← Job (34/42) → |
1. | Elihu söhbətini belə davam etdirdi: |
2. | «Ey hikmətlilər, sözlərimi dinləyin, Ey çoxbilənlər, məni eşidin. |
3. | Çünki damaq yeməyin dadını bildiyi kimi Qulaq da sözləri müəyyən edir. |
4. | Gəlin doğrunu seçək, Birlikdə yaxşını öyrənək. |
5. | Çünki Əyyub deyir: “Mən günahsızam, Allah isə əlimdən haqqımı aldı. |
6. | Haqlı olduğum halda yalançı sayılıram, Bir təqsirim yox ikən oxundan sağalmaz yara aldım”. |
7. | Əyyub kimi şəxsiyyət varmı? O, kinayəni su kimi içir. |
8. | Pislik edənlərlə yoldaşlıq edib gəzir, Pis adamlarla yol gedir. |
9. | Çünki “çalışıb Allahı razı salmaq İnsana xeyir gətirməz” deyir. |
10. | Buna görə, ey dərrakəli insanlar, məni dinləyin! Məgər Allah pislik edərmi? Məgər Külli-İxtiyar haqsızlıq edərmi? |
11. | Çünki O hər kəsə əməlinin əvəzini verir, Qazandığını başına gətirir. |
12. | Məgər Allah pislik edir? Məgər Külli-İxtiyar haqsızlıq edir? |
13. | Ona bütün dünyanı kim təslim etdi? Kim Onu yer üzərində təyin etdi? |
14. | Əgər qəsdinə durub Ruhunu, nəfəsini geri çəkərsə, |
15. | Bir anda bütün bəşər yox olar, İnsan torpağa qayıdar. |
16. | Əgər düşüncən varsa, bunları dinlə, Sözlərimi eşit. |
17. | Ədalətə nifrət edən səltənət sürə bilərmi? Adil və qüdrəti Olanımı məhkum edəcəksən? |
18. | Padşahlara “yaramazsınız”, Əsilzadələrə “şərsiniz” deyən, |
19. | Başçılar arasında tərəfkeşlik etməyən, Varlını yoxsuldan üstün saymayan O deyilmi? Çünki hamını Onun əlləri yaratdı, |
20. | Hamı bir an içində, bir gecə yarısı ölüb gedir, Xalq lərzəyə gəlib ölür. Güclülər belə, əl dəyməmiş aradan götürülür. |
21. | Allah gözlərini insanların yolundan çəkmir, Atdıqları hər addımı görür. |
22. | Şər iş görənlərin gizlənəcəyi Nə qaranlıq, nə də zülmət yeri var. |
23. | Hökm üçün hüzuruna gəlsinlər deyə Allah insana nəzarət etmək üçün ehtiyac duymur. |
24. | İstintaq etmədən güclü insanları qırır, Onların yerinə başqalarını qoyur. |
25. | Çünki onların işlərini bilir, Bir gecə onları alt-üst edir, onlar əzilir. |
26. | Hamının gözü önündə Pislikləri üzündən onlara cəza verir. |
27. | Çünki Onun ardınca getmədilər, Yollarının heç birinə fikir vermədilər. |
28. | Ona görə yoxsulların fəryadı Onun hüzuruna yetdi, O, fəqirlərin fəryadını eşitdi. |
29. | Amma Allah səssiz dursa, kim Onu ittiham edə bilər? Üzünü gizlədərsə, kim Onu görə bilər? Hər millət, hər insan üçün O eynidir ki, |
30. | Allahsız insan hökmranlıq etməsin, Xalqa tələ qurmasın. |
31. | Allaha deyən olubmu: “Günahkaram, bir də pis iş görməyəcəyəm? |
32. | Görmədiyimi mənə göstər, Haqsızlıq etmişəmsə, bir də etmərəm”. |
33. | Onu atdığın halda sənə Kefin istəyən əvəz verməlidirmi? Qərar verən sənsən, mən deyiləm, İndi bildiyini mənə söylə. |
34. | Dərrakəli insanlar, Məni dinləyən müdrik adamlar deyəcək: |
35. | “Əyyub avam-avam danışır, Sözlərinin mənası yoxdur”. |
36. | Bir şər adam kimi cavab verdiyi üçün Qoy Əyyub axıradək sınaqda olsun! |
37. | Çünki günahına üsyankarlıq da artırır, Qarşımızda elə bil rişxənd edərək əl çalır, Allaha qarşı danışdıqca danışır». |
← Job (34/42) → |