← Job (8/42) → |
1. | Şuahlı Bildad belə cavab verdi: |
2. | «Bunları nə vaxta qədər deyəcəksən? Sözlərin sərt küləyə bənzər. |
3. | Allah ədaləti azdırarmı? Külli-İxtiyar salehi əyri edərmi? |
4. | Bəlkə oğulların Ona qarşı günah edib, O da üsyankarlıqlarının cəzasını verib. |
5. | Əgər cəhd göstərib Allahı axtarsaydın, Külli-İxtiyara yalvarsaydın, |
6. | Əgər təmiz, doğru olsaydın, O sənin üçün, həqiqətən, qalxardı, Sənə layiqincə bir məskən verərdi. |
7. | Başlanğıcın kiçik olsa da, Sonun böyük olacaq. |
8. | Gəl indi əvvəlki nəsillərdən soruş, Ata-babaların sınağından keçənlərə yaxşı nəzər sal. |
9. | Dünənki övladlarıq, heç nə bilmirik. Bu dünyada ömrümüz sadəcə bir kölgədir. |
10. | Onlar izah edib sənə öyrətməzlərmi? Köksündəki sözləri dilə gətirməzlərmi? |
11. | Bataqlıq olmayan yerdə qarğı bitərmi? Su olmayan yerdə qamış çıxarmı? |
12. | Hələ yaşıl ikən qırılmadan, Hər otdan əvvəl onlar quruyar. |
13. | Allahı unudan hər kəs axırda belə qalar, Allahsız insanın ümidi beləcə yox olar. |
14. | Onun etibar etdiyi şeylər qırılar, Bel bağladığı sanki hörümçək toru olar. |
15. | Evinə söykənərkən evi uçar, Evindən tutarkən dağılar. |
16. | Sanki bu allahsızlar günəşə baxar, yaşıllaşar, Pöhrələri bağçanın hər tərəfinə yayılar. |
17. | Rişələri daş qalağına dolaşar, Çınqılların arasında yer axtarar. |
18. | Amma yerindən qoparılarkən Yer inkar edərək deyər: “Səni görməmişəm”. |
19. | Bax belə sevincinə son qoyular, Onun yerində başqa bitkilər bitər. |
20. | Allah kamil insanı Özündən kənar etməz, Pislik edənlərinsə əlindən tutmaz. |
21. | O sənin ağzını yenə gülüşlə, Dodaqlarını sevinc nidaları ilə doldurar. |
22. | Düşmənlərini rüsvayçılıq bürüyəcək, Pislərin çadırı məhv ediləcək». |
← Job (8/42) → |