| ← Job (6/42) → |
| 1. | Əyyub belə cavab verdi: |
| 2. | «Kaş bu dərdim çəkiləydi, Bütün ağrılarım tərəziyə qoyulaydı. |
| 3. | Onda dənizlərin qumundan ağır gələrdi, Ona görə tez bu sözləri dedim. |
| 4. | Həqiqətən, Külli-İxtiyarın oxları köksümdədir, Ruhum onların zəhərlərini içir. Allahın dəhşətləri mənə hücum çəkir. |
| 5. | Ot olanda vəhşi eşşək anqırarmı? Yem tapanda öküz heç böyürərmi? |
| 6. | Duzsuz, şit yeməyi yemək olarmı? Yumurta ağının dadı varmı? |
| 7. | Belə yeməklərə əl vurmaq istəmirəm, Onlardan iyrənirəm. |
| 8. | Kaş arzuma çataydım, Allah mənə həsrətində olduğumu verəydi, |
| 9. | Lütf edib məni əzsə belə, Əldən cəld olub həyatımın bağını kəssə belə, |
| 10. | Mən yenə ovunardım, Bu amansız dərdimə baxmayaraq Müqəddəs Olanın sözlərini inkar etmədiyimə görə sevinərdim. |
| 11. | Nə gücüm var ki, gözləyim? Sonum nə qədərdir ki, səbir edim? |
| 12. | Daş qədər güclüyəmmi? Ətim tuncdandırmı? |
| 13. | Əlacsız qalanda Özümə kömək etməyə gücüm çatarmı? |
| 14. | İnsan Külli-İxtiyarın qorxusundan vaz keçsə belə, Çarəsiz qalanda ona dostun sədaqəti gərəkdir. |
| 15. | Qardaşlarım mənə bir vadi kimi xəyanət etdi, Çaylar kimi axıb getdi. |
| 16. | Bu vadilər buzlar əriyəndə daşar, Qar suları ilə dolar. |
| 17. | Bu vadilər quraq vaxtı quruyar, İstidə yataqlarından yox olar. |
| 18. | Bu vadilərə görə karvanlar yolunu azar, Səhraya çıxanda həlak olar. |
| 19. | Temanın karvanları su axtarar, Səbadan gələn səyyahlar ora ümid bağlar. |
| 20. | Amma ora çatanda ümid bağladıqlarına peşman olar, Mat-məəttəl qalar. |
| 21. | İndi siz də mənim üçün bir heç olmusunuz, Bu dəhşətə baxıb qorxursunuz. |
| 22. | Mən demişəmmi “Mənə nəyisə verin, Var-dövlətinizdən mənə rüşvət göndərin? |
| 23. | Yaxud da məni düşmən əlindən qurtarın, Zalımların əlindən azad edin?” |
| 24. | Mən susum, siz mənə öyrədin, Nə səhv etmişəmsə, mənə göstərin. |
| 25. | Doğru söz kəsərli olar, Sizin bu iradınız bəs nəyi sübut edir? |
| 26. | Niyə sözlərimi qınamaq istəyirsiniz? Niyə mən biçarənin dediyini boşboğazlıq sanırsınız? |
| 27. | Yetim üçün belə, püşk atırsınız, Dostunuzu satırsınız. |
| 28. | İndi lütf edib mənə baxın, Bax mən üzünüzə ağ yalan demərəm. |
| 29. | Atın haqsızlığı, haqsızlıq etməyin, Düşünün ki, bu davada mən haqlıyam. |
| 30. | Dilimdən haqsız söz çıxırmı? Pis şeyləri ağzıma alırammı? |
| ← Job (6/42) → |