| ← Job (39/42) → |
| 1. | Dağ keçilərinin nə vaxt doğduğunu bilirsənmi? Maralların balalamasının vaxtını sən gözləyirsənmi? |
| 2. | Onlar boğaz olanda ayını-gününü sən sayırsanmı? Nə vaxt doğacaqlarını bilirsənmi? |
| 3. | Diz çöküb balalarını doğar, Ağrılardan qurtarar. |
| 4. | Balaları çöldə böyüyüb güc alar, Gedər, geri qayıtmaz. |
| 5. | Kim vəhşi eşşəyi azad buraxdı? Kim onun iplərini açdı? |
| 6. | Ona çölləri məskən verdim, Şoran düzləri ona yurd etdim. |
| 7. | O, şəhərdəki izdihama gülər, Sahibinin hay-küyünü eşitməz. |
| 8. | Təpələri dolaşıb otlar, Yaşıllığı axtarar. |
| 9. | Çöl öküzü sənə xidmət etmək istəyərmi? Gecəni sənin axurunda keçirərmi? |
| 10. | Kotan sürsün deyə onu boyunduruğa sala bilərsənmi? Ardınca dərələrdə şırım aça bilərmi? |
| 11. | Onun hədsiz gücünə bel bağlaya bilərsənmi? Ona ağır iş gördürə bilərsənmi? |
| 12. | Çöl öküzünə etibar edə bilərsən ki, Əkininin məhsulunu daşısın, Onu xırmanına yığsın? |
| 13. | Dəvəquşu qanadını sevinclə çırpar, Amma onun qanadı nə leyləyin qanadları ilə, Nə də ki pərləri ilə müqayisə olunur. |
| 14. | Yerdə yumurtalayır, Onları toz-torpaq üstündə qızdırır. |
| 15. | Yadından çıxarır ki, yumurtalar ayaq altında sınır, Çöl heyvanlarının ayağı altında qalır. |
| 16. | Balaları ilə elə sərt rəftar edir ki, Elə bil özününkü deyil, Çəkdiyi zəhmətin boşa getməsindən narahat olmaz. |
| 17. | Çünki Allah ona müdriklik verməyib, Ona dərrakə bəxş etməyib. |
| 18. | Qaçmaq üçün yenə qanad açanda Ata və atlıya gülər. |
| 19. | Ata güc verən sənsənmi? Boynuna yalı qoyan sənsənmi? |
| 20. | Onu çəyirtkə kimi tullandıran sənsənmi? Onun təmtəraqlı kişnəməsi xof salır. |
| 21. | Dərələrə ayağını bərk vurur, Öz qüvvəsi ilə sevinib-coşur, Silahlıların qabağına çıxır. |
| 22. | Qorxuya gülər, heç bir şeydən çəkinməz, Qılınc qarşısında ayağını geri çəkməz. |
| 23. | Onun üstündə oxdan cingildəyir, Parlaq nizə və mizraq şimşək tək keçir. |
| 24. | Coşanda qəzəblənib yeri-yurdu qapır, Şeypur çalınan kimi yerindən dik atılır. |
| 25. | Şeypur çalınanda “hiaaa!” deyib kişnəyir, Döyüş qoxusunu, sərkərdələrin gurlayan səsini, Döyüşün nərəsini uzaqdan hiss edir. |
| 26. | Məgər qırğı sənin dərrakənləmi uçur, Cənuba tərəf qanad açır? |
| 27. | Məgər qartal sənin əmrinləmi göyə qalxır, Uca yerlərdə özünə yuva qurur? |
| 28. | Sıldırım qayalarda yaşayır, Şiş uclu qayalarda məskən salır. |
| 29. | Oradan şikarını axtarır, Gözləri onları uzaqdan görür. |
| 30. | Onun balaları qanla qidalanır, Harada leş olsa, o da oradadır». |
| ← Job (39/42) → |