← Job (33/42) → |
1. | Əyyub, indisə mənim sözümü dinlə, Hər kəlməmə qulaq as. |
2. | Bax ağzımı açıram, Dilim bu sözləri deyir. |
3. | Sözlərim səmimi ürəkdən gəlir, Dodaqlarım biliyi doğru söyləyir. |
4. | Məni Allahın Ruhu yaratdı, Külli-İxtiyarın nəfəsi mənə həyat verdi. |
5. | Əgər əlindən gəlirsə, mənə cavab ver, Sıraya düz sözlərini, qarşımda dayan. |
6. | Mən də Allahın nəzərində sənin kimiyəm, Mən də palçıqdan düzəldilmişəm. |
7. | Dəhşətimdən vahiməyə düşmə, Bu hücumum sənə ağır gəlməsin. |
8. | Həqiqətən, səsin hələ qulaqlarımdadır, Belə demişdin: |
9. | “Pakam, günahsızam, Təmizəm, təqsirsizəm. |
10. | Yenə də Allah mənə qarşı bəhanə axtarır, Məni Özünə düşmən sayır. |
11. | Ayaqlarımı buxovlayır, Bütün yollarıma göz qoyur”. |
12. | Amma qoy bunu sənə söyləyim ki, Sən bu barədə haqsızsan, Çünki Allah insandan böyükdür. |
13. | İnsanın heç bir sözünə cavab vermir deyə Niyə Onunla çəkişirsən? |
14. | Çünki insan anlamasa da, Allah bu və ya digər yolla danışır. |
15. | Yuxuda, gecə röyalarında, İnsanlar dərin yuxuya qərq olanda, Yataqda yatanda |
16. | İnsanın qulağını açır, Xəbərdarlıq edərək onu qorxudur ki, |
17. | İnsan şər iş görməkdən dönsün, Təkəbbürdən uzaq olsun. |
18. | İnsanın canını quyudan, Həyatını qılıncla həlak olmaqdan qurtarır, |
19. | İnsanı yatağında ağrılarla, Sümüklərini kəsilməyən sızıltılarla yola gətirir. |
20. | Belə ki könlündən yemək keçmir, Ən ləziz yeməkdən iyrənir. |
21. | Əti tökülür, görünməz hala düşür. Görünməyən sümükləri üzə çıxır. |
22. | Canı quyuya, Həyatı ölüm mələklərinə yaxınlaşır. |
23. | İnsana əməlisalehliyini bəyan etmək üçün Min mələyin içindən bir mələk, bir vasitəçi olsa, |
24. | O zaman Allah ona rəhm edib deyər: “Onu quyuya düşməkdən qurtar, Onun üçün kəffarə tapmışam”. |
25. | Onda bədəni uşaq bədəni kimi təzə olar, Yeniyetməlik dövrünə qayıdar. |
26. | Dua edəndə Allah ondan razı qalar, Sevinərək Allahın üzünü görər, Allah onun vəziyyətini düzəldər. |
27. | Sonra insanların önündə nəğmə söyləyər: “Günah işlədib doğru yoldan azmışdım, Allah mənə layiq olduğum cəzanı vermədi. |
28. | Canımı quyuya düşməkdən qurtardı, Həyatım nur görəcək”. |
29. | Bax Allah bütün bunları insanlara Ya iki dəfə ya da üç dəfə edər ki, |
30. | Onların canını quyudan xilas etsin, Onlar həyatın nurunu görsün. |
31. | Yaxşı dinlə, Əyyub, bir qulaq as, Sakit ol, qoy danışım. |
32. | Əgər deməyə sözün varsa, mənə cavab ver, Danış, çünki səni haqlı çıxarmaq istəyirəm. |
33. | Sözün yoxsa, mənə qulaq as, Sakit ol, qoy sənə hikmət öyrədim». |
← Job (33/42) → |