| ← Job (7/42) → |
| 1. | İnsanın yer üzündəki həyatı ağır xidmət deyilmi? Keçirdiyi günlərin muzdur ömründən fərqi nədir? |
| 2. | Kölgəyə həsrət qalan kölə kimidir, Muzdunu gözləyən fəhlə kimidir, |
| 3. | Bəli, irs olaraq mənə boş aylar verildi, Qismətimə sıxıntılı gecələr düşdü. |
| 4. | Yatanda düşünürəm: “Görəsən nə vaxt qalxacağam?” Gecə isə hey uzanır, Mən gün doğana qədər yerimdə qurcalanıram. |
| 5. | Bədənimə qurd düşüb, qabıqlanır, Çatlayan dərimdən irin axır. |
| 6. | Günlərim toxucunun məkikindən də sürətli gedir, Ümidsiz sona çatır. |
| 7. | Ey Allah, yada sal, həyatım bir nəfəsdir, Gözüm yenidən yaxşılıq görməyəcək. |
| 8. | Bu anda mənə baxan gözlər məni təzədən görməyəcək, Sənin gözlərin üzərimdə olacaq, amma mən olmayacağam. |
| 9. | Bulud dağılıb getdiyi kimi Ölülər diyarına enən bir daha çıxmaz. |
| 10. | Bir daha evinə qayıtmaz, Olduğu yer artıq onu tanımaz. |
| 11. | Ona görə sakitləşməyəcəyəm, Ruhumun sıxıntısını dilə gətirəcəyəm, Canımın ağrısından şikayət edəcəyəm. |
| 12. | Dənizəmmi, dəniz əjdahasıyammı? Niyə üzərimdə nəzarətçi qoyursan? |
| 13. | Düşündüm ki, bəlkə yatağım məni rahatlar, Döşəyim şikayətimi azaldar. |
| 14. | Məni yuxularla qorxudursan, Röyalarla canıma vəlvələ salırsan. |
| 15. | Canım boğulub-ölməyi yaşamaqdan üstün tutur, Quru cəsəddə qalmaqdansa ölüm mənə xoşdur. |
| 16. | Həyatımdan bezmişəm, Uzun ömür istəmirəm. Məndən əlini çək, Ömrümün mənası getdi. |
| 17. | İnsan nədir ki, onu bu qədər böyüdürsən, Qayğısını çəkirsən. |
| 18. | Ona hər səhər baş çəkirsən, Hər an onu sınayırsan. |
| 19. | Nə vaxtadək nəzərini üzərimdən çəkməyəcəksən? Mənə udqunmağa imkan verməyəcəksən? |
| 20. | Ey insan nəzarətçisi, nədir günahım? Mən Sənə nə etmişəm? Məni niyə Özünə hədəf etdin? İndi öz yükümü çəkə bilmirəm. |
| 21. | Niyə üsyankarlığımı əfv etmirsən, Təqsirimi bağışlamırsan? Bir azdan torpaq altda yatacağam, Axtarsan da, məni tapmayacaqsan». |
| ← Job (7/42) → |