← Job (37/42) → |
1. | Bundan qəlbim çırpınıb yerindən oynayır, |
2. | Dinləyin! Gurlayan səsini dinləyin, Ağzından çıxan harayını eşidin! |
3. | Göy altında, hər yanda səs salır, Yer üzünün dörd bucağında şimşəyini çaxdırır. |
4. | Ardınca nərə vurur, Əzəmətli səsi ilə gurlayır, Həniri eşidilir, dayanmadan şimşək çaxır. |
5. | Allahın səsi heyrətamiz şəkildə gurlayır, O bizə məlum olmayan böyük işlər görür. |
6. | Çünki “yerə yağ” deyə qara əmr edir, Leysana “şiddətlə tökül” deyir. |
7. | Yaratdığı bütün insanlar Onun işlərini bilsinlər deyə Hər kəsin əlini işdən saxlayır. |
8. | Heyvanlar yuvalarına çəkilir, Öz yerlərində qalır. |
9. | Tufan otağından çıxır, Soyuq şimal yellərindən gəlir. |
10. | Allahın nəfəsi suları dondurur, Ümman sular buz bağlayır. |
11. | Buludlara nəm çəkdirərək yükləyir, Buludlar içindən şimşək səpələyir. |
12. | Buludlar yer üzündə əmrini yerinə yetirmək üçün Onun istəyi istiqamətində dönüb fırlanır. |
13. | Bəzən insanları cəzalandırmaq üçün, Bəzən torpağı suvarmaq üçün, Bəzən də sevgisini göstərmək üçün yağış göndərir. |
14. | Əyyub, bunu dinlə, Bir dayan, Allahın heyrətamiz işlərindən düşün. |
15. | Allahın buludlar üçün necə nizam qurduğunu bilirsənmi? Buludlarındakı şimşəkdən necə od çıxır? |
16. | Buludların tarazlığını, Kamil biliyə malik olanın heyrətamiz işlərini bilirsənmi? |
17. | Səmum küləyi dünyanın nəfəsini kəsərkən Paltarın içərisində istidən huşunu itirirsən. |
18. | Tökmə bürünc ayna kimi möhkəm olan göy qübbəsini Allahla birlikdə sərə bilirsənmi? |
19. | Ona nə deyəcəyimizi bizə öyrət, Çünki cəhalətimiz üzündən sözlərimiz nizamsızdır. |
20. | Onunla danışmaq istərəm, bu Ona xəbər verilərmi? Kimsə udulmasını istərmi? |
21. | Külək qurtaranda, göyü təmizləyəndə Göydə parlayan işığa kimsə baxmaz. |
22. | Şimaldan qızılı parıltı görünür, Allah qüdrətli əzəmətində gəlir. |
23. | Biz Külli-İxtiyarı tapa bilmərik, Qüvvəti möhtəşəmdir. Salehliyi misilsizdir, ədalətlidir, Heç haqsızlıq etmir. |
24. | Buna görə insanlar Ondan qorxar, O özünü hikmətli sayanlara baxmaz». |
← Job (37/42) → |