| ← Job (36/42) → |
| 1. | Elihu sözünü belə davam etdirdi: |
| 2. | «Bir az səbir elə, sənə izah edəcəyəm, Çünki Allah barədə deyiləcək çox sözüm var. |
| 3. | Geniş məlumat toplayacağam, Yaradanıma haqq verəcəyəm. |
| 4. | Dediyimin heç biri, şübhəsiz, yalan deyil, Qarşında dayanan kamil bilicidir. |
| 5. | Allah güclüdür, kimsəyə xor baxmaz, Güclüdür, dərin şüura malikdir. |
| 6. | Pis adamları yaşatmaz, Fəqirlərin haqqını verər. |
| 7. | Salehdən gözünü çəkməz, Onu padşahlarla birgə taxtda oturdar, Əbədilik ucaldar. |
| 8. | Amma əgər insanlar zəncirlənib Təzyiq altında saxlanarsa, |
| 9. | Onlara əməllərini, günahlarını göstərər, Təkəbbürlü rəftar etdiklərini bildirər. |
| 10. | Öyüdlərini eşitdirər, Pislikdən dönmələrini əmr edər. |
| 11. | Əgər Ona qulaq asıb qulluq edərlərsə, Qalan günlərini bolluq içində yaşarlar, Qalan illərini əmin-amanlıqda yaşarlar. |
| 12. | Qulaq asmazlarsa, qılıncdan keçirilərlər, Cəhalət içində canları çıxar. |
| 13. | Allahsızlar ürəklərində kin saxlayırlar, Allah onları qandallayanda belə, Onu çağırmırlar. |
| 14. | Vaxtsız ölüb gedərlər, Şərəfsiz ömür sürərlər. |
| 15. | Amma Allah əzabkeşləri əzablarından xilas edər, Dara düşəndə onlara səsini eşitdirər. |
| 16. | Bəli, O səni çətinlikdən Darısqal olmayan geniş yerə, Yağlı yeməklərlə bəzənmiş süfrəyə çıxarar. |
| 17. | Amma şərin hökmü vücuduna dolar, Haqq-ədalət isə yaxandan tutar. |
| 18. | Ehtiyatlı ol, qoy pul səni başdan çıxarmasın, Rüşvətin böyüklüyünü görüb azmayasan. |
| 19. | Səni dardan qurtarmağa, Varının, yoxsa qüdrətinin gücü çatarmı? |
| 20. | Xalqların öz yerlərindən Yox edildiyi gecənin həsrətini çəkmə. |
| 21. | Ehtiyatlı ol ki, şərə tərəf dönməyəsən, Çünki zəlil olmaqdan çox bunu seçmisən. |
| 22. | Budur, Allah əzəməti ilə ucalır, Onun kimi müəllim haradadır? |
| 23. | Kim Ona nə etməsinin lazım olduğunu söyləyə bilər? Kim Ona “haqsızsan” deyə bilər? |
| 24. | Onun işlərini yada sal, İnsanların ilahilərlə tərənnüm etdiyi işləri mədh etməlisən. |
| 25. | Bütün insanlar bunu görür, Hamı bu işləri uzaqdan seyr edir. |
| 26. | Bəli, Allah çox böyükdür, Onu tanıya bilmirik, İllərinin sayını araşdıran yoxdur. |
| 27. | Su damcılarını yuxarı qaldırır, Buxarlandırır, yağış yağdırır. |
| 28. | Bu yağışlar buludlardan tökülür, İnsanların üstünə bol yağışlar səpilir. |
| 29. | Buludların necə yayılmasını, Göylərin çadırında guruldamasını Kim dərk edə bilər? |
| 30. | Baxın, ətrafında şimşəkləri çaxdırır, Dənizin dərinliklərini doldurur. |
| 31. | Allah xalqlara rəhbərlik edir, Onları bol ərzaqla təmin edir. |
| 32. | Şimşəyi əlləri ilə tutur, Hədəfə vurmasını buyurur. |
| 33. | Gurultusu qasırğadan xəbər verir, Qasırğanın qopacağını öküzlərə belə, bildirir. |
| ← Job (36/42) → |