| ← Job (41/42) → |
| 1. | Məgər sən Livyatanı qarmaqla çəkə bilərsənmi? Dilinə qaytan vura bilərsənmi? |
| 2. | Burnuna ip taxa bilərsənmi? Qıra ilə çənəsini deşə bilərsənmi? |
| 3. | Sənə yalvarıb-yaxararmı, Səninlə şirin-şirin danışarmı? |
| 4. | Əbədi qulun olmaq üçün Səninlə əhd kəsərmi? |
| 5. | Quşla oynadığın kimi onunla oynaya bilərsənmi? Boynuna ip bağlayıb onu qızların üçün apara bilərsənmi? |
| 6. | Məgər tacirlər onu alıb-satarlarmı? Aralarında bölə bilərlərmi? |
| 7. | Yabalarla dərisini, Balıqçı neştərləri ilə başını doldura bilərsənmi? |
| 8. | Əlini onun üstünə qoy, nə cəncələ düşəcəyini təsəvvür et, Onda bu işi bir daha görməzsən. |
| 9. | Onu tutmaq ümidin boş istəkdir. Onun görkəmi adamı yıxmırmı? |
| 10. | Onu oyatmaq üçün heç kimdə cəsarət yoxdur. Bəs Mənim qarşımda kim dayana bilər? |
| 11. | Kim Mənə bir şey verib ki, ona geri qaytarım? Bax göylər altında hər şey Mənimdir. |
| 12. | Sözümü kəsməyib onun əzalarından, Möhkəm gücündən və gözəl görünüşündən deyəcəyəm. |
| 13. | Üstündəki paltarı kim çıxara bilər? Qoşa cilovla kim ona yaxınlaşa bilər? |
| 14. | Ağzının qapılarını kim aça bilər? Çünki damağındakı dişlər dəhşətlidir. |
| 15. | Kürəyi nizamla düzülmüş qalxanlara oxşayır, Onlar bir-birinə möhkəm bağlanıb, |
| 16. | Bir-birlərinə elə bağlanıb ki, Arasından hava keçməz. |
| 17. | Bir-birlərinə elə yapışıb ki, Birdir, ayrılmaz. |
| 18. | Asqıranda od sıçrayır, Gözləri səhər işığı tək par-par yanır. |
| 19. | Ağzından alovlu məşəllər çıxır, Qığılcımlar saçılır. |
| 20. | Burnunun deşiklərindən tüstü çıxır, Elə bil qazan qaynayır, qamış yanır. |
| 21. | Nəfəsindən kömürlər közərir, Ağzından alov çıxır. |
| 22. | Boynunda qüvvət yaşayır, Qabağında dəhşət oynayır. |
| 23. | Ətinin qatları bir-birinə bitişib, Oradan tərpənə bilməz, üstünə bərk yapışıb. |
| 24. | Ürəyi daş kimi möhkəmdir, Dəyirmanın alt daşı kimi bərkdir. |
| 25. | Qalxanda güclülər lərzəyə gəlir, Qorxub ürəkləri gedir. |
| 26. | Üstünə qılınc çəkməyin faydasızdır, Nizə, tir, mizraqdan kar aşmır. |
| 27. | Dəmiri saman çöpü, Tuncu çürük odun sayır. |
| 28. | O, oxlardan qaçmır, Sapanddan daş atsan, elə bilər ki, çöpdür. |
| 29. | Dəyənəkləri küləş qırıntısı sanır, Mizraqın vıyıltısına gülür. |
| 30. | Qarnının altı sərt saxsıya oxşayır, Palçıq üstə vəl kimi iz qoyur. |
| 31. | Dərin suları bir qazan kimi qaynadır, Dənizi ətir küpünə döndərir, |
| 32. | Arxasınca parlaq bir iz buraxır, İnsan bu dərinliyi ağaran saça oxşadır. |
| 33. | Yer üzündə misli-bərabəri yoxdur, Qorxu bilməyən məxluqdur. |
| 34. | Hər lovğalanana xor baxır, Bütün məğrur heyvanların hakimidir». |
| ← Job (41/42) → |