçün vaxt təyin edin, Təntənəli toplantı çağırın. Ağsaqqalları, ölkənin bütün əhalisini Allahınız Rəbbin evinə yığın, Rəbbə fəryad qoparın. |
15. | Vay o günə! Budur, Rəbbin o günü yaxındır, O gün Külli-İxtiyar fəlakət gətirəcək. |
16. | O yemək gözlərimizin önündən, Sevinc və şadlıq Allahımızın evindən yox olmadımı? |
17. | Torpaq kəsəkləri altında toxumlar çürüdü, Zirzəmilər boş qaldı, Anbarlar dağıldı, Çünki taxıllar məhv oldu. |
18. | Heyvanlar necə də inildəyir, Naxırlar çaşbaş qalıb, Çünki onlar otlaqsız qalıb, Sürülər də susuzluqdan əldən düşür. |
19. | Ya Rəbb, Sənə fəryad edirəm, Çünki çölün otlaqlarını alov yandırıb-yaxdı, Bütün düzəngahın ağacları odda qovruldu. |
20. | Çöl heyvanları da Səni çağırır, Axı axar sular quruyub, Çölün otlaqlarını alov yandırıb-yaxdı. |
Joel (1/3) → |