← Job (9/42) → |
1. | Əyyub belə cavab verdi: |
2. | «Belə olduğunu, həqiqətən, bilirəm. Amma Allah qarşısında insan necə haqlı çıxa bilər? |
3. | Əgər Onunla kimsə mübahisə etmək istəsə, Onun min sualına bir cavab tapa bilməz. |
4. | Hikməti dərin, gücü tükənməyən Odur. Ona qarşı duranlardan kim sağ qalıb? |
5. | Allah dağları yerindən oynadar, Dağlar heç bilməz. Qəzəbi ilə onları alt-üst edər. |
6. | Dünyanı yerindən oynadar, Dirəklərini lərzəyə salar. |
7. | Əmr etsə, günəş doğmaz, Ulduzların işığını örtüb möhürlər. |
8. | Odur təkbaşına göyləri sərən, Dəniz dalğalarının üstündə gəzən. |
9. | Odur Böyük Ayı, Orion, Ülkər bürclərini, Cənub bürclərini yaradan. |
10. | Odur dərk etmədiyimizdən də böyük işlər görən, Saysız xariqələr göstərən. |
11. | Bax yanımdan elə keçər ki, Onu görə bilmərəm, Elə keçib gedər ki, heç hiss etmərəm. |
12. | Nə isə tutub apararsa, kim Ona mane ola bilər? Kim Ona “Nə edirsən?” deyə bilər? |
13. | Allah qəzəbini geri döndərməz, Rahavın köməkçiləri belə, ayağı altda qalar. |
14. | Belə isə Ona necə cavab verə bilərəm? Hüzurunda necə söz tapa bilərəm? |
15. | Günahsız olsam belə, Ona cavab verə bilmərəm, Rəhm etsin deyə Hökmdarıma yalvarmalıyam. |
16. | Onu çağıranda O mənə cavab versə belə, Yenə inanmıram ki, O, səsimi eşidir. |
17. | Çünki tufanla məni əzir, Nahaq yerə yaralarımı çoxaldır, |
18. | Məni nəfəs almağa qoymur, Məni acılarla cana doydurur, |
19. | İş qüvvədədirsə, O qüvvəlidir, İş ədalətdədirsə, kim Onu hakimin qarşısına apara bilər? |
20. | Mən günahsız olsam belə, dilim məni ittiham edər, Kamil olsam belə, məni təqsirkar çıxarar. |
21. | Kamil olsam da, bir şey deyiləm, Öz həyatıma xor baxıram. |
22. | Hamısı birdir, ona görə deyirəm: “O həm kamili, həm də günahkarı yox edir”. |
23. | Əgər qəfil ölüm gəlsə, Günahsızların əzabına gülür. |
24. | Dünya pislərə təslim edilib, Dünya hakimlərinin gözünü bağlayan Odur. O deyilsə, bəs kimdir? |
25. | Günlərim sürətlə qaçır, çapardan sürətlidir, Bir xeyir tapmadan qaçırlar. |
26. | Qamış qayıq kimi keçib gedirlər Ovunun üstünə şığıyan qartal kimidirlər. |
27. | Bu şikayətimi unutmaq istəsəm, Sifətimin ifadəsini dəyişib ürəyimin açılmasını istəsəm, |
28. | Bu əziyyətdən yenə vahimələnərəm, Məni günahsız saymayacağını bilərəm. |
29. | Madam ki yenə günahkar çıxacağam, Boş yerə niyə belə zəhmət çəkim? |
30. | Əgər qar suyu ilə yuyunsam, Əllərimi gilabı ilə yusam, |
31. | Yenə də məni çirkaba batırarsan, Paltarlarım belə, məndən iyrənir. |
32. | O mənim kimi insan olmadığına görə Ona cavab verə bilmirəm, məhkəməyə birgə gedə bilmirəm. |
33. | Kaş aramızda bir hakim olaydı, Əlini ikimizin də üzərinə qoyaydı. |
34. | Allah Öz dəyənəyini üstümdən götürəydi, Dəhşəti ilə məni vahimələndirməyəydi. |
35. | O zaman Ondan qorxmadan danışardım, Amma bu vəziyyətdə heç nə edə bilmirəm. |
← Job (9/42) → |