← Job (4/42) → |
1. | Temanlı Elifaz belə cavab verdi: |
2. | «Kimsə sənə bir söz desə, inciyərsənmi? Danışmasın deyə kim özünü saxlaya bilər? |
3. | Bəli, çoxlarına dərs verdin, Onları əlləri taqətdən düşərkən gücləndirdin. |
4. | Yıxılanları sözlərinlə qaldırdın, Dizləri əsənlərə güc verdin. |
5. | İndi bu iş başına gələrkən Özün taqətdən düşdün, Bəla sənə dəyəndə özünü itirdin. |
6. | Sən Allah xofuna etibar etmirdinmi? Kamil həyatına ümid edən sən deyildinmi? |
7. | Kimdir günahsız məhv olan? İndi yada sal. Əməlisalehlərin həlak olduğunu harada görmüsən? |
8. | Mənim gördüyümə görə şər sahəsini belləyən, Əzab toxumu səpən insanlar əkdiyini biçər. |
9. | Onlar Allahın nəfəsi ilə yox olar, Qəzəbinin küləyi onları udar. |
10. | Aslanların nəfəsi, qızmış şirlərin səsi kəsildi, Gənc aslanların dişləri qırıldı. |
11. | Şikarı olmadığı üçün güclü aslan həlak olar, Dişi aslanların balaları pərən-pərən qalar. |
12. | Mənə gizli bir söz çatdı, Qulağım bir pıçıltı eşitdi, |
13. | Gecə röyalardan doğan düşüncələr içində olanda, İnsanların dərin yuxuya getdiyi zamanda |
14. | Üstümə bir qorxu, bir titrətmə gəldi, Bütün sümüklərimi lərzəyə saldı. |
15. | Qarşımdan bir ruh keçdi, Bütün tüklərimi ürpətdi. |
16. | Ruh dayandı, bunun nə olduğunu bilmədim. Gözlərimin önündə bir surət dururdu, Sükunətin içindən bir səs eşitdim: |
17. | “İnsan Allah qarşısında saleh olarmı? Yaradanın qarşısında təmiz adam varmı? |
18. | Allah bəndələrinə güvənmir, Mələklərində belə, səhv görür. |
19. | Palçıq evlərdə yaşayanlara, Mayası torpaqdan olanlara, Güvədən də tez əzilənlərə O güvənərmi? |
20. | Ömürləri səhərdən axşama çatmır, Fərqi yoxdur, hamı əbədi yox olur. |
21. | Yaşadıqları çadırın ipləri çəkiləndə Heç nə anlamazlar, ölüb gedərlər”. |
← Job (4/42) → |