| ← Job (40/42) → |
| 1. | Rəbb Əyyuba belə dedi: |
| 2. | «Kim ki tənbehə layiq görülür, O, Külli-İxtiyarla mübahisə edə bilərmi? Qoy buna Allahı ittiham edən cavab versin». |
| 3. | Onda Əyyub Rəbbə belə cavab verdi: |
| 4. | «Mənim gərəksizliyimə bax, Sənə necə cavab verim, Ağzımı əlimlə tutmuşam. |
| 5. | Bir dəfə danışdım, daha cavabım yoxdur, Artıq ikinci dəfə nə danışım». |
| 6. | Rəbb qasırğanın içindən Əyyuba cavab verdi: |
| 7. | «İndi kişi kimi belinə qurşaq bağla, Sual verəcəyəm, Mənə cavab ver. |
| 8. | Sənmi ədalətimi boşa çıxaracaqsan? Özünə haqq qazandırmaq üçün sənmi Məni günahlandıracaqsan? |
| 9. | Allahın qolu kimi qolun varmı? Səsin Onunku kimi gurlayarmı? |
| 10. | Əgər belədirsə, şərəfə, şana bürün, Ehtişamı, əzəməti geyin. |
| 11. | Qoy qəzəbinin alovu saçsın, Hər qürurluya baxıb onları alçalt. |
| 12. | Qürurluların hamısına baxıb aşağı endir, Pisləri yerindəcə təpiyinin altına sal. |
| 13. | Hamısını birlikdə torpaq altında basdır, Məzarda üzləri kəfənə bürünsün. |
| 14. | O zaman Mən də bunu qəbul edərəm, Belə ki sağ qolun səni qurtarır. |
| 15. | Behemota bax, öküz kimi ot yeyir, Səni yaratdığım kimi onu da Mən yaratmışam, |
| 16. | Gör belində nə qədər güc var, Qarın əzələləri necə möhkəmdir. |
| 17. | Sallanan quyruğu sidr ağacına bənzəyir, Budlarındakı vətərlər bir-birinə hörülüb. |
| 18. | Sümükləri sanki tunc borudur, Qabırğaları elə bil dəmir çubuqdur. |
| 19. | Allahın işləri arasında şah əsərdir, Yalnız Yaradan ona qılıncla yaxınlaşa bilir. |
| 20. | Təpələr məhsullarını ona verir, Bütün çöl heyvanları yanında oynaşır. |
| 21. | Nilufərlərin altında, Qamışla örtülü bataqlıqlarda yatır. |
| 22. | Nilufərlər üstünə kölgə salır, Dərənin söyüdləri onu əhatəyə alır. |
| 23. | Coşğun çaylardan qorxmur, Sellər boğazına çatsa da, arxayındır. |
| 24. | Gözləri açıq ikən kim onu tuta bilər? Kim qıra ilə onun burnunu deşər? |
| ← Job (40/42) → |