← Job (38/42) → |
1. | O zaman Rəbb qasırğanın içindən Əyyuba belə cavab verdi: |
2. | «Məsləhəti savadsız sözlərlə qaranlığa salan bu kimdir? |
3. | İndi kişi kimi belinə qurşaq bağla, Sual verəcəyəm, Mənə cavab ver. |
4. | Mən yerin təməlini qoyarkən haradaydın? Anlayışın varsa, söylə. |
5. | İndi ki bilirsən, De görüm, yerin ölçüsünü kim qoydu, Yaxud yer üstündə ölçü xəttini kim çəkdi? |
6. | Nəyin üstündə onun təməlləri quruldu? Kim onun guşədaşını qoydu? |
7. | Onda dan ulduzları birgə nəğmə oxuyurdu, Bütün ilahi varlıqlar sevincdən haray salırdı. |
8. | Dəniz bətndən çıxıb fışqırarkən Onu qapılar arasında kim bağladı? |
9. | Ona buludları libas, Qatı qaranlıqları qundaq etdim. |
10. | Onun sərhədini çəkdim, Qapı və cəftələrini qoydum. |
11. | O vaxt dedim: “Buraya qədər gəlib o tərəfə çıxmayacaqsan, Qürurlu dalğaların burada dursun”. |
12. | Sən ömründə səhərə buyruq verdinmi? Şəfəqə yerini göstərdinmi? |
13. | Belə ki yer üzünün ucqarlarını tutsun, Üstündən pisləri çırpıb atsın. |
14. | Torpağın quruluşu dəyişir, Möhür vurulanda palçıqda əksi qalan kimi, Libasdakı qırışlar kimi gözə görünür. |
15. | Pislərin nuru batırılar, Qaldırdıqları qolları qırılar. |
16. | Dənizin mənbələrinə getmisənmi? Dərinliyin dibində gəzmisənmi? |
17. | Ölüm dərgahı sənə göstərilibmi? Ölüm kölgəsinin qapılarını görmüsənmi? |
18. | Dünyanın həcmini dərk edə bilirsənmi? De görüm, bunların hamısını bilirsənmi? |
19. | İşıq məskəninə gedən yol haradadır? Qaranlığın yeri haradadır? |
20. | Onları yerlərinə apara bilərsənmi? Evlərinin yolunu bilirsənmi? |
21. | Əlbəttə, heç nə anlamırsan, Çünki onlarla eyni vaxtda doğulmusan! Yaşın bu qədərdir. |
22. | Qar anbarlarına girmisənmi? Dolu anbarlarını görmüsənmi? |
23. | Mən onları dar gün üçün, Döyüş və müharibə günləri üçün saxlayıram. |
24. | Hansı yolla işıq yayılar, Yer üzündə şərq küləyi qopar? |
25. | Kim sellər üçün arx, İldırım üçün yol açdı ki, |
26. | Kimsəsiz yerləri, İnsan yaşamayan çölləri sulasın, |
27. | Səhralar – biyabanlar doyunca su içsin, Yaşıl ot bitsin? |
28. | Yağışın atası varmı? Şeh damlalarını kim yaratdı? |
29. | Buz kimin bətnindən çıxdı? Göylərdən düşən şaxtanı kim doğdu? |
30. | Sular nə zaman daş kimi bərkiyir, Dərinliklərin səthi donur? |
31. | Ülkər ulduzlarını bağlaya bilərsənmi? Orionun bağlarını aça bilərsənmi? |
32. | Hər bürcü öz vaxtında çıxara bilərsənmi? Böyük, Kiçik Ayı bürcünə yol göstərə bilərsənmi? |
33. | Göylərin qanunlarını bilirsənmi? Allahın hakimiyyətini yer üzərində qura bilərsənmi? |
34. | Başına bol yağış yağsın deyə Buludları səsləyə bilərsənmi? |
35. | Şimşəkləri göndərə bilərsənmi getsinlər, Sənə də “bax buradayıq” desinlər? |
36. | Kim ürəyə hikmət qoydu, Dərk etmək üçün şüur verdi? |
37. | Kim buludları ağılla saya bilər? Göyün tuluqlarını kim boşalda bilər? |
38. | Onda toz yatıb yer bərkiyər, Kəsəklər bir-birinə yapışar. |
39. | Dişi aslanlar üçün ov ovlaya bilərsənmi, Gənc aslanların qarnını doyura bilərsənmi |
40. | Yuvalarına girəndə, Kolluqda pusqu quranda? |
41. | Kim qarğaya yem verə bilər Balaları Allaha fəryad edəndə, Acından vurnuxanda? |
← Job (38/42) → |